Folklorumuzda məşhur bir ifadə var: “Yalançının evi yandı, heç kəs inanmadı”.
Son aylarda bu ifadə tez-tez işlədilir. Koronavirus pandemiyası və onun ətrafında gedən söz-söhbətlərə, qeyri-müəyyənliklərə, inamsızlıqlara daha çox bu ifadə elə izah verirlər.
Qlobal pandemiyaya etinasız yanaşan cəmiyyətə cavab olaraq bir çoxlarının zərbəçi arqumenti belədir ki, mətbuat və dövlət yetkililəri xalqa o qədər yalan danışıblar ki, indi sözlərinə etibar yoxdur.
İlk baxışdan çox tutarlı arqumentdir, qulağa da xoş gəlir, ağıla da tez batır.
Ancaq incələyəndə görürsən ki, camaatın yalançının evinin yanmasına inanmamasına görə məsuliyyətin yarısı illərlə yalan danışmış adamdadırsa, real yanğın hadisəsini ciddiyə almamaq da cəmiyyətin suçudur.
Nə olsun ki, adam yalançıdır, neçə dəfə yalandan “evim yanır” harayı salıb və camaatı aldadıb, bu dəfə görürsünüz ki, evi doğrudan da yanır və alovu, tüstüsü ərşə qalxıb, indi niyə inanmırsınız?
Demək, bu hadisədə bir qisas məsələsi var, sən illərlə bizi aldatmısan, biz də indi bilə-bilə inanmırıq, qoy evin yanıb külə dönsün. Yalançının evinin yanmasına inanmayanların hərəkətinin əsl adı budur.
Ona görə də hazırda hökumət adamlarının, eləcə də rəsmi medianın bütün açıqlama və bəyanatlarına inamsızlıq bəsləmək, acığa durub əks getmək yersizdir, zərərlidir.
Çünki hamımız o yanan binanın içindəyik, kimə acıq edirik, kimə inanmırıq? İnanmayıb nə edəcəyik?
Bu xüsusda ayrı-ayrı məşhur şəxslərin (onların içində məmurlar, deputatlar, ictimai xadimlər də var) adları çəkilir, indiyəcən bu şəxslərin dilinə düz söz gəlmədiyi vurğulanır və qeyd olunur ki, bu cür adamlar koronavirus pandemiyasından danışanda, xalqa müvafiq çağırışlar edəndə, xalq onların sözünə güvənmir.
Yaxşı, deyək ki, belə adamlar xalqın yanında etibarlarını itiriblər, düz sözlərinə də məhəl qoyan yoxdur. Hamı elə deyil axı. Xalqın güvəndiyi, müsbət reputasiyada qəbul etdiyi adamlar da var. Yalançılara inanmırsınız, doğruçulara inanın. Onlar da deyirlər ki, pandemiyaya ciddi yanaşmaq, yaxşı qorunmaq, təhlükəsizlik qayda-qanunlarına riayət etmək lazımdır.
Bir qrup yalançıya, etibarını itirmiş adama görə özümüzü niyə təhlükəyə atmalıyıq?
Düzü belə olmalıdır: biz indiki vaxtda önəmli bəd xəbəri bizə verənin, yaranmış ağır situasiyanı izah edənin, insanları məsuliyyətli olmağa çağıranların şəxsiyyətinə, keçmişinə baxmamalıyıq, xəbərin özünün ciddiliyinə, həyati əhəmiyyət daşıdığına, situasiyanın necəliyinə, çağırışların aktuallığına baxmalıyıq. Təcrübə göstərir ki, ən yalançı adamlar da bir dəfə düzgün çağırış edə, yanğın hadisəsi barədə gerçək xəbər verə bilər.
Əgər dünya bu pandemiyanın qarşısında aciz duruma düşübsə, 10 milyona yaxın insan xəstəliyə yoluxubsa, ölənlərin sayı 700 mini keçibsə, azərbaycanlı məmur və təbliğatçılar bu barədə heç nə deməsələr də anlamalıyıq ki, dünyada durum vahiməlidir və biz bu dünyanın tərkib hissəsiyik, təcrid olunmamışıq və kütləvi etinasızlıq bizi məhvə apara bilər.
3 ay öncəni xatırlayın. Azərbaycan karantin rejimi tətbiq edəndə bəzi ölkələrin odioz hökmdarları “qlobal fırıldaq planı”nın pozmaqdan dəm vurur, ÜST-in tövsiyələrini heçə sayırdılar, özlərini “bomba oğlan” kimi göstərirdilər. 1 aydan sonra ölkələrindəki koronavirusa yoluxma sayı özləri boyda olan ölkələrin əhalisi ilə müqayisədə 5-10 dəfə artıq olanda əl-ayağa düşdülər və hazırda situasiyanı nəzarət altına ala bilmirlər.
Ən ümdə məsələlərdən biri də sözünün qüvvəsini itirmiş deputat və məmurları sayt-sayt, TV-TV gəzdirib danışdırmamaq, onların ictimaiyyətin gözünə bataraq gerçək sözü dəyərsizləşdirmələrinə imkan yaratmamaqdır. Nə məcburdur axı? Onlar bir az əlçatan və danışqandırlar deyə, eyzən danışmalıdırlar? Qoy xalqın qarşısına doğruları danışanlar, yalan danışmayanlar çıxsın və onların sözünə inam yaransın. Belə həlledici məqamlarda bu cür adamlar insanlara acı gerçəkliyi deyəndə hamı ciddiyə alar.
Yalanla, yalançılarla uzağa getmək, mənzil başına salamat çatmaq mümkün deyil.