Özüm şəxsən baxmamışam, amma Feysbukdakı xəbər lentimdə şəkillər və uyğun postlar gördüm. Deyirlər, Şəmkirdə bir ailə aparıcı Zaurun verilişinə çıxıb, deyirmiş ki, yaşadıqları evdə cin var və dinc durmur, ev sakinlərini hədələyir, pul tələb edir, gəlinə qahmar çıxır, qayınananı qorxudur və sair və ilaxır.
Doğrusu, yaşımın Leninin əbədi yaşayan vaxtına çatmışam, amma indiyədək heç bir nağıl və rəvayətlərdə bu həyasızlıqda cinə dair bir şey eşitməmişəm. Bu, cindirmi, reketdirmi, QHT rəhbəridirmi, gender təşkilatı fəalıdırmı, bəlli deyil.
Hər şey o tərəfə, harda görünüb ki, cin məktub yazsın.
Hələ baxmaq lazımdır ki, o məktubu kiril əlifbasıyla yazır, yoxsa latın qrafikasıyla. Hansı dildə yazdığı da maraqlıdır. Çünki bu milli cindirsə, Vaqifin şirin dilində danışmalıdır, yazı-pozusu da ən pis halda dövlət strukturlarının mətbuat xidmətlərinin press-relizindəki kimi, “mışdır”-“muşdur”la müşayiət olunmalıdır. Məsələn, bu cür: “Tərəfimizdən bu ailəyə xəbərdarlıq olunmuşdur ki, gəlini incitməsinlər, əks halda müvafiq tədbirlər görüləcəkdir”.
Amma tarixi təcrübə göstərir ki, cin və başqa bu cür yoxluqlar (varlıq sözünün antonimi) milli ola bilməzlər, onlar bizə əsasən ərəb, yunan nağıllarından gəlib. Biz indiyəcən yalnız lampadan çıxan cin görmüşük, çıxır, sahibinin əmrlərinə itaət edir, onun arzularını yerinə yetirir və s. Təkcə çay işinə baxan cin haqqında lətifəni də, yəqin ki, bilirsiniz, təzədən yazmağa ehtiyac yoxdur.
Məsələyə kriminalstika prizmasından yanaşsaq (bu da vacibdir), baxmalıyıq ki, cinin hərəkətləri əsasən kimə sərf edir. Kələfi çözməyə buradan başlamalıyıq. Əgər cin evin gəlinini açıq-aşkar müdafiə edirsə, qayınana ilə təhdidedici tonda danışırsa, o zaman cinin gənc ailəyə bağlılığı, eləcə də qayınana ilə konfliktinin motivləri araşdırılmalıdır. Cin olanda nə olar, onun da korporativ (hətta merkantil) maraqları ola bilər.
Bir də var, məsələyə ateistcəsinə yanaşmaq… Bu da belədir: qardaşlar, nə cin, nə şeytan, nə iblis, ya bu iddiada olanların başına hava gəlib, psixatr yanına aparılmalıdırlar, ya da gəlinin qohumlarının işidir, dağa-daşa düşməyin.
Xatirinizdədirsə, koronavirusdan qabaq Ucar rayonunun Çiyni kəndində cinlərin kənd camaatına rahatlıq vermədiyi iddia olunurdu. Guya bir qrup cin gəlib ayrı-ayrı evləri daşlayır, gecənin qaranlığında kimlərinsə gözünə görünüb qorxudurmuş. O zaman biz yazdıq ki, bu, cüvəllağı gənclərin işi olacaq, gecələr belə hərəkətlər edirlər, gündüzlər çayxanada oturub bütün ölkənin onların kəndindəki hadisədən danışdığı barədə deyib-gülürlər.
O haqq-hesabın axırı necə oldu? Heç nə. Hüquq-mühafizə orqanları maraqlandılar, sahə müvəkkili hərəkətə gəldi və cinlər yoxa çıxdı. Kül o cinin başına ki, “uçastkovı”nın qorxusundan ictimai fəaliyyətini dondurur…
Görünür, bunlar elə “cinlər” idi ki, yaxaya taxılacaq sancaqdan yox, qola vurulacaq qandaldan qorxurdular. Ona görə də sakitləşdilər, söz-söhbət qurtardı. Yerli hökumət də məsələni çox açıb-ağartmadı.
İndi Şəmkirdəki cinlərlə də elə davranmaq lazımdır. Bu, güman ki, Ucardan gedən cinlər deyil, Şəmkirin özündən olan cinlərdir. Onların da öhdəsində yerli “uçastkovı” gəlməlidir.
Məsələnin bir tərəfi də bu cür sırf fırıldaqçılıq, dələduzluq səciyyəsi daşıyan hadisəni elektorn mediaya çıxarıb ölkə ictimaiyyətinə təqdim etmək, bu yolla xurfat yaymaq, mövhumatı dərinləşdirməkdir. Allahdan, onsuz da bir ayağımız pirlərdə, ocaqlarda, o birisi falçıların qəbul otağındadır. Hər il yeni-yeni şeyx nəsrullahlar çıxır, güclə tutub zərərsizləşdirirlər. Bir də telekanalda bu mövzuda olay şahidlərini, zərərçəkənləri görəndə xalqın real elmlərə olan-qalan inamı da sarsılır, hamı olur cinpərəst.
Bir millət üçün nə koronavirus pandemiyası qorxuludur, nə nüvə başlıqları daşıyan ballistik raketlər. Hər millət üçün ən qorxuu şey mövhumatdır, xurafatdır, cəhalətdir.
Birdəfəlik bilin ki, dünyada, real həyatda cin-min deyilən bir şey yoxdur, psixi baxımdan sağlam adamlar heç vaxt onu görə, duya bilməzlər.
P.S. İndi biri çıxıb desə ki, Bill Qeyts cin tutub gətirənə 1 milyon dollar verir, bu yazı olacaq heç zad, camaat üstündə sancaq gəzdirəcək ki, nə olar, nə olmaz, bəlkə bəxtimiz gətirdi…