Ölkə insanları Qarabağı, Şuşanı unutmur, belə görünür ki, unutmayacaq. Dünən mediada və sosial şəbəkələrdə qeydlər edən minlərlə insanın reaksiyası bunu bir daha göstərdi.
Şuşa Qarabağın simvoludur deyə, hər ilin mayında, eləcə də məqamı gəldikcə ölkə insanının həssas nöqtəsinə çevrilir.
Mayın 21-də Qarabağdakı erməni separatçılarının və onların İrəvandakı havadarlarının qondarma “DQR”-in yeni başçısı üçün andiçmə mərasimi təşkil etmələri açıq yaramızın üstünə səpilmiş duz ağrısı verdi.
Söz yox ki, ermənilər bunu qəsdən etdi. Zatən, onların bütün işi-gücü, fəaliyyəti bizimlə, Anadolu türkləri ilə öcəşmək, acıq vermək, düşmənçilik sürdürməkdir.
Bu isə əslində erməni cəmiyyətindən çox bizə sərf edir. Ermənilər belə etdikcə bizim unutqanlığa meylli toplumumuz qıcıqlanır, nəyi itirdiyinin fərqinə varır, hiddətlənir, düşmənə nifrət ruhuna köklənir.
Ermənilərin ağlı olsa, belə qıcıqdoğurucu şeylər etməzlər. Necə ki, onların ABŞ-dakı, Fransadakı, Rusiyadakı himayədarları vaxtaşırı ortaya “xalq diplomatiyası” kimi avantürist layihələr atır, ortadakı gərginliyi azaltmağa çalışırlar.
Əcnəbilər bizim zəif damarımızı yaxşı tutublar, bilirlər ki, bu iş acıq verməklə, öcəşməklə yeriməyəcək, biz işğalla, aqressiya ilə barışmayacağıq. Onlar onu da bilirlər ki, bizi yalnız dilə tutmaqla, başımızın altına yastıq qoymaqla, eyzən xalqlar dostluğundan danışmaqla yola gətirmək olar. Bu cür durumlarda adətən sıyılan, yumşalan tərəf biz oluruq.
Ancaq məhz ermənilər vaxtaşırı yürüdülən siyasətin içinə zibil qoyur, “xalq diplomatiyası” layihələrini iflasa uğradırlar. Onlar rayonlarımızın işğal günlərində lovğalanmaqdan, “qəhrəman əcdadlarının layiqli davamçıları olmaq”dan bəhs edərək, pafos püləməkdən özlərini saxlaya bilmirlər.
Belə olanda, keçirilən “qələbə təntənələri”nə aid mərasimlərdən çəkilmiş şəkilləri, videoları görəndə isə Azərbaycanın vətənpərvər insanlarının hiddəti kükrəyir. Artıq onların yanında heç kəs sülhdən, barışmaqdan, münaqişənin danışıqlar yolu ilə tənzimlənməsindən bəhs edə bilməz. Ağıllarda yalnız bir hiss hökm sürür: qisas.
Dünən ölkə vətənpərvərləri heç vaxt olmadığı qədər hiddətli idilər. Ermənilərin Şuşadakı şənlik mərasiminin vurulmasını tələb edən, separatçılara qarşı hərbi əməliyyatlara start verilməsini istəyən minlərlə adam vardı.
Fəqət insanların bu arzusu elə arzu olaraq da qaldı.
Heç kəs onları psevdopatritizmdə qınamasın. Belə deyildi. Bu arzular və hiddət içdən gəlirdi. İnsanlar səmimi qəlbdən savaş və bu yolda şəhid olmaq arzusu ifadə edirdilər.
Onların içində zatən Qarabağ fədailəri, könüllü döyüşçülər, əzalarını Qarabağda itirmiş qazilər vardı. Bu adamlar bir dəfə, gəncliklərində özlərini vətənə qurban deyiblərsə və ediblərsə, ikinci dəfə etmələrində yalançı patriotluq axtarmağın özü əbləhlik olar.
Bununla belə, hamımız bilirik ki, müharibə emosiyalarla, hikkəylə idarə olunan iş deyil. “Hikkəylə qalxan zərərlə oturar” deyib atalar. Müharibə dəmir güc, iti ağıl, soyuq mühakimə tələb edən sənətdir.
Müharibəni uğurla başlayıb, qələbə ilə başa çatdırmaq üçün isə bir çox amillərin məcmusu lazımıdr. Biz, əlbəttə, hərbi texnikada, döyüşçü sayında, hətta qələbə (qisas) əzmində ermənilərdən güclüyük, xarici müdaxiələr olmasa, şahmatda olduğu kimi, qaralarla başlayar, iki-üç gedişə ermənilərə mat elan edərik.
Ancaq ortada ciddi, olduqca ciddi xaricə müdaxilə faktoru var. Elə 4 il öncə Aprel döyüşlərində də Azərbaycan əsgərlərinin irəliləməsinin qarşısını o faktor aldı. Ermənilər 8 saat boyunca Moskvaya minlərlə telefon zəngi etmiş, Kremlin münaqişəyə müdaxilə etməsinə nail olmuşdular. Bir neçə gündən sonra isə həyasızcasına “Moskvanın xəyanəti” barədə palaz-palaz yazılar yazırdılar.
Hələ gecəylə ABŞ-dan, Avropanın qüdrətli dövlətlərinin paytaxtından gələn zənglərdən bəhs etmirəm.
Acı reallıq budur ki, əzəli torpaqlarımızı işğaldan xilas etmək üçün hərbi yol xəritəsi öz əlimizdə deyil və bu, bizi çox ağrıdır. Həm də nə vaxt belə bir imkana sahib olub-olmayacağımızı bilmirik. İndilikdə əlimizdən gələn odur ki, Qarabağı unutmayaq, dümənə nifrətimizi səngitməyək, tələ quranların oyununa gəlməyək, dövlətimizi qüdrətli, əsgərimizi güclü və döyüşkən etmək istiqamətində yorulmayaq…
Əlbət, bir gün əlverişli fürsət olacaq… Olmaması mümkün deyil.