“… Səni aparmağa nə bir gəmi var, nə də sənin getməyin üçün bir yol.

Əgər sən həyatını burada, bu kiçik yerdə zay etmisənsə,

sən onu hər yerdə zay edəcəkdin”

(Konstantin Kavafis, “Şəhər” şeirindən)

Söz vaxtına çəkər, keçən ilin iyununda İran ABŞ-ın pilotsuz uçan qurğusunu vurub salmışdı, bundan sonra münasibətlər daha da gərginləşmişdi, söhbət gəzirdi amerikalılar iranlılara cavab zərbəsi vuracaqdır. Lakin zərbə vurulmadı. Həmin dövrdə Trampın müşaviri işləmiş Con Bolton indi bir kitab yazıbdır, zərbənin niyə vurulmadığının səbəbi açıqlayıbdır: ABŞ prezidentini çəkindirən… şeyxülislam Allahşükür müəllimin məktubu olmuşdur. Bildiyimiz kimi, şeyx Trampa məktub yazmış, onu qardaş İran dövləti üzərindən embarqonu götürməyə səsləmişdir. Düzdür, şeyx bu məktubu koronavirus dövründə, yəni 2020-ci ildə yazıbdır, ancaq Allahın işinə kim qarışar? Uca yaradan istəsə keçənilki raketi də bu il uçuşdan saxlayıb bazasına qaytarar. Allahşükür müəllimin fətvalarının da geriyə hökmü vardır. İdarənin əməkdaşıdır nə olmasa…

Sözgəlişi, bu boyda mərəkə qopubdur, xəstəxanalar dolub daşır, millət itki verir, lakin dini idarədən hər hansı fətva xəbəri gəlmir. Niyə? Bəs siz camaatın işinə haçan yarayacaqsınız? Qoy Qafqaz Müsəlmanları İdarəsi də xalqı maska taxmağa, sosial məsafə gözləməyə, dezinfeksiya tədbirlərinə səsləsin. Yoxsa hamı günahı dünən yaranan alayarımçıq (respublikanı tam əhatə etmədiyi mənasında) TƏBİB idarəsinin belinə şəlləyir. Heç Səhiyyə Nazirliyindən iynə-dərman soruşan yoxdur. Heç hökumətə deyən olmur ki, niyə tibbi sığorta qanunu 20 il ərzində qüvvəyə minmədi və indi xəstələr ortalıqda qaldılar? Bu, həmin qanunu qayıran deputatxanaya da aiddir, vaxtında hökumətdən hesabat istəməliydilər. Nəticədə bizim işimiz, yuxarıda qeyd elədiyimiz kimi, Allaha qalıbdır.

Bunu bir tanış ağsaqqalla kiçik dialoqumdan öyrəndim. Küçədə məni uzaqdan görüb əl görüşmək istəyirdi, dedim aralıda dur, bəlkə məndə virus var? Gördüm incidi. Deyir, əşşi, Allah nə yazıbsa o da olacaqdır. Deyirəm bu işin “yazı-pozu” ilə əlaqəsi olsaydı ərəblər Məkkəni hacıların üzünə bağlamazdılar.

Elementar gigiyenik, epidemioloji qaydaları camaata izah eləmək çətindir. Nə böyüyə söz çatır, nə kiçiyə. Tək iqtisadi problemlər, “acların hücumu” səbəb deyil. Bunun bir səbəbi də orta məktəblərdə “Həyat bilgisi”, “Biologiya” kimi dərslərin savadsız, yarıtmaz tədrisidir. İnsanlara virusun, ağciyərin, pnevmoniyanın nə olduğunu başa salmaq əvəzinə cürbəcür yaltaq, saxta tarixçələr əzbərlədiblər.

Tema açılmışkən, bugünlərdə xəbər vardı ki, Azərbaycan özünün “Silikon vadisi”ni qayıracaqdır. Hansı universitetin bazasında? Mən təklif edirəm Kooperasiya Universiteti olsun. Narxozu da deyərdim, ancaq hələlik Narxoz bizə daha strateji məqsədlər, misal üçün, Qarabağın azad edilməsinin iqtisadi modellərini cızmaq üçün lazımdır. Bəs mənim gözüm Kooperasiyanı niyə tutub, orda Stenforda layiq bazisi nədən görürəm? Bu universitet dünyada yeganə ali məktəbdir ki, onun tələbələrində heç zaman kitab, çanta, kompüter, qələm və sairə lazımsız, arxaik əşyalar olmur. KU-nun tələbələri (burada “Kin-dza-dza” filmini xatırlayan hər kəsə salam olsun) bütün semestri şalvarın kəmərinə taxılan, köynəyin altında qalan bir “obşi” dəftərlə yola verirlər. Əlbəttə, dəftərin hansı tərəfdən taxılması önəmlidir. Birinci kurs tələbələri dəftəri qarın hissədən, son kursdakılar isə beldən taxırlar. Bu da təhsildə mühüm faktordur.

O cümlədən bu yaxında mən bazardan qırmızı vedrə aldım, satıcı məhsulun İrandan gəldiyini bəyan etdi. Əgər bir ölkə plastik vedrə və aftafanı İrandan alırsa, onun “Silikon vadisi” açmaq ehtimalı nə qədərdir? Təklif edirəm, bunu AMEA Yüksək Texnologiyalar Parkının müdiri, keçmiş rabitə naziri Əli Abbasov riyazi modelləşdirsin. Tədqiqatlara Fizika İnstitutunun mələyin uçma sürətini kəşf edən alimlərini cəlb etmək olar.

Qayıdaq Ərəbistana. Belə çıxır bu il orada Şeytan kef eləyəcəkdir, ona daş atanlar yalnız beş-on yerli ərəb olacaqdır. Milyonların daşqalağı hara, bu hara… Elə bil iynə ilə gor qazırsan. Deməli, koronavirusun Şeytan əməli olması bu cəhətdən isbata yetir. Bəs dindar millətimiz bu Şeytan əməliylə niyə uyğun mübarizə aparmır? Cihad elə kimisə partlatmaq deyil ki. Cihad həm də sosial məsafəni gözləyib, maska taxıb virusu öldürməkdir. Gözünüzlə görmədiyinizə bu dəfə də inanın, heç olmazsa.