Sankt-Peterburq kinematoqrafçılarının çəkdiyi “Ment müharibələri” serialının 11-ci sezonunun ilk bölümlərində belə bir epizod var: qətl cinayətlərinin üstünü açmaqda adı çıxarmış polkovnik Şilovu idarə rəisi təyin edirlər. Elə həmin gün o, öz müavinini götürüb yeni bir cinayəti açmaq üçün saunaya gedir. Onların saunaya gələcəklərini əvvəlcədən bilən muzdlu televizyonçular bayırda hazır vəziyyətdə gözləyir. Şilov və yardımçısı saunaya daxil olur, axtardıqları adamı tapmaq üçün hovuzun qırağına gələndə öyrədilmiş fahişələr tökülüşür bunların üstünə, intim əlaqə təklif edirlər, əkə-bükə kişiləri məxməri zora məruz qoyurlar. Polis zabitləri bunların əlindən çıxmağa çalışırlar. Süpürləşmə zamanı seks işçisi ilə birlikdə polkovnik paltar-palazlı şəkildə hovuza yıxılır. Elə bu zaman siqnal verilir, teleaparıcı və kameraman saunaya daxil olurlar, aparıcı şərh verir, kameraman hovuzdan çıxmağa çalışan Şilovu lentə alır. Yekunda belə bir süjet hazırlanır: “Sankt-Peterburqda ağır cinayətlər baş alıb getsə də, bu, cinayət axtarışı ilə məşğul olan Şilova və onun işçisinə saunada gözəl xanımlara əylənməyə mane olmur”.
Torba hazırdır. Adamın yeni vəzifədə ilk iş gününü beləcə qara gətirirlər. Amma bunun bir tələ olduğu göz qabağındadır, çünki heç kim hovuzda ayaqqabı və kostyumla üzməz. Aydın məsələdir ki, saunanın özünün xüsusi, rus demişkən, “forma odejda”sı olur. Saunada şalvarsız tutulmamısansa, qəti qorxusu yoxdur. (Zabitlərin xanımları da olaya başqa reaksiya vermirlər, gülürlər).
Bununla belə, bu, bir qalmaqaldır, ictimailəşdirilib və yuxarılar da bu hadisəyə diqqət ediblər. Üstəlik, televiziya işçiləri əl çəkmirlər, gündə 3 dəfə bu barədə təkrar-təkrar süjetlər verirlər, Şilovun keçmişini, əvvəlki fəaliyyətini qurdalayırlar, ortaya olan-olmaz şeylər tökür, qara piar aparırlar.
Əslində burada iki qeyri-real detal var: 1. Dünyanın heç yerində saunada və ya masaj salonunda çalışan fahişələr cinayət axtarışıyla məşğul olan polkovnikin üstünə elə tökülüşməzlər, ona torba tikilməsi prosedurunda iştirak etməzlər, qorxarlar. Çünki o polkovnikin imkanı çatar ki, o fahişələrin hamısını təcridxanaya basdırsın, lisenziyalarını ləğv etdirsin.
(Bunu yazan yerdə yadıma düşür ki, 12-13 il qabaq bizdə də iki rəis-polkovniki saunada şalvarsız tutmuşdular, videolarını çəkməsələr də, torbalarını tikmişdilər. İntəhası, bizim polkovniklər peşəkar fahişələrlə tutulmamışdılar, peşəkar müğənnilərlə tutulmuşdular və məlum olmuşdu ki, xanımlar iki peşəni çox gözəl, rus demişkən, “sovmeşat” edirlər).
Dünyanın heç yerində başına belə bir oyun gətirilmiş rəis soyuqqanlı davranmaz, əlində olan imkanlardan yararlanar və təxribatçıların burnunu saunanın isti döşəməsinə sürtdürər. Nə böyük şeydir, adam çağırır xüsusi təyinatlıları, deyir, filan saunada polkovnikə hücum var, dəbilqəli, əsləhəli polislər dalırlar istirahət məkanına, çığırışma qopur.
(Zəruri qeyd: bunu yalnız saunada fitə ilə tutulmamış rəislər edə bilər, əks təqdirdə, Allah pis işi kəssin, dili gödək eləyir).
Amma Şilov hissə qapılmır, hətta şöbə rəisi gəlib ona təklif edəndə ki, o teleaparıcı xanımın hesabını çəkmək lazımdır, təmkinli polkovnik deyir: “Nə danışırsan? Bizi əlli-ayaqlı yeyərlər”.
Yəni adam bilir ki, belə durumlarda əsas məsələ soyuqqanlı olmaq, mümkünsə, sağdan üçüncü pəncərəyə baxmamaq, təxribata yol verənlərin hesabını çəkməyi bir başqa vaxta saxlamaq, emosional hərəkət etməmək lazımdır.
Biz emosional, hirsli camaatıq, tez qəzəblənirik, sonra hirsimiz soyuyur, bir qıyqacı baxışa görə vurub ağız-burnunu dağıtdığımız adama baxıb peşman oluruq. Sonrakı peşmançılığın isə faydası olmur. O vaxt “Xaç atası” filmində “intiqamın soyuq yeyilən yemək olması” barədə deyilən kəlamı hamımız bilirik, amma biz bu xörəyi isti-isti yemək istəyirik, elə bilirik ki, boyat olsa yeməli olmayacaq.
Əslində o “qisas soyuq yeyilən yeməkdir” sözündə dərin hikmət var. Çünki ola bilər, hikkə soyuyandan sonra adamın ağlı başına gələr və görər ki, çəpəki baxışa görə adamı şil-küt eləməyin yeri yoxdur. Beləcə, qisas alınması aktuallığını itirər. Amma çəpəki baxış aktının üstündən 6 ay, 1 il keçibsə və o cür baxışa məruz qalan adamın hirsi keçməyibsə, variant yoxdur, getsin, qisasını alsın, hirsi soyusun.
Əmin edirəm ki, iyunun 7-də baş verən hadisəyə reaksiya verməyi iyunun 10-na saxlasalar, indi zibilə düşən gənclər evindəydi, o polis də “dovşan”ın zibilinə düşməmişdi.