İndi diqqətli, iti yaddaşlı və zəngin arxivli bir oxucunun yeridir, irəli dura, qəzetimizin 2013-cü ilin 25 avqust tarixli sayını tapa, “Bizim Cəmil müəllim” başlıqlı məqalənin kserosurətini çıxara və gələ “Yeni Müsavat” qəzetinin redaksiyasına, qoya masamın üstünə və soruşa: “Sənin yazındırmı? İndi nə deyirsən? Bu da sizin Cəmil müəllim”.
Dünən bu səhnəni gözümün qabağında canlandırdım və belə bir hərəkəti edənin olmayacağını bilsəm də, özümü naqolay durumda hiss etdim.
Bu hissi mənə ikinci dəfə (bu barədə bir dəfə də yazmışam) yaşadan adam bir vaxtlar “bizim” saydığımız Cəmil müəllimdir, Cəmil Həsənli.
Düzdür, elə bir şey edən olsa, prinsipcə, adam əlinin dalını yerə qoymaya, “mən o zaman Cəmil Həsənlini yox, müxalifətin prezidentliyə namizədini, ideya və prinsipləri müdafiə etmişəm” deyə bilər. Amma bu, səmimi özünümüdafiə olmaz, adamın içində yenə bir qırıqlıq, peşmanlıq qalar.
Son 25 ildə 10 mindən artıq yazı yazmışam, partiya mənsubiyyətindən asılı olmayaraq, siyasi motivlərlə türməyə düşənləri, basqılara məruz qalanları, haqqı tapdananları (Fərəc Quliyevdən, Fərəməz Allahverdiyevdən, Rəhim Qazıyevdən tutmuş daha yaxın adamlara qədər) müdafiə etmişəm, yalnız bir neçə epizodda dəstək verdiyimə görə peşmanlıq duyduğum olub. Nə yazıq ki, onlardan biri də Cəmil müəllimlə bağlı oldu.
Bundan əvvəl onun mənsub olduğum siyasi partiya ilə, işlədiyim media qrupuyla düşmənçilik aparması faktları vardı və o qədər də əhəmiyyətli deyildi. Düşünürsən ki, siyasətdir, bir gün elə, bir gün belədir, gah rəqib, gah müttəfiq olursan, hər sözün başına ip salmaq olmaz, gün gələr, ortam yumşalar və s.
Ancaq Cəmil müəllimin öz siyasi rəqiblərini “tryapka” (“şəlpə”) adlandırması, onları “ayaqqabı silməyə belə yaramayan” hesab etməsi kitab-dəftərə sığan iş deyil. Bunu hansısa bir nazir, İH başçısı etsəydi, adamı sosial şəbəkədə kətyan koluyla odlayardılar.
“Bizim Cəmil müəllim” isə bu sözü bir vaxtlar onu sidq-üərkdən müdafiə edən, xalqa “böyük siyasi lider” kimi tanıdan, sevdirən şəxslərə aid elədi.
Bu, bir siyasət adamının leksikonu deyil, əsla ola bilməz. Bu, kriminal avtoritetlərin, oğrubaşıların jarqonudur. Adətən, onlar belə danışırlar: “Get, o tryapkanı nakazat elə”; “Dünənin tryapkası uje bizə uvajat eləmir”; “Onu tryapkaya döndərməsəm, əlimə bir də təsbeh götürməyəcəm” və s.
İndiyədək tanıdığımız siyasətçilərdən kim belə danışırdı? Elçibəy dünyanın hər üzünü görmüş adam idi, amma jarqon ifadələri sevməzdi. İsa Qəmbərin rəqiblərinə yönəlik tikanlı cavabları olsa da, bu cür ifadələri heç vaxt dilinə gətirmir. Etibar Məmmədov, İlyas İsmayılov, Lalə Şövkət də həmçinin. Hərçənd bəzən Rəsul Quliyevdən o cür sözlər çıxırdı. Əli Kərimli də vulqar ifadələrlə danışmır, amma yanında belə danışanlara irad tutmur.
Bu yazının müəllifi isə 7 il öncə yanlış düşüncəyə qapılaraq yazırdı:
“Cəmil Həsənli məhz təvazökarlığı, təmkini, sadəliyi, öz zamanını gözləmək qabiliyyəti ilə qalib gəldi, vahid namizəd oldu. Onu yaxından tanıyanlar, əsasən də tələbələri qeyd edirlər ki, professor ölçülü-biçili, sanballı, gözü-könlü tox, ağır adamdır”.
Hanı o təvazökarlıq, təmkin, sadəlik, ölçü-biçililik, gözü-könlü toxluq, sanbalılıq, ağırlıq? Ağır adam da dilinə belə ağır sözlər gətirərmi?
Az qala akademik olası tarix professoru, dövləti idarə etməyə iddialı bir adam bu gün gəlib, “düşmənini təsbehlə sındırmaq istəyən” oğrubaşı (“vor v zakone” mənasında) kimi danışır.
Yaxşı deyiblər ki, adamın öz-özünə elədiyini el yığılsa, ona edə bilməz. İndi Cəmil müəllim və onun formal olaraq başçılıq etdiyi Milli Şuranın digər rəhbərləri öz aralarında elə söhbətlər aparır və özlərini elə gözdən salırlar ki, hökumət nə qədər çalışsa da, buna nail ola bilməzdi.
Yeddi il əvvəlki yazımın son abzası belədir: “Bu, bizim Cəmil müəllimdir. O, bu ölkənin öz gücünə yetişmiş siyasi xadimi və böyük alimidir. O, siyasi qrupların, partiyaların fövqündə dura bildiyi üçün də vahid namizəd oldu. Lütfən, müəllimi cılız intriqalara çəkməyək”.
Budur, o, artıq cılız intriqaların içindədir. Onu ora biz itələmədik. Onu ora çəkdilər. Çəkdilər və bir siyasətçi, hətta alim kimi reputasiyasını korladılar. İndi ona “bizim Cəmil müəllim” deyənlər çox azdır.
P.S. Google-də axtarış verəndə çoxlu “Bizim Cəmil müəllim” başlıqlı yazı çıxır. Bu başlıqda ilk yazını mən yazmışam. Gültəkin Hacıbəylinin və digər müəlliflərin 2-3 il sonra yazdıqları yazıya eyni başlıq qoymaları yüngül bir plagiatdır.