Söz vaxtına çəkər, yenə hökumətimiz milləti xilas eləmək üçün canından keçməyə hazırdır. 1993-cü ilin bu ayında da millət beləcə əldən gedirdi, sadəcə, o vaxtın “koronavirusu” ermənilər və AXC-Müsavat cütlüyünün yarıtmaz fəaliyyəti olmuşdu. Məndə Nostradamus, Vanqa nənə və Falçı Zirəddin qabiliyyəti olmasa da, o parlaq gələcəyi aydın görməkdəyəm: 2020-ci ildə millətin virusdan xilas edilməsi uğrunda aparılan məqsədyönlü fəaliyyət dərsliklərə, televiziya, radio verilişlərinə salınır, hər bir şəhərdə “İkinci qurtuluş günü”müz təntənəli surətdə (lənət şeytana, yenə surət) qeyd olunur, insanlar parklarda dombalaq aşır, şadlıq edir, sevinir, çapan çalır…

Maraqlıdır ki, o vaxt da millət xilas olmaq, məsələn, Bakıya gəlib yataqxanada məskunlaşmaq və Qobu-33 yaşayış massivindən ev almaq istəmirdi, indi də maska taxmaq, sosial məsafəni gözləmək, orda-burda toplaşmaqdan əl çəkmək istəmir. Nə qədər deyirlər, qorxudurlar, xeyri olmur. Əlbəttə, mən hökumətin yerində olsam (ümid edirəm bunu əlaqədar orqanlar oxuyub mənə bir yağlı vəzifə verər – həyatda ən böyük arzularımdan biri haçansa kabinetdə çoxlu pulun üstündə oturub DTX əməkdaşlarına intervü verməkdir) camaatın başını buraxaram, qoy qırılan cəhənnəmə qırılsın. Şair demişkən, ölən öldü, qalan sağlar bizimdir. Ancaq hökumət məndən, səndən, ondan, bizdən fərqli olaraq humanist təbiətlidir, insanların uzun və sağlam yaşaması rəhbərliyin əsas məqsədlərindən biridir. Örnək üçün, elə Səhiyyə Nazirliyini niyə yaradıblar? Ancaq pul qazanmaq istəsəydilər, Maliyyə Nazirliyi ilə Mərkəzi Bank, bir də neft şirkəti bəs idi. Lakin bizdə hələ təhsil, sosial müdafiə, mədəniyyət (!!!) idarələri də yaradılıbdır! Hamısının üzərinə isə xalqa xidmət öhdəliyi qoyulubdur. Hətta xalq istəməsə belə, naz eləsə belə ona zorla xidmət göstərilir.

Bir versiya da var ki, guya hökumət xalqın virusdan ölüb qurtarmasını maddi maraqları üzündən istəmir. Guya o zaman rüşvət almağa adam olmaz, məcbur istefa verərlər. İnandırıcı deyil. İlk növbədə, son icra hakimi həbsləri göstərdi ki, bizdə rüşvətxorluq və korrupsiya üçün hansısa adamın varlığı vacib deyil. Virtual, kart şəklində olsa bəsdir, icra hakimi yüzlərlə belə adam adını büdcəyə salıb pulları yığırdı. İkincisi, robot Sofiyanın bir ara niyə gətirib bizə göstərdilər? Başa düşən düşdü. Hökumət o addımla demək istəyirdi ki, ay millət, sizdən ötrü çox da gözümüz atmır, lazım gəlsə bütün işləri robotlara tapşırarıq, ən gözəl təbəə, rəiyyət olar. 190 manat istəmir, çayçıda oturub donquldanmır, müxalifətə qoşulmur, virusa yoluxanda da antivirus proqramıyla beş dəqiqəyə təmizləyirsən, ya da uzağı format eləyirsən, durur tullana-tullana gedir. Lap zəhləni töksə tokdan çıxart, qalsın yerində.

Deməli, bunlar hamısı əfsanə versiyadır, əsas olan xalqı düşünməkdir. İndi bu “altı-bazar ev dustaqlığı” da nə gözəl bir tətbiqdir… Allaha xoş gedər, çünki bəzi dinlərdə şənbə, bəzisində bazar istirahəti, əlini həmin gün ağdan-qaraya vurmamaq söhbəti vardır. Yəhudilərin dinində şənbə günü ayaqqabı bağlamaq belə günah sayılır. Çörək bişirmək, iynə saplamaq, ocaq qalamaq, hətta ocağı söndürmək olmaz! O dərəcədə dincəlməlisən. Məncə bizim hökumət hələlik evdə qazı yandırmağa icazə verməklə humanizm nümayiş etdirir.

Yazını Amerika yazıçısı, ömrünün böyük hissəsini könüllü karantində keçirən və adam içinə çıxmaqdan imtina eləyən Cerom Devid Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” romanından uzun sitatla bitirirəm. Düşünürəm ki, hazırda bizim hökumətin davranışları Holden Kolfildin arzusunun təxminən yerinə yetməsidir:

“Bilirsən, mən balaca uşaqların axşamçağı, ucsuz-bucaqsız çovdar tarlasında oynadığını təsəvvür eləyirdim. Minlərlə balaca var, ətrafda isə məndən başqa bir nəfər də böyük yoxdur. Mən qayanın lap qırağında, uçurum üzərində dayanmışam, başa düşürsən? Mənim işim balacaları tutmaqdır, onlar uçuruma yıxılmasınlar deyə. Bilirsən, onlar oynayırlar və hara qaçdıqlarını görmürlər, bu zaman mən qaçıb gəlirəm, onları tuturam ki, yıxılmasınlar. Vəssalam, mənim işim elə budur. Uşaqları çovdarlıqdakı uçurumdan qorumaq. Başa düşürəm, bu səfehlikdir, ancaq mənim ürəkdən istədiyim yeganə şey budur. Yəqin mən axmağam”.