Bu gün 4 iyundur və AXC (+Müsavat) hakimiyyətinə qarşı qaldırılmış hərbi-siyasi qiyamın 27-ci ildönümüdür. Bildiyiniz kimi, 1 illik Elçibəy iqtidarı bu qiyama tab gətirə bilmədi, elə bu iyun ayında da devrildi.
27 il… Obrazlı desək, bir igidin ömrü. Statistik numerologiya elə desək, 324 ay. Günlərə vursaq – 118 min 260+ gün (bəzi illərin 366 gün olduğunu da nəzərə alaq). Yəni uzaq illər.
Bu gün ölkə əhalisinin yarıdan çoxu 1992-93-cü ildən sonra doğulanlardır. O günlərin yetkin şahidlərinin çoxu dünyasını dəyişib. O zaman uşaq olanlar artıq övlad yiyəsidir. O dövrün gəncləri baba-nənə olub.
O iqtidar komandası 1992-ci ilin may ayının 18-dən iyun ayının 18-nə qədər hakimiyyətdə olub -cəmi 13 ay. Günü hesablasaq – 374 gün. 118 265 gün hara, 374 gün hara?
Hərəkatçılar hakimiyyətə gələndə müstəqilliyini bərpa etmiş Azərbaycan dövləti heç 6 aylıq da deyildi.
Ölkədə müharibə gedirdi. Hələ yeni-yeni iməkləməyə başlayan körpə, kasıb dövlətin bütün resursları müharibəyə cəlb olunmuşdu. Mülki vəzifələrə təyin olunan şəxslər belə hərbi mundirdə gəzirdilər.
Rayonların İH başçılarının bir çoxu həm də batalyon komandirləri idilər, səngərdə yatırdılar. İH başçılarının birinci müavinlərinin ən çox gördükləri iş şəhidlərin dəfninin təşkil etmək və hüzr məclislərinə şəxsən qatılmaq idi.
Heç bir İH başçısının evindən, iş kabinetindən, maşınından, cibindən maaşından bir manat artıq pul çıxa biıməzdi.
Biznes qurmaq, şadlıq evi tikdirmək, istixana plantasiiyaları salmaq, rayonda pul qazanılan hər şeyə əl qoymaq, yetim-yesirin ərzaq yardımını basıb yemək söhbəti yox idi.
İş adamlarından, dövlət büdcəsindən maliyyələşən təşkilatların müdirlərindən, təsərrüfat rəhbərlərindən aybaay xərac almaq kimsənin ağlına gəlmirdi.
Raykomlara və Mütəllibovun dövründəki İH başçılarına rüşvət verməyə alışmış müdirlər pul banderolları ilə qapı dalında gözləyir, sonra “gedin, nə rüşvət alın, nə də bizə gətirin” göstərişi alır, İH binasından qovulurdular (bu xüsusda cüzi istisnalar ola bilər).
Vəziyyət bu cür idi. O hakimiyyətin səhvləri, yanlışları vardımı? Vardı. Özü də az deyildi.
Ancaq ədalət hər şeydən üstündür, 1992-ci ilin ikinci, 1993-cü ilin birinci yarısında fəaliyyət göstərmiş iqtidar komandası bütün yanlışlarıyla bərabər ünvanına söylənən qərəzli tənqidlərə layiq deyil.
Bu gün söhbət səhiyyədən düşürsə, bir sıra yaltaq və qərəzkar adamlar mütləq deyirlər: “AXC-Müsavat dövründə səhiyyə sistemində… “. Boş-boş çərənləmə.
Söz təhsilə gəlirsə, iddia edirlər ki, ölkədə təhsil AXC-Müsavat dönəmində bərbad edilib. “Bəs test” deyirsən, susurlar, sonra yenə donquldanırlar.
Kənd təsərrüfatına cavabdeh olanlar yeri gəlmədiyi halda 1992-ci ili xatırlayır, üzüm plantasiyalarının məhz həmin illərdə xaraba qoyulduğunu iddia edirlər. Statistikaya baxırsan, 1988-98-ci illər arasında üzüm sahələrinin ən çox qorunub saxlandığı illər məhz 1992-93 olub.
1990-dan 2000-ci ilə qədər ən çox taxıl məhz 1993-cü ildə istehsal olunub. Amma qərəzkar insanlar “xalq jımıx yeyirdi” deyə özlərini yırtırlar. 1994-95-ci ildə olan çörək növbələrini bilə-bilə 2 il geriyə atırlar.
Srağagün də parlamentin plenar iclasında Qafqaz şeyxülüslamının qardaşı Cavanşir Paşazadə deyib ki, Xalq Cəbhəsi dövründə çayçılıqla bağlı olan torpaq sahələri məhv edilib.
Lənkərandan, Astaradan olan və işin məğzini bilənlər isə deyirlər ki, əslində çayçılığın məhvi 1996-cı ildən sonra başlanıb. Torpaq özəlləşdirilib və çay kolunu əmlak payı kimi bir adama veriblər, onun altındakı torpağı isə başqa adama satıblar.
İndi buna Xalq Cəbhəsi neyləsin, Müsavat neyləsin?
Başqa sahələrdəki vəziyyətdən danışanda da mütləq 1992-93-cü illər xatırlanır. Bu sahələrə cavabdeh olanlar son illərdə (ən azı 5, 10 ildə) gördükləri işdən danışmaq əvəzinə “ağır illər” barədə zəvzəyirlər. Bu, demaqogiyadır, öz günahını, səriştəsizliyini, tamahkarlığını başqa adamların üstünə yıxmaqdır.
Lap tutaq ki, o bir illik hakimiyyət bu deyilən neqativ halların hamısını edib. Bu 27 ildə bütün əyər-əskikləri düzəltmək olmazdımı? AXC-nn bir il hakimiyyətdə olması cavanşir paşazadələrin 27 illik səriştəsizliyinə haqq qazandırımı?
Almaniya Hitlerin, nasist partiyasının üzündən 1945-ci ildə müharibədə məğlub və darmadağın oldu, xeyli ərazi itirdi, fabrik və zavodları, hərbi və mülki texnikası SSRİ-yə daşındı, ölkənin əmək qabiliyyətli kişi resursu minimuma endi, amma aradan 27 il keçəndən sonra, 1970-ci illərdə Almaniya yenidən Avropanın 3 ən güclü dövlətindən birinə çevrildi.
Niyə elə oldu? Ona görə ki, almanlar Hitleri söyə-söyə durmadılar, ölkəni soyub-talayıb, günahı faşistlərin belinə şələləmədilər, “1940-cı illərdə faşistlərin dövründə” deyə demaqoqluq etmədilər, kişi kimi işlədilər, dövlətlərini gücləndirdilər, yenidən ayaq üstə qoydular.
Qoy AXC-Müsavat dövrünü bəyənməyənlər onlara, bütün hərəkatçılara “faşist” desinlər (necə ki, həyasızlıq edərək deyənlər var), bütün xəyanətləri və cinayətləri onların ayağına yazsınlar, eybi yoxdur. Onsuz da xidməti danılanların mükafatı bundan başqa bir şey olmaz. Ancaq onları topa tutanlar ölkəni abadan etsinlər, talamasınlar, İH başçılarının evindən, kabinetindən bir “Şagman” dolusu pul və zinət əşyaları çıxmasın, daha dürüstı, daha vicdanlı çalışsınlar, xalq da görsün ki, düz deyirlər, bunlar daha yaxşı işləyirlər. Yoxsa sovet hökumətinin 70 il “bəy-xan rejimi”ndən danışdığı kimi olmasın.