Əgər biri bizə desə ki, beş ulduzlu hotelin liftindən yüzlük dollar banderolu tapıb və soraqlayaraq onu yiyəsinə qaytarıb, adama münasibətimiz ən azı iki variantda olar:
Adam varlıdırsa, bank hesablarında milyonları varsa, deyərik, düz eləmisən, reputasiyan 10 min dollardan daha üstündür və sənin kimi adam 10 min dollara tənəzzül etməməlidir.
Adam kasıbın, yetimin biridirsə, ona acığımız tutar, deyərik, ay başıxarab, beş ulduzlu hotelin liftindən tapılan həmin 10 min dollar hansısa milyarderindir və o, heç həmin pulu itirdiyini bilmir, görürsən, Allah qismətini yetirib, apar, xərclə də, hara qaçırsan, “kasıb mərd olar” deyimini növbəti dəfə isbat etmək sənəmi qalıb…
Göründüyü kimi, situasiyanın, hadisənin detallarını incələdikdə “haram-halal” məsələsinə ikili yanaşma meydana çıxır.
Bugünlərdə jurnalist həmkarlarımızdan birinin, konkret desək, Fazil Əhmədin başına elə bir hadisə gəlib. Onun ailə üzvləri marketdən bazarlıq ediblər, hesablaşma zamanı satıcı qıza iri əsginas veriblər, pulun qalığını saymadan götürüblər. Evə gələndən sonra məlum olub ki, kassir qız onlara 36 manat artıq pul qaytarıb. Həmkarımız ərinmədən 700-800 metr yolu qət edib, həmin marketə gedib, videokameranı açdırıb, yoxlatdırıb, aydın olub ki, kassir qız həqiqətən də səhv edib. Jurnalist qardaşımız marketə dəyən maddi ziyanı aradan qaldırıb, pulu kassaya qaytarıb, savab və çoxlu alqış qazanaraq evinə gəlib.
Bu situasiyaya münasibət isə birmənalıdır, heç kəs ona “cibinə qoyub, xərcləyərdin də, niyə qaytarırdın, halal olmaq sənə qalıbmı” deməz.
Çünki hamı bilir ki, adı çəkilməyən market 36 manata görə müflis olmasa da, kassir qız ziyana düşərdi və bəlkə də səhlənkarlığa görə onu işdən uzaqlaşdırardılar.
Demək, bir adamın dürüstlüyü kiminsə işdə əlavə problemlər yaşamamasının qarşısını aldı.
Bu durumla milyarder oliqarxlardan birinin itirdiyi pulu qaytarmağın arasında fərq böyükdür. Oliqarx üçün 10 min dollar pul bir şey deyil, o banderollardan onda çamadan-çamadan, keys-keys var, amma kassir qız üçün 36 manat böyük puldur.
İndi elə çıxmasın ki, müəllif varlıların itirdikləri pulu qaytarmamağı, amma kasıbların itiklərini özlərinə verməyi təklif edir. Haşa! Elə deyil. Sadəcə, söhbət ondan gedir ki, cəmiyyətimizdə “oğrudan oğruya halaldır” kəlamının hikmətinə inanan yüzminlərlə insanla yanaşı, “mənim olmayan pulu neynirəm” deyə düşünən insanlar da var.
Belələri çoxdurmu? Xeyr. Mində bir insan belədir. Xüsusilə də mənəvi dəyərlərin sürətlə aşındığı, acgözlük və tamahkarlığın şiddətləndiyi, cələkəsənliyin kükrədiyi, kəmfürsətcilliyin kütləviləşdiyi son vaxtlarda hər adam tapdığı pulu sahibinə qaytarmaz.
Bəlkə də söhbət 36 və ya 64 manatdan getdiyi vaxt çox adam (yəni yüz adamdan iyirmi-otuzu) belə edər – qaytarar. Amma tapılan və ya ələ keçən məbləğ artdıqca o cür hərəkət edən adamların sayı azala-azala gedər. Bu yerdə məbləğin miqdarı ilə atılan nəcib addımın tezliyi tərs mütənasibdir. Hətta məbləğ 10 min dollara çatsa, çox az adam (bir, ya iki) elə nəciblik nümayiş etdirər.
Bu psixoloji hal yüksək vəzifəyə, mənfəətli posta təyin edilmək məsələsində də keçərlidir. Elə vəzifələrə təyinat alanların tam əksəriyyəti bir müddətdən sonra özlərini beş ulduzlu otelin liftində yüzlük banderollar tapmış kasıb kimi hiss edəcək və düşünəcəklər ki, indi bu pulu niyə götürməsinlər, götürməsələr, onların bu nəcib addımından kim xəbər tutacaq, götürsələr, kim biləcək.
Ən pisi odur ki, adamı böyük və pullu vəzifəyə təyin edələr, o da həm hər gün beş ulduzlu otelin liftindən yüzlük banderollar tapa, həm də gedə marketlərdə-filanda 36 manatların dalına keçə. Məsələn, tutulan İH başçıları (o cümlədən tutulmayanların çoxu) yetim-yesirə ayrılmış sosial yardımları məngirləmişdilər.
Birinci vaqiəyə dözümlü yanaşan xalqımız yetim-yesirin, kasıbın, məzlumun qəpiyinə əl uzadanları lənətləyir, onları bağışlamır.
Baxıram, neçə vaxtdır, xalq yeni videolar, ifşalar gözləyir, adamtutanların İH başçılarından enib MİS rəisləri ilə məşğul olmalarını yaxşı qarşılamır. Bu, təxminən 3-4 kiloluq sazan, kütüm tutan balıqçının gedib kilkəyə tamah salması kimi bir şeydir. Adınız, sanınız var, su hövzələri iri balıqlarla doludur.
Marketin 36 manatını qaytaran halal həmkarıma gəlincə, bu müqəddəs koronavirus günlərindən istəmişəm, onun qadası düşsün acgöz haramxorların bəbəyinə…