İndiki cavanlar bilməz, 20 il əvvəl Georgi Popesku adlı bir futbolçu vardı. Rumın idi. Məşhur futbolçu Georgi Hajının (müasir tələffüzlə desək, Həcinin) qaynıydı.
Popesku gözəl müdafiəçiydi, 5-6 dəfə öz ölkəsində “ən yaxşı futbolçu” olmuşdu, “Barselona”da oynamışdı, “Qalatasaray”da isə UEFA kuboku və superkubok qazanmışdı.
Adam müdafiədə can qoyurdu. 2000-ci ildə “Qalatasaray”ın serial triumflarında onun böyük əməyi vardı, divar kimiydi, komandasını başıyla, ayağıyla, sinəsiylə, yeri gələndə dirsəyi ilə müdafiə edirdi. Hətta bir dəfə “canlı divar”ın düz mərkəzində durmuşdu, top elə yerindən dəydi ki, ekran başındakı ürəyi yuxa azarkeşlər “can, can, anan, bacın ölsün, a Popesku” deməli oldular.
Başqa sözlə, 20 il qabaq müdafiəçiliyin simvoluydu Popesku. Hətta o vaxt bir jurnalist bütün varlığı ilə iqtidarı müdafiə edən partiya sədrindən yazarkən belə bir cümlə işlətmişdi ki, müəllim müdafiəçilikdə Popeskudan ötə olub.
Belə olmalıdır, adam bir komandanın üzvüdürsə, gərək o komandanı ürəkdən müdafiə eləsin, ayağa verməsin, reputasiyasına xələl gəlməsinə səbəb olmasın və s.
Təbii ki, istisna təşkil edən detallar da var. Məsələn, o vaxt qapıçı Taffarel qapısını boş qoyub qabağa çıxanda Popesku özünü qapı xəttinə çatdırırdı və qapıya yönələn topu başıyla, ayağıyla çıxarıb komandasını qoldan xilas edirdi. Fəqət Popesku bu işi əliylə görmürdü, çünki qaydalar imkan vermir, o, topa əliylə toxunsa, qırmızı kart alardı. Yəni müdafiəçiliyin də bir ədəbi var.
Hazırda ölkəmizin siyasi arenasına baxırsan, görürsən ki, bir xeyli adam öz komandasını cidd-cəhdlə müdafiə edir. Bu zaman bütün qaydalar, dəyərlər, eləcə də ədalət, insaf-mürvət, həqiqət ayaqaltı edilir.
Əgər haqsız birini müdafiə edəndə beşinin haqqını yeyəcəksənsə, ədalətin təpəsinə daş salacaqsansa, Allah kəssin elə müdafiəni.
Tutaq ki, birinin bığlı-saqqallı oğlu gedib küçədə azyaşlı uşaqları salıb şillə təpiyin altına və uşaqların valideynləri zərərçəkmiş balacaları da götürüb gəlib, rus demişkən, “razborka”ya. Nə edəcək adam? Onların qabağına çıxıb, “oğlum qələt eləyib, allah onu xəcil-rüsvay eləsin” deyib üzr istəyəcək, yoxsa “oğlum yaxşı eləyib, əlinin içindən gəlib” deyəcək?
Əlbəttə, obyektiv və normal insanlar birinci variantı seçərlər. Amma bu ölkədə ikinci varianta üstünlük verən yüz minlərlə adam var. Onlar hətta arada hirslənib döyülənlərin atasını da döymək istəyərlər və deyərlər, uşaqlarınız dinc duraydı, oğluma daş (su, söz) atmayaydılar, döyülməyəydilər, günahları olmasa oğlum onları döyməzdi və s.
Adam desə ki, axı bunlar uşaqdırlar, qanmırlar, sənin oğlun isə yekə kişidir, bir damcı uşağa niyə qoşulur, o zaman cığal adam bircə kəlmə deyər: “Əcəb eləyib döyüb, gedin, kimə deyirsiniz, deyin”.
İndi bu müdafiə oldu? Bu, müdafiə olmadı, bu dava-dava oldu, ailələrarası düşmənçilik oldu. Çünki döyülmüş, təhqir olunmuş, üstəlik, incik salınmış adam gedib oturub fürsət gözləyəcək ki, neyləsin, necə eləsin, qisas alsın.
O gün ölkədə A.-dan Z.-yə qədər, başdan-başa yanlış olan hadisələr olub. Səhv buraxanlar öz səhvlərini düzətməklə məşğul ikən onların müdafiəçiləri özlərini “lezvalayırlar” ki, zərərçəkənlərə haqq olub, hələ gərək onları daha pis günə qoyaydılar.
Bu cür olmaz. Bu məntiqlə özümüzə yaxın saydığımız biriləri gedib adam öldürsələr də müdafiə etməliyik. Deməliyik, yaxşı eləyib, öldürüb, dinc duraydılar. Bu məntiqlə istənilən pis hərəkətə haqq qazandırmaq, qəbih hərəkət edənləri müdafiə etmək olar.
Yaxşı, bəs necə olsun? Belə olsun: komandamız haqsız tənqid olunanda müdafiə edək, haqlı tənqid olunanda – susaq. Tənqid əndazəsini aşanda, qərəzkarlıqla müşayiət olunanda müdafiəyə qoşulaq.
Yoxsa, vallahi, adam hər dəfə səhvə yol verən komanda yoldaşını can-dildən müdafiə edəndə özü də hörmətdən düşür, ona ya fanat deyirlər, ya da yaltaq.
O vaxt Popesku öz komandasını ürəkdən müdafiə edəndə heç kəs ona fanat demirdi. Amma Popeskunun Fatih adlı bir komanda yoldaşı vardı, “Qalatasaray”da oynayanda fanatlıq edir, başqa komandanın oyunçu və azarkeşləri ilə dalaşırdı, sonra “Fənərbağça”ya keçdi, hamıdan artıq “fənərli” oldu, arada hətta “Qalatasaray”lı oyunçulara təpik-filan da atdı.
Dediyim odur ki, bəziləri heç olmasa Popesku olsunlar, Fatih yox. Çünki bu xalq pis hərəkəti edənlərin özünü bağışlayır, müdafiə edənləri – əsla.