Bizim siyasətə, partiya quruculuğuna yanaşmamız məişət mühafizəkarlığı səviyyəsindədir. Hətta arada orta əsrlərdə dəb olmuş müridizm cərəyanına da yuvarlanır, sektant düşüncəsi ilə hərəkət edirik.
Bu, müasir siyasətçilərə, siyasətlə məşğul olanlara ciddi şəkildə mane olur, çox zaman onların uğurlu karyera qazanmalarının qarşısını kəsir.
Təsəvvür edin, adam 20-22 yaşlarında, hələ siyasətdən bir şey anlamadığı, bir az da küyə gedib, dəbə uyub qoşulduğu partiyadan 30 ildən sonra, yetkin yaşındaykən ayrılmaq istəyrəkən alnında damğa görür: “satqın”, “reneqat”, “dönük”, “fərari” və s.
Sanki bu şəxs 20 yaşında qoşulduğu partiya ilə nikaha giribmiş, “qalsam, səninəm, ölsəm – qara torpağın” əhd-peymanı edibmiş və onun həmin partiyadan ayrılması yalnız siyasi təşkilat rəhbərliyinin üç dəfə “talaq, talaq, talaq” deməsi (yəni adamın öz partiyasından qovulması) ilə mümkün ola bilərmiş.
Bu, siyasi fəaliyyət tərzi deyil, siyasətə ailı-məişət qanun-qaydaları prizmasından yanaşmaqdır.
Yaxud, hələ də adamlardan, siyasi fəallardan 20 il əvvəl rəhmətə getmiş siyasi liderə şəxsi sədaqət tələb edənlər var. “Filankəsin əsgəriydi, indi filankəsin yanındadır”. Bu da mürşüd-mürid söhbətidir.
Adam 20+ yaşında böyük lider saydığı şəxsiyyətin fanatına çevrilib, onun ideyalarının daşıyıcısı, təbliğatçısı olub, demək, sona qədər də belə getməlidir.
Halbuki adam 20 yaşında olduğundan daha təcrübəlidir, daha savadlıdır, daha məlumatlıdır. Aradan keçən uzun illərdə o, dünyanın hər üzünü görüb, bir xeyli təlatümlərdən, keşməkeşlərdən keçib, artıq bilir ki, dünya 25-30 il əvvəl gördüyü, anladığı kimi deyil, reallıqlar fərqlidir, durumdan çıxış yolları tamam başqadır.
Amma yox, onun seçim imkanı yoxdur. Çünki o, 25-30 il əvvəl bir partiyaya, br liderə könül verib, sona qədər ona sədaqətli olmağa məcbur və məhkumdur.
Bax, bizim siyasətə, siyasətçilərə baxışımız aşağı-yuxarı belədir.
Bu, daha çox Şərq insanına xas düşüncədir. Bənzəmək istədiyimiz, dəyərlərini qəbul etdiyimiz, prioritet saydığımız Avropada bu “xəstəlik”dən çoxdan sağalıblar. Onlar partiya quruculuğuna başlayarkən şəxsiyyətlər ətrafında birləşmirlər, ideya və prinsiplər ətrafında birləşirlər. Sabah partiyadan ayrılanda isə öz ideya və prinsiplərinə sadiq qalaraq başqa partiyalar yaradırlar, ya da həmin dəyərlərə önəm verən partiyalara qoşulurlar. Və heç kəs onları reneqatlıqda suçlamır. Ancaq əgər biri dünən sosial-demokrat idisə, bu gün sağ millətçi cərəyana keçid edirsə, o halda ona, təbii ki, reneqat deyəcəklər. Çünki adam ideyasını dəyişib.
Bizdə ideya-prinsip söhbəti yoxdur, hətta ideya və məfkurələri eyni olan iki müttəfiq, dost-qardaş partiyanın birindən o birinə transfer olursa, mütləq kimlərsə gedənləri “dönük” adlandırır. Heç o transfer edən yeni yerində də böyük hörmət görmür, əvvəl-əvvəl heç nə deməsələr də, ilk toqquşmada “gündə bir partiya dəyişmiş adamsan” damğasını belinə yapışdıracaqlar.
“Gündə bir partiya dəyişmək” töhməti illərdir siyasət adamlarını təqib edir. Sırf bu töhmətə məruz qalmamaq üçün olduqca istedadlı adamlar perspektivi olmayan partiyalarında paslanıb qalır, siyasi karyeraları üçün uğurlu yol aça biləcək təkliflərdən imtina edirlər.
