“…Camaat arasında belə deyirlər: cəsur ürək acı taleyə qalib gəlir, vurağan inəyə Allah buynuz vermir; belə də deyirlər: heç vaxt bilmirsən ki, ürəyi harada tapacaqsan, harada itirəcəksən”
(Migel de Servantes, “Lamançlı Don Kixot”)
Araya sərt karantin tədbirləri girdi, zəhmətkeşlərimiz ölkədə hüququn aliliyi, dövlətçiliyin möhkəmlənməsi yolunda keçən cümə olmuş cahanşümul bir islahata lazım olan qədər diqqət yetirmədilər. Halbuki, həmin islahatdan bütün xarici xəbər agentlikləri yazmışdır, istəyən tapıb oxuya bilər, kim tapa bilməsə gözü çıxsın, deməli dövlətimizi istəmir.
İslahat isə bundan ibarətdir: Qüvvədə olan qanuna görə, hakimin (ilk dəfə hakim təyin edilmiş şəxslər istisna olmaqla) fəaliyyətində peşəkar çatışmazlıqlar aşkar edildikdə onun fəaliyyəti Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunmuş vaxtda təkrarən, lakin 6 aydan tez və 2 ildən gec olmamaqla qiymətləndirilir, təkrar qiymətləndirmə zamanı hakimin fəaliyyətində yenidən peşəkar çatışmazlıqlar aşkar edildikdə onun səlahiyyətlərinə “Məhkəmələr və hakimlər haqqında” qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl xitam verilir. İndi isə bu sıraya məhkəmələrin fəaliyyətinin monitorinqi nəticəsində maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanların da daxil edilməsi təklif olunur. Adam dilində desək, qabaq hakimi ancaq MHŞ qovurmuş, indi monitorinq də qovacaqdır. Doğrusu, bu monitorinqi kim aparacaq, o haqda xəbərdə bir şey yazılmamışdı, ümumiyətlə, o xəbəri də mən özüm güc-bəla anladım, çünki çox savadlı jurnalistlər tərəfindən qeydə alınmışdı.
Hər halda, buradan biz üç müqəddəs faktı öyrənmiş oluruq. Birincisi, bizdə məhkəmə vardır, ikincisi, onların qanunsuz işlər görməyi qadağan imiş, üçüncüsü, indən belə hakimlər heç zaman qanunsuzluq edə bilməzmiş! (Üç rəqəmi dinlərdə həmişə uğur gətirən sayılır, xristianlar bu temada deyirlər: “Ata, Oğul və Müqəddəs Ruh naminə”). Ümid edirik heç olmazsa bundan sonra Eldar Mahmudov Metro Tağının 3 milyon dollarını qaytarar. Babasından o qədər miras qalıb, arada yazıq andeqraund şairi soyurmuş. Nəyə gərəkdir belə hərəkətlər?
Öyrənmək demişkən, bu arada AXC-Müsavat dövründən daha bir tarixi fakt üzə çıxdı, buna görə o zaman MTN nazirinin müavini işləmiş Sülhəddin Əkbərə təşəkkür edirik. Deyib ki, özünü heç soruşub eləmədən nazir müavini qoyubmuşlar, bir növ xəbərsiz şəkildə. Bizim nə qədər gözəl dövlətçilik tariximiz vardır… Birini işə qoyurlar, xəbəri olmur, başqasını işdən çıxardırlar, xəbəri olmur, üçüncüsü işləyir, ancaq millət bundan xəbərsiz qalır. Təbii ki, bu etirafdan sonra Eldar müəllim Tağı müəllimin pulunu qaytarsa lap yaxşı olardı. Bizim Qarabağ dərdimiz var. Olmalıdır. Əgər koronavirusdan qızdırmaya tutulub ölməyibsə.
Sözgəlişi, sərt karantin tədbiri dövründə polis maşınlarında dünyaya göz açan azı 20 körpə haqda xəbərlər oxuyuruq. Bu da xalq-dövlət münasibətlərini möhkəmləndirir, hüquqi, qanuni quruculuq yolunda iri addımlar atmağımıza gətirib çıxarır. Yaxşı olar ki, hər bir bölmədə körpələr evi, uşaq bağçası da yaradılsın. Gözünü açan kimi sənə svetoforu başa salırlar, inzibati məcəlləni layla, konstitusiyanı nağıl kimi oxuyurlar. Uşaqlar orada sahə müvəkkillərindən müvafiq tərbiyə alaraq vətənpərvər böyüyürlər, şübhə etmirəm ki, hər bir körpə daha sonra, kamala çatıb həyata atılanda polis sıralarında xidmət keçməyi arzulayacaqdır. Onsuz orta statistik azərbaycanlının müqəddəs arzularından biri “uşağı sistemə salmaq”dır. Sistem işçisi – gör nə gözəl termindir, deyəsən başqa heç bir ölkədə belə terminologiya yoxdur.
Ümumiyyətlə, başqa ölkələr bizə nümunə ola bilməz. Odur, beş dəfə həbsdə yatmış birisini polis öldürüb deyə bütün Amerika yasa yığışmışdı. Bəlkə Corc Vaşintqonu o cür hörmətlə basdırmağa aparmayıblar, Corc Floyda elə təmtəraq göstərildi. Halbuki, adamın keçmişdə hansısa cinayəti olubsa, indi niyə bunu tutub başından yerə basıb boğmayasan? Ona görə sizdə heç zaman polis maşınında uşaq doğan müqəddəs analar olmayacaqdır.