“ – Deyə bilməzsiniz, yuxarıda nə baş verir? Son vaxtlar mənim gözüm yaman zəifləyib.
Bu gün nə görməsi haqda qərarı bizdə hər kəs özü verir”.
(“Əjdahanı öldürmək” filmindən)
Deyir Azərbaycan dünya dövlətlərinə müraciət eləyib, hazırkı pandemiya böhranına görə BMT-də hamının yığışmağını, iclas olmasını istəyibdir. Yüz neçə dənə dövlət buna müsbət cavab veribdir, demək olar dünyada nə qədər özünə hörmət qoyan xalqlar varsa bizim təşəbbüsü alqışlamışdır, bircə yaramaz Ermənistandan başqa. Əlbəttə, paxıllıqdan əleyhimizə səs verməyə imkan gəzirlər. Eybi yoxdur, biz dünyanı bir yerə toplayandan sonra, böhrandan çıxış yolu tapanda erməniləri də xilas eləyərik. Yamanlığa yaxşılıq ər kişinin işidir. Düşmən çox yaşasın, uğurlarımızı görsün, ürəyi partlasın, yenə ölməyə qoymayaq.
Şübhəsiz ki, çıxış yolu tapılacaqdır, çünki indiyəcən Azərbaycanın dünyada qaldırdığı bütün siyasi-ictimai təşəbbüslərin uğurlu nəticəsi olmuşdur. Mənim yadıma gəlir, bir ara biz BMT-yə sədrlik eləmişdik, həmin 6 ay ərzində bütün münaqişələr dayanmışdı. Ərəblər yəhudilərlə qol-boyun selfi çəkdirirdilər, ruslar Donbasdan çəkilmişdilər, farslar Yəməndən, amerikalılar da bilmirəm hansı çəməndən. Hamı Azərbaycanın sözünə qulaq asaraq farağat durmuşdu, qurd quzuyla otlayırdı, dovşanlar kələm əkirdilər, pişiklər siçan saxlayırdılar. Həmin 6 ayda 1 dənə də virus ortaya çıxmadı, gəl gör pandemiya olsun!
Qara qaş-gözümüzə aşiq olmamışdılar ki? Demokratik dövlət olanda, öz xalqının səsini eşidəndə və lazım gələndə seçkidə-filanda həmin səsi öpüb gözünün üstünə qoyanda başqa xalqlar, millətlər, hətta hardasa lüt-ətcəbala ağacda yaşayan qəbilə və tayfalar da sənə istər-istəməz qulaq asırlar. Fikirləşirlər, heç kişilikdən olmaz belə demokratik dövlətin təklif və təşəbbüslərini yerə salasan, Allah göydən baxır.
Dünyada sülh təşəbbüslərimiz yeganə olaraq öz torpağımızda reallaşa bilmədi, bunu da başa düşmək olar. Şam heç vaxt öz dibinə işıq salmaz. Öz ölkəndə peyğəmbər olmursan. Bizim bəşəri missiyamız ayrıdır. Allah bizi planetar əməliyyatlar üçün yaradıbdır. Bakının merini Samuxa ispalkom qoysan, neynəyə bilər ki?
Bu müqəddəs işlərdə müsəlman qardaşlarımız da bizi tək qoymamağa çalışır. Misal üçün, bugünlərdə Pakistan bütün müsəlman aləmini birliyə çağırıbdır. (Planeti niyə çağırmırlar, çünki bilirlər ora bizim sahədir, bunlar miqyası bir az kiçik götürməyə məcburdur). İlk olaraq bu çağırışa İran səs veribdir. Biz də dost və qardaş Pakistanın Qarabağ məsələsində hər zaman yanımızda olmasını əsas götürərək gərək onların islam ümmətini birləşdirmək çağırışlarına qoşulaq. Sözgəlişi, bugünlərdə Pakistandan bir maraqlı xəbər oxumuşdum, istəyirəm hörmətli oxucularımın da xəbəri olsun, guya çox vacibdir. Orda yerli mülki aviasiya idarəsi araşdırma aparıb və ortaya çıxarıb ki, 426 pilotdan 150-nin təyyarə sürmək üçün lisenziyası yoxdur, daha doğrusu, saxta “prava” ilə uçurmuşlar. Qırx faiz eləyir. Ancaq uçurmuşlar axı! Əsas bu deyildirmi? Biz şərqliyik, burada kağız-kuğuz ancaq namərdlərə lazımdır, kişi sözüylə hər işi aşırmaq olar. Misal üçün, tanışlardan kimsə hazırda küçədə səni tutub qucaqlasa və o üz-bu üz, “3D” formatda yalasa, ondan da qabaq and içsə ki, nənəmin goru haqqı virusum yoxdur – inanırsan. Adamın ən yaxşı həkimi özüdür, biz bunu çoxdan bilirik. O cümlədən, bir ara bizdə QAİ avtobus sürücülərini yoxlayanda çoxu nəinki pravasız, həm də nəşəli çıxmışdılar. Lakin hamını daşıyırdılar. İstəyirsən Sabunçuya get, istəmirsən Biləcəriyə. Uça-uça.
Demək istəyirəm, əgər Azərbaycan, Pakistan, İran kimi müsəlman dövlətləri qabağa durub planetin xilası üçün əlac tapmasa, başqa kimsə tapmayacaqdır. Bəlkə Qum şəhərindən hansısa mübarək seyid Nyu Yorka gedib BMT sədrinin üzünə tüpürməlidir. O şəfalı tüpürcəyin damcıları havada uçuşaraq siyasəti dəyişməlidir. Əks halda hamımız öləcəyik. Sözgəlişi, bunu – hamımızın öləcəyini – bilirdinizmi? Bilməyənlər də özlərini bilirmiş kimi aparır, məni aldada bilməzsiniz.
Vətəndaşlarımız da gərək passivləşməsin. Bu boyda mərəkə qopub, qırğın-qiyamətdir, lakin hələ indiyəcən koronavirus piri, COVİD ocağı, virus duası düzəldən yoxdur. Hər şeyi dövlətdən gözləmək olmaz.