Təbii ki, bu təkliflərdən yararlananlar, başqa partiyalara üzv olaraq irəli gedənlər, nazir təyin edilənlər, deputat mandatına layiq görülənlər də olub və var.
Məsələn, 1993-cü ilin bu vaxtları dönəmin ən güclü müxalifət partiyasında faəliyyət göstərən bir qrup tanınmış siyasət adamı yenicə hakimiyyətə gəlmiş YAP-a qoşuldu. Onlar baş nazir, baş nazirin müavini, xarici işlər naziri, dövlət müşaviri, nazir, YAP-ın icra katibi, komitə sədri kimi böyük vəzifələr tutdular. Bəs AMİP-də qalsaydılar, necə olacaqdı?
27 il öncə AXC-Müsavat hakimiyyətində böyük dövlət vəzifələri tutmuş istedadlı adamların bir neçəsi hazırda parlamentin deputatıdırlar və ictimai-siyasi arenada “töhmət” daşıyıcılarıdır. Keçmiş hərəkat və partiya yoldaşları onlara “Elçibəyin kadrı” olduqları halda indiki parlamentdə təmsil olunmağı bağışlamırlar.
İndi sual çıxır: bu adamlar nə etsinlər? İşsiz-gücsüz oturub, təqaüdə çıxacaqları günü gözləsinlər?
Halbuki 1993-cü ildə Heydər Əliyevin ətrafında formalaşan YAP-ın üzvləri bir neçə yüz adamdan ibarət olanda bu istedadlı və aktiv siyasətçilər mövcud siyasi konyukturaya uyaraq YAP-a keçsəydilər, meydanı revanşist və karyerist qüvvələrə, daima özlərini heç bir təhlükəyə atmayaraq, hazıra nazir olan mənfəətpərəstlərə buraxmasaydılar, hazırda ölkədəki siyasi durum, siyasi arenanın şəkil və münasibətlər sistemi daha fərqli olardı. Necə ki, AMİP-dən YAP-a keçənlərin siyasi davranışları xeyli fərqliydi, onlar dialoqa, mötədil münasibətlərə meylli idilər.
Budur, Elçibəyin kadrı Zəlimxan Məmmədli sabiq nazir Əli İnsanovun yaratdığı partiyaya qoşulub və partiyanın ikinci adamına çevrilib. Bir çoxları heyrət içindədir. Gözləmirmişlər.
Amma bu siyasətdir, bu cür transferlər normaldır, qəbahət deyil. Sadəcə, Zəlimxan bəyin seçimi uğurlu sayıla bilməz. Əgər Əli İnsanov 2005-ci ildə, planlaşdırıldığı kimi, Rəsul Quliyevlə birlikdə hakimiyyəti götürə bilsəydi, o zaman Zəlimxan Məmmədli onun komandasının səmtinə düşə bilməzdi, hətta ola bilər ki, repressiya olunacaq şəxslərin siyahısında yer alardı.
Siyasətin belə dolambacları var. Hamımız bilməliyik ki, partiya dediyimiz şey ayrı-ayrı fərdlərin öz maraq və mənafeləri üçün bir araya gəlmə hadisəsidir. Kimlər ki, öz əsl maraq və ambisiyalarını xarizmatik şəxsiyyət və parlaq ideologiyalar haləsinə bürüyə bilir, o daha güclü partiya yaradır.
Bir də tarixi fürsət deyilən bir şey var. Zamanında ələ düşən fürsətləri ustalıqla dəyərləndirən şəxslərin partiyası və hakimiyyəti uzunömürlü olur. 1993-cü ilin iyununda H.Əliyev, 2002-ci ildə isə R.T.Ərdoğan əllərinə düşən fürsətləri fövtə vermədilər.
Uzun sözün kəsəsi, dediyim odur ki, ideya və prinsiplərə sadiq qalmaq şərtilə partiya quruculuğunda, partiyalararası transfer məsələlərində çevik, bir balaca da fürsətçi olmaq bu günün tələblərindəndir.
P.S. Açiği, siyasi fəaliyyətlərində “Klençarli dönməzliyi” nümayiş etdirən Tofiq Qasımov, Vurğun Əyyub, Məryəm Həsənova, Hikmət Hacızadə (və başqaları) kimi şəxsiyyətlərin obrazı bir çoxları kimi bu sətirlərin müəllifinə də dogma və şirindir, amma nə edəsən ki, müasir siyasətin konyukturası elə adamlara uğur şansı vermir.