Qaramaskalı oğlana xalq xitabı: “Nə gəlməz oldun...”

Bir dost-simsar rayondan zəng vurub, yarısitəm-yarıərk şəkildə deyir: “Məllim, qaramaskalı oğlan bizim rayona gəlmədi axı…”

Çox adam səsdəki və sözlərdə hansı duyğuların yatdığını buradan oxumaqla anlamaz. Bunu eşitmək lazımdır.

Bu, təxminən kənd yerlərində mal-davar növbəsinə gedən və sürünü başqa sürü ilə qarışdırdığı, nəticədə çoxlu heyvan qarışıq düşüb yad qapıya getdiyi üçün heyvan yiyələrinin itiyi ilk cəhddə tapa bilməyərək yenidən nobatçının qapısına gəlməsi halıdır: “Əmoğlu, qara toğlunu tapmadım axı”.

Burada hüzn də var, ümid də, hədə də, şübhə də. Şübhə ondan ibarətdir ki, bəlkə növbəyə gedən adam qara toğlunun başını əkib, ona görə tapılmır. Hədə isə qara toğlunun tapılmayacağı təqdirdə o boyda bir heyvanla kompensasiya edilməsinin zəruriliyini nəzərdə tutur.

Amma qaramaskalı oğlanı rayonlara mən göndərmədiyim üçün rayondan zəng vuran rəfiqimin qarşısında heç bir cavabdehlik daşımırdım, ona görə də söhbəti çox uzatmadım, “bir az da gözləyin, əl-əlbət gələcəklər” (itiklə bağlı deyilən “bir az da axtarın, əl-əlbət tapılacaq” sözlərinin analoqu) demədim. Eləcə, dedim ki, vallah, bilmirəm, hökumət işidir.

Dost isə əl çəkmədi: “Yəni deyirsən, tutqular davam edəcək?” “Demirəm, bilmirəm”. “Yəni fso, 3-4 başçı tutdular, iş bitdi?” “Seyidin cəddi haqqı, məlumatım yoxdur”. “Orada nə deyirlər, bir işıq ucu yoxdur?” “Biz də gözləyirik”.

Bu, axırıncı söz sırf həqiqəti əks etdirir. Gerçəkdən də gözləyirik. Bəlkə də İH başçılarının tutulmasını rayonların zərərçəkən sakinlərindən çox məhz jurnalistlər gözləyir. Kəndə yas düşməsini gözləyən, gizli-gizli arzu edən molladan pis olmuşuq.

Açığı budur ki, iri kreslolu məmurların tutulması çörəkli işdir. “Çörəkli iş” deyərkən heç də həmin məmurların işini aparan müstəntiqlərə, müsadirəçilərə, hakimlərə, vəkillərə işarə etmirəm. Haşa! Hüquqi dövlətdə yaşayırıq, qanunun aliliyi hər şeydən üstündür. Mən sadəcə, məmur tutqusu vaxtı qəzetlərin və saytların oxucu auditoriyasının genişləndiyini qəsd edirəm. “Qəsd edirəm” də pis çıxırsa, onu də yumşaldım: “… nəzərdə tuturam”.

Harada qalmışdıq, nədən danışırdıq? Bəli, ondan ki, rayonlarda xalq çox narahatdır və çox ümidlidir. Xalq ondan narahatdır ki, birdən qaramaskalı qardaşın səfərləri səngiyər və bitər. Eyni zamanda xalq ona ümidlidir ki, rüşvətxor məmurların tutqusu 3-5 nəfərlə yekunlaşmaz, hər halda, davam edər.

Ona görə də bəziləri orada-burada (əsasən hüzr məclislərində – bildiyiniz kimi toy-nişan büsatı yoxdur) adama deyirlər, nə oldu, qaramaskalı oğlanın yaradıcılığı elə bundan ibarətdir? “Daha ölkədə korrupsioner qalmayıb”, – deyə sual edirlər.

Bilmirsən, nə cavab verəsən. Nəslin, elatın oxumuş adamı olmaq da çətin missiyadır. Trampın növbəti dəfə seçilib-seçilməyəcəyindən tutmuş, koronavirus pandemiyasına qədər gündəmdə olan bütün suallara səhih və arzuolunan cavab verməlisən. Məsələn, pandemiya barədə arzuolunan cavab “virus-mirus yoxdur, hamısı oyundur”dur. Belə desən, ziyalılığına şəkk eləməzlər.

“Qaramaskalı oğlan”ın səfərləri barədə suallara da gərək ürəkaçan cavab verəsən. “Yox, ta heç kimi tutmayacaqlar, o iş bitdi” desən, xalqın ümidlərini daşa vurub çilikləmiş olarsan. “Yaxınlarda sizin rayonun başçısını da aparacaqlar, kinosunu da televizorda göstərəcəklər” demək də xatalıdır. Heç bir həftə çəkməyəcək ki, zənglər gələcək: “Bəs deyirdin, gəlib aparacaqlar, nə oldu? Bu hələ obyekt tikdirir e”; “Niyə gəlmədilər, dağıdır e rayonu” və s.

Di gəl, cavab ver. Amma bir optimal çıxış yolu var. “Kinosu hələ tam hazır deyil” demək. Hamı başa düşür ki, belə tutqular kinosuz olmur. Mütləq maraqlı, inandırıcı film olmalıdır. Məsələn, Vilyamın dramı daha effektiv alınmışdı, qablanmış avrolar, dollarlar başqa aləm idi. Xalq ondan əvvəl və sonra tutulanları bir qırağa qoyub, eyzən ondan danışır.

Ən yaxşısı odur ki, naməlum qaramaskalı qardaşı rayonlara göndərən şəxslər xalqın ümidlərini doğrultmaq istiqamətində qərarlar qəbul etsinlər. Məşhur mahnıda deyildiyi kimi, “könül intizarda, göz yol üstədir və ya ”gözm yoldadır, qulağım səsdə, hər addım səsi məni aldadır”-filan.

Gəlin, müəllimləri intizarda saxlamayaq, açın pərdələri… görək pərdə arxasında nə var…