Yaxud tam qapanışdan alacağımız zövqlər haqda

Deyir, hər yeri bağlayırsınız, bəs biz iki gün çörəyi haradan alacağıq. Əcəb savadsız yanaşmadır. Bunlar elə həmişə belə eləyirlər. Körpü tikirsən, üstünə çıxıb intihar məqsədilə aşağı tullanırlar, ölkəmizin xoşbəxt gələcəyini, YAP-ın uğurlu fəaliyyəti sayəsində kommunizmin qurulduğu günləri görmək istəmirlər. Yol çəkirsən, getməyə yer istəyirlər, yer verirsən, orada kitabxana əvəzinə dönərxana açırlar. Qarabağı alırsan, Qaradağı verirlər, icra başçısını tutursan, siyasi məhbus elan eləyirlər. Bu xalqın ipinin üstünə odun yığmaq çətindir. Elə nağılından da bunu proqnoz eləmək olar, Cırtdan bir yaxmaca görə bütün iş-gücü yoldaşlarına şəlləyirdi.

Bax, elə bu çörək məsələsini yaxmacla əvəz eləmək olar. Çörək yoxdur, şənbə-bazar tort yeyin. Ya da piroq, zövqdən asılıdır. Bunu problemə çevirməyə nə ehtiyac var? Çörək yemək orqanizmə ziyandır. Əti ətlə yeyin. Ən zəruri halda balkonda təndir qalayıb, sac qoyub dədə-baba qaydasıyla çörək, lavaş, yuxa bişirmək olar. Adını da qoyarsan “Nazirin təndiri”. Şair nə təhər demişdi? “Karantin günündə nişanlı qızın, Fəsəli yaymağı yadıma düşdü”. Hər şeyi özümüz hazırlamalıyıq, hətta bu minvalla bəlkə gələcəkdə deputatı-zadı da özümüz seçdik. Şənbə-bazar özümüzü yaxşı aparmağımızdan asılıdır. Baş həkim söz verib, hovuza su buraxacaq.

Hələ başqa gülünc söhbətlər çıxarırlar. Deyir, dərmanı necə alaq. Axı sən bu cür gözəl şəraitdə, inkişaf etdiyimiz bir dövrdə niyə azarlayırsan, dərman arayırsan? Atalar da deyibdir ki, hər kəs yüz il yaşamasa, günah onun özündədir. Yəni ölmək azadlığı vardır. Hərçənd hökumət bu dərman işinə də əlac tapıbdır, deyir, gördün qarnın ağrıyır, təcili yardım çağır. Əgər evdə yıxılıb, türkün sözü, qılçını sındırsan, səni maşına qoyub xəstəxanaya aparmağa heç kimin icazəsi yoxdur. Təcili yardım gəlməlidir. Bu saat təcili yardımda tibb bacısı işləmək səhiyyə naziri olmaqdan bazburutlu, hörmətli vəzifədir. Rafiq Tağının yeri görünür, vurub öldürməsəydilər indi biz yazar-mazarların da o sistemdə həkimi olardı.

O cümlədən dişimizi də şənbə-bazar təcili yardımın sürücüləri çəkəcəkdir. Hərəsinə Operativ Qərargahdan bir neçə steril kəlbətin verilibdir. Camaat bu iki gündə çürük gilasdan az yeməlidir ki, hər məhəlləyə düşən təcili yardım sayında qrafik yüksəlməsin. Ola bilər, gələn həftədən cümə günü gilas yemək qadağan olunsun. Lazımdır. Nə olub, a uca millət, səbət dalından gilas tökülür?

Jurnalistlərin də qadağan edilməsinə gələndə, bu, söz azadlığına töhfəmiz sayılmalıdır. Nəyə görə? Çünki həftənin başqa günlərində yazıb-yaratdığımız yalan-palanlar bir aya bəsdir. Limiti onsuz aşmışıq, qoy millətin iki gün heç zaddan xəbəri olmasın, qulağı, gözü dinc və azad olsun. Misal üçün, Biləsuvarda buzovun neçə ayağı var, Şəkidəki ayının axırı necə oldu, Braziliyada virusdan nə qədər adam ölmüşdür… Belə zəruri informasiyaları xalqa çatdırmaq üçün küçəyə çıxmağa ehtiyac yoxdur, qoltuğunun altından tapıb yaza bilərsən. Üstəlik, bütün millət evdə oturanda xəbərlər də evdə oturur, biləsiniz. Nə külək əsib ağacı yıxır, nə zəlzələ olur, nə daşqın-filan. Adicə yol qəzası da olmur. Bu mənada jurnalistlərin də zorla evdə qalması müsbət qərardır, söz azadlığına, əhalinin informasiya təminatına qətiyyən xələl gətirmir, Mətbuat Şurasının bunu alqışlamasını alqışlayıram. Sadəcə, təklif edirəm, MŞ jurnalistlərin evinə gedib, monitorinq aparsın, görək, hansı yazar qanunsuz şəkildə bloka çıxıbdır, kim fortuşkanı açıb hava alıbdır, hansı jurnalistin katibəsinin məşuqunun baldızının sürücüsünə ev verilibdir. Çünki biz öyrəşmişik, MŞ həmişə belə kütləvi tədbirlərdə monitorinq aparır.

Nəhayət, iki gün zibil atmağın qadağan olunmasını bəyənməyənlər var. Soruşan gərək, axı sənin nə üçün zibil işlərin olur? Zəhmət çək, təmiz yaşa, ətraf mühiti zibilləmə. Hər şeydən zövq almağı öyrənməliyik.