Əvvəllər politoloq, siyasətçi Zərdüşt Əlizadənin gözəl bir xasiyyəti vardı, eyzən porqnozlar verərdi, sonra da proqnozunun doğrulduğunu görüb, qeyd edərdi ki, filan vaxt demişdim, belə olacaq, elə də oldu.
Allah tərəfi, müəllimin proqnozlarının çoxu doğrulurdu.
Bir dəfə mən, yekə çıxmasın, araşdırma aparıb Zərdüşt bəyin proqnozlarının çoxunun nəyə görə doğrulduğunun izahını tapdım.
Bu fenomenin çox sadə bir səbəbi vardı. Politoloq həmişə bu xalqın gələcəyi və görəcəyi ilə bağlı bədbin proqnozlar verirdi və həmişə o deyən olurdu, bir dəfə də üzümüzü güldürən, ürəyimizi açan nəticə hasil olmurdu.
Məsələn, o deyirdi ki, imperiyaya bu cür radikal dirəşməyək, başı çönəcək, dönüb bizi qıracaq. Elə olurdu. Müəllim deyirdi ki, qızışıb avantüraya getməyək, rus erməniyə kömək edəcək, ərazi itirəcəyik. İtirirdik. “Çox da həvəslənməyin, seçkilər yenə saxtalaşdırılacaq” deyirdi bəy, necə demişdi, elə olurdu.
Xüləs, sonradan üstü açıldı ki, bu ölkədə nikbin proqnozların doğrulma ehtimalı sıfırın altında-üstündədir, amma bədbin proqnozlar yüzdəyüz əmsalla əlləşir.
Ona görə də hamılıqca keçdik bədbin proqnozlar verməyə və Gözəgörünməzə şükürlər olsun ki, üzümüz qara qalmır, nə deyirik, elə olur (az-az pafoslu və nikbin proqnoz verənlər, “hər şey yaxşı olacaq” deyənlər də olur, amma onlar həmişə, türkün sözü, kötü durumda qalırlar, heç vaxt heç nə yaxşı olmur).
20 gün öncə xüsusi karantin qaydaları yumşaldılanda və qədirbilən xalqımızın şən hissəsi çırtma çalıb oynayanda yazmışdım ki, 15-20 gündən sonra pandemiya qurbanları ilə bağlı statistikadan şoka düşəndə yenidən karantin davası edəcəyik.
Düz 15 günün tamamında koronavirusa yoluxanların sayı bizi şoka salmağa başladı, 20-cü günün tamamında isə virusdan ölənlərin sayı bizi düz şokun içinə itələdi. Artıq şoka düşmüşük, xirtdəyəcən şokdayıq.
İndi çıxsınlar, “hər şey yaxşı olacaq” desinlər, görüm. Doqqaza çıxmaz olduq, a kişi. Taitiyə, Haitiyə səyahət etməyi düşünərkən, Haramıya, Zarata, Corata gedə bilmirik.
Dünənə qədər zəng vurub “ay qaa, gəl sənə bir ”ool inkluziv” qonaqlıq verim” deyən dost-tanış indi “iş açılana qədər yüz manat verə bilərsənmi” deyə mesaj yazır.
Oxumuş adamlar deyirdilər ki, belə eləməyin, pis olacaq, eşitmədik. Düzdür, eyni sözləri oxumamış adamlar da deyirdilər, bəlkə də ona görə çaşıb qaldıq.
10 il orta məktəb, 6 il universitet, iki il aspirantura oxumuş, 20 il tibb universitetində dərs demiş tibb professoru deyirdi ki, ehtiyatı əldən vermək olmaz, bu, atipik virusdur, sağı-solu bəlli deyil, yoluxanların çoxu sağalsa da, ölümlü nəticələri ola bilər.
8-9 il orta məktəbə gedib-gəlmiş, ömründə bir dəfə lövhə qabağına çıxıb dərs danışmamış, “Əlifba”dan sonra kitab arası açmamış adamlar deyirdilər, boş şeydir, virus-mirus yoxdur, bir oyundur, ortaya atıblar, professorlar da bu işin içindədir, ona görə elə deyirlər.
Bizim tərəqqi və maarifpərvər camaatımızın reaksiyası nə olurdu, professorla cahil bəndənin arasında necə seçim edirdi? Əlbəttə, “bir azdan özləri deyəcək ki, viris-zad yoxdur” deyən cühəlanın dediklərinə haqq verir, professoru “neprav” çıxarırdı.
Nəticə budur: umsuqluq, məyusluq, ölüm qorxusuyla bağl təşvişin yeni dalğası, maska-spirt axtarışı…
Amma belə getməyəcək, 10-15 il əvvəl kənddə təkər yamamaqla məşğul olan, dolanışıq üzündən Rusiyaya gedən, orda qələt qarışdırdığı üçün 3-4 il türmədə yatan, içəridə dinə meyllənən bir ekstrasens ortaya çıxacaq, deyəcək, professorlar yalan deyirlər, virus-mirus yoxdur, hamısı masonların işidir.
Biz təzədən dərindən nəfəs alacağıq, maskaları çıxarıb atacağıq, spirtə əl uzatmayacağıq, ictimai yerlərdə qohum olacaq səviyyədə mehribanlaşacağıq, görüşüb-öpüşmək ənənəmizi yenidən dirçəldəcəyik və oturub intizarla operativ qərargahın koronavirusla bağlı yeni statistik göstəricilərini gözləyəcəyik.
Uzun illərədən sonra, nəhayət, Zərdüşt müəllimin də niyə eyzən bədbin proqnozlar verdiyinin sirri çözülmüş olur. Adam bizim nə dərəcədə məsuliyyətli, fərasətli, qabiliyyətli olduğumuzu bilirmiş. Bilirmiş ki, biz bədbin proqnozları doğrultmaq sahəsində ixtisaslaşmışıq.
Yeni proqnoz: bu gedişlə bədbəxtçilik olacaq, bəlkə də İsrafilin Sur düdüyünün səsi tezliklə eşidləcək.