Elçibəy dönəmində MTN rəhbərinin I müavini postunda çalışmş Sülhəddin Əkbərin 30 min işarəlik açıqlaması yayılıb. Bu, onun AzadlıqRadiosunda yayılmış qalmaqallı müsahibəsinə izahat xarakteri sözardıdır.
S.Əkbər açıqlamasında bildirir ki, onun radioya verdiyi müsahibə 2 saatlıq olub, ancaq sonradan ciddi şəkildə montaja məruz qalıb deyə, bir çox fikirləri tam şəkildə getməyib, ona görə də oxucularda yanlış qənaətlər yaradıb.
Gerçəkdən də eləydi. Bir çoxları müsahibədə səslənən fikirlərin məğzini, fəlsəfəsini bir kənara qoyaraq, sabiq MTN rəhbərinin kimlərisə “agent çıxarıb-çıxarmaması” məsələsinə fokuslaşmışdılar.
S.Əkbər 1992-ci ilin mayından 1993-cü ilin iyununa qədər mövcud olmuş milli-demokratik hakimiyyətin süqutetmə səbəblərini göstərməyə, bu məğlubiyyətin nə dərəcədə obyektiv və subyektiv amillərə əsaslandığını isbat etməyə çalışarkən “sirri pozan” biri roluna qoyulurdu.
Onun daha əhatəli və təfərrüatlı açıqlamasını oxuyarkən adam böyük ölçüdə bu qənaətə gəlir ki, əslində Elçibəy hakimiyyəti hələ 4 iyundan xeyli əvvəl devrilibmiş, sadəcə, 4, 17 və 24 iyun günləri həlledici günlər olub.
Daha dəqiqi, AXC-Müsavat hakimiyyəti inqilab yoluyla dövlət başına gələn və 1 ilində devrilməyərək duruş gətirən bütün iqtidarların atmalı olduğu addımları atmadığı üçün onun devrilməsinin təməli hələ 1992-ci ilin sonlarına yaxın qoyulubmuş.
Obrazlı desək, Elçibəy iqtidarının aşını 1992-ci ilin payızından vam alovun üstünə qoyaraq yavaş-yavaş dəmləyirmişlər, gənc və təcrübəsiz komanda isə bu gedişatın qarşısını almaq üçün əlbirlik, dilbirlik göstərə bilmirmiş.
Burada əsas faktor AXC-nin hakimiyyətə gəldiyi ilk aylarda darmadağın, repressiya, lüstrasiya, kütləvi ifşa gözləyən partokratların, Kreml tərəfdarlarının, sovet burjuaziyası oliqarxlarının gözləntilərinin doğrulmaması, onların təhlükənin sovuşduğunu görərək, yavaş-yavaş toparlanması və gizli müqavimət hərəkatına başlamalarıdır.
Bu kontingent cəmi 3 ayın içində yeni hökumətin humanistliyini, daha dəqiqi, dişsizliyini gördü və anladı ki, onu asanlıqla devirmək olar və bundan ötrü xarici siyasi dəstək, silahlı ordu birləşməsi, leqal müxalifət qüvvəsi bəs edər.
Həmin siyasi-hərbi-kəşfiyyat birliyi asanlıqla yaradıldı. Köhnə partokrat ruspərəstlərlə yeni siyasətçilər nəsli – AMİP və ASDP sırf Elçibəy iqtidarına nifrət müstəvisində birləşərək müttəfiq oldular. İndiyədək gah AMİP-ə meyllənən, gah yeni bir Azərbaycan partiyası qurmaq istəyən ortayaşlı yarıkommunist-yarıdemokrat kadrlar da onlara qoşuldular.
S.Əkbərin açıqlamasında gənc iqtidar komandasının hakimiyyətdə görməli olduğu, amma görmədiyi işlər sıralanır. Təsəvvür edin ki, ölkənin Müdafiə Nazirliyinin və Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyətini heç olmasa yarı-yarıya milliləşdirmək mümkün olmayıb. MTN-in 2-ci adamı nazirliyin “agentura arxivi”nə yaxın buraxılmayıb və prezident buna nail olmaq üçün ortaya siyasi iradə qoymayıb.
S.Əkbər bu barədə öz açıqlamasında belə bir qeyd edib:
“Onu da nəzərə alın ki, demokratik hakimiyyət dövründə bizim girə bilmədiyimiz həmin “agentura arxivi” həm bizdən öncə, həm də biz yola salındıqdan sonra xidməti istifadə üçün açıq olub və bu gün də açıqdır. Deməli, onu İlhüseyn Hüseynov da, Nəriman İmranov da, Namiq Abbasov da, Eldar Mahmudov da, Mədət Quliyev də, Əli Nağıyev də görə bilər, əsas məsələ o imiş ki, bu “agentura arxivi”ni demokratlar, MTN-in gənc milli kadrları görməsin”.
Baş tutan qiyamın, həyata keçirilən dövlət çevrilişinin əsas açar məqamlarından biri də budur. O hakimiyyət ki, dövlətin və özünün təhlükəsizliyini qorumaq üçün lazımi mənbələrə giriş əldə edə bilmir, o necə duruş gətirə bilərdi?
Daha bir məqam isə İsa Qəmbərin dövlətin 2-ci adamı postundan istefa verərək, müdafiə naziri postuna təyin edilmək arzusunun məqbul hesab edilməməsidir. O zaman bəziləri təcili şəkildə prezident Elçibəyin qəbuluna cumaraq İ.Qəmbərin bu arzusunun çevriliş etmək məqsədi daşıdığını “sübut ediblər” və bu plan həyata keçməyib. Ancaq prezident kürsününün bir addımlığında olan şəxsin o postdan 3-4 addım aralanmasında “məkrli niyyət” axtarmaq absurd idi. Təəssüf ki, prezident Elçibəy 1993-cü ilin aprelində belə bir həlledici qərarı qəbul etməyib.
Həmin aprel ayı olduqca taleyüklü olub. Məhz həmin ayda AXC-Müsavat hakimiyyəti MTN və Müdafiə Nazirliyini götürə bilsəydi, daha dəqiqi, bu nazirliklərin şəxsi heyətinin milli kadrlardan ibarət olmasını təmin etsəydi, nə 4 iyun qiyamı baş tutardı, nə də mərhum Elçibəy iyunun 17-dən 18-nə keçən gecə “naməlum istiqamətə uçmazdı” (ilk rəsmi açıqlama belə olmuşdu).