Məşhur milyarderdən soruşurlar: “Varidatınızın qaynağı haqqında dürüst bəyannamə təqdim edə bilərsinizmi?” Milyarder səmimiyyətlə cavab verir: “İlk 1 milyondan başqa hamısı haqqında məlumat verə bilərəm”.
Məsələ məhz bundadır. Dünyada hələm-hələm varlı şəxs öz milyardlarının ilk 1 milyonu haqqında bəyannamə təqdim edə bilmir. Çünki bu 1 milyonun qazanılmasında mütləq oğurluq, soyğun, rüşvət və korrupsiya, vergidən yayınma, qəsb, qarət və sair cinayətlər var (müstəsna hallar ola bilər, amma bilindiyi kimi, istisnalar qaydanı pozmur).
Bu fikir daha çox Azərbaycan tipli, postsosialist, postsovet ölkələrin mult-milyonçularına, milyarderlərinə aiddir.
Amma budur, ləğv edilmiş MTN-in sabiq rəhbəri Eldar Mahmudovun övladları – 36 yaşlı oğlu Anar və 31 yaşlı qızı Nərgiz Mahmudova ailənin Böyük Britaniyadakı 100 milyon funt-sterlinqlik biznes imperiyasının ilk 1 milyonu haqqında məlumat veriblər.
Onlar bildiriblər ki, ailənin sərvəti XIX əsrdə bəxti gətirən əcdada – Aslan Aşurova gedib çıxır. Yəni onların malik olduqları varidatın əsası babanın 19-cu əsrdə qazandıqlarıdır, qorunub-saxlanıb və onların 21-ci əsrdə uğurlu biznes imperiyası qurmaları üçün bazis kapital rolu oynayıb.
Nağıldır, əlbəttə. Buna bəlkə də yerin altını-üstünü bilən, Vanuatudan tutmuş ABŞ-a qədər dünyadakı bütün varlıları öz dumanlı adalarına cəlb edən ingilisləri inandırmaq olar, amma sadəlövh azərbaycanlıları – əsla.
Baxaq, görək, Aslan Aşurov kim olub…
Mahmudovlara qohumluğunun necə çatmasına dair informasiya olmasa da, Azərbaycan tarixində belə bir adam olub. Aşurovlar hələ 18-ci əsrdə tacir ailəsi kimi tanınıblar. Bu sülalənin bir üzvü – Hacı ağa Aslan oğlu Aşurov Azərbaycan Xalq Cümhuriyyətində nazir vəzifəsi tutub – əvvəlcə ticarət və sənaye naziri olub, sonra ərzaq naziri, daha sonra poçt xidməti və teleqraf naziri vəzifələrində çalışıb.
İlk baxışdan Mahmudovlar düz deyirlər, Aslan Aşurovun oğlu AXC dönəmində 3 nazirliyə rəhbərlik edibsə, demək, nəslin o biri üzvləri də istər çar dövründə, istərsə də istiqlal dönəmində üzdə olub, pul-para qazanıblar.
Amma 1920-ci ildə onların dövranı tərsinə döndü axı. Ölkənin digər varlıları kimi, Aşurovlar da pərən-pərən düşməyə məcbur oldular. Amansız sovet rejimi nəslin öndə gələnlərini təqib etdi, bizneslərini, mülklərini müsadirə etdi, repressiyaya məruz qoydu.
21-ci əsrdə biznes quruculuğuna xərcləməkdən ötrü 1 milyonu (və ya yüz mini) qoruyub saxlamaq üçün onun azı startda 100 milyon olması gərək idi – həm xərcləndikcə qurtarmasın, həm də nəslin yüzlərlə başqa nümayəndələrinə də çatsın.
Hər küçədə, hər nəsildə, az qala hər evdə çuğulları olan sovet çekistlərindən o qədər pulu necə qoruyub saxlamaq olardı? Heç cür. Tarixdə belə bir fakt yoxdur. Bir ovuc Nikolay onluğunu, qızıl və ya gümüş kəmərləri, əntiq boyunbağıları gizlədib saxlayanlar, əlbəttə, olub və müharibə zamanı onun hesabına başlarını dolandırıblar. Amma küplərlə dolu qızılı qorumaq heç kəsə müyəssər olmayıb.
Olsaydı, ölkənin ən varlı adamı Tağıyevin qızı Sara xanım ömrünün son illərində səfil durumuna düşməzdi. Eləcə də o biri milyonçular. Var-dövlətinin miqyasına qalsa, Aslan Aşurov və onun züryətləri heç 100 il öncənin “milyonçular klubu”nun üzvü olmayıblar.
Amma işə baxın, milli milyonçularımızın hamısı müflis olub, bütün varidatlarını itiriblər, hətta sığındığı İranda dilənçi gününə qalanlar olub, yalnız Aşurovlar 80-100 il boyunca var-dövlətlərini qoruyub saxlayıblar və bu hüdudsuz var-dövlətdən böyük nəslin hər bir fərdinə böyük məbləğlər çatıb.
Bütün bunlar havayı söhbətlərdir. Mahmudovların İngiltərədə 100 milyon funt-sterlinqlik varidatlarının qaynağı ötən əsrlərdə qazanılmayıb, 2005-ci ildən sonra əldə edilib.
Vaxtilə DİN-in nəzdində sosialist əmlakını dağıdanlarla mübarizə işi ilə məşğul olan Eldar Mahmudov MTN-ə rəhbər təyin olunandan sonra yeni əmələ gəlmiş kapitalistlərin başında turp əkdi, dövlət şirkəti və konsernlərinin həm də biznesmen olan rəhbərlərini rəhbərlik etdiyi nazirliyi dəmir barmaqlıqlı otaqlarına “qonaq çağırdı”, Tağı Əhmədov kimi adamlardan 3 milyon qapazladı və nəticədə Londonda biznes imperiyası qurmağa bəs edəcək qədər pul-para toplandı. Məsələ budur. Yoxsa nə 19-ci əsr.. nə tacir sülaləsi…