Bakının Nizami rayonunda kiminsə qanunsuz balkon qayırmaq arzusuna yaşıl işıq yandırıb, bunun üçün 10 min manat almış, lakin sonradan həmin estetik, paytaxtımızı daha da gözəlləşdirəcək əməliyyatı həyata keçirməmiş JEK rəisi tutulmuşdur. Yaxşı əməliyyatdır, ancaq elə bil kalibri, ranqı bir az kiçiltdik. Hər halda, icra hakimindən nazir müavininə qalxandan sonra amplitudanın qəfil enib JEK-ə düşməyi bizim inkişafımıza yaraşan hal deyildir. Belə qrafiki xaricdə nümayiş etdirə bilmərik.
Görünür, burada bəzi nazirlərin dövlətçiliyə yad məfkurəsi rol oynayır. Müavini tutulub, ancaq özü tutulmaq istəmir. Millət hər gün bunu istefaya çağırır, hətta arada ümid edirik bəlkə utandığından, xəcalətindən xəstələnmək adıyla işə çıxmaz, ancaq idarədən açıqlama gəlir, deyirlər, xeyr, elə şey yoxdur, nazir hər gün işinin başındadır, gecələr kabinetində yatır, istəsəniz kamera çəkilişləri vasitəsilə izləyə bilərsiniz – vaxtı çatanda. Deyir hələ idarənin büdcəsində nə qədər pul qalır, onları yeməmiş hara getsin.
Tək o deyil, başqa nazirləri də vaxtaşırı istefaya səsləyirik. Arqumentlər isə məzəlidir. Guya ana dilini bilmirmiş. Bəlkə heç onun ana dili başqa dil qrupuna aiddir? Haradan bilirsiniz? İnsanları belə irqi, milli, dini, cinsi söhbətlərə görə sıxışdırmaq lazım deyildir, yoxsa sən də düşərsən müxalifətin gününə. Sözgəlişi, iqtidarın müxalifətin üstünə son günlər çox getməsini, yararsızlıqda-filanda suçlamasını anlamıram. Əgər müxalifət bu vəziyyətə düşübsə, ölkədə müxalif fikir deqradasiyaya uğrayıbsa, bunun günahı, səbəbləri ilk növbədə hakimiyyətin siyasətində axtarılmalıdır. Demək, sən normal müxalifətin formalaşmasına imkan verməmisən. Zarafat deyil, ortada axı 27 illik fəaliyyət dövrü var. Bu qədər vaxtda daha yaxşı, daha konstruktiv müxalifətin neçə dənəsini istehsal eləmək olardı, nə qədər partiya qurardın, hətta xaricə müxalifət satmalıydıq. İndi isə nə görürük? Xaricdən bizə müxalifət sırımaq istəyirlər! Necə olur, biz peyk uçurduruq, maska istehsal edirik, rayonlarda hər evə ayrıca yol çəkilib, ancaq müxalifətimiz yoxdur. Buna cavabdeh olan iqtidar nümayəndələri cəzalandırılmalıdır, düzdür, bəziləri işdən çıxarılıb, lakin düşünürəm hələ içəridə qalanlar vardır.
Bu temada Molla Nəsrəddindən yaxşı pritça var, deyir bir gün camaat yığışır, hansısa dərdini-azarını Teymurləngə çatdırmaq üçün Mollanı deputat seçirlər… üzr istəyirəm, elçi göndərirlər. Molla gəlir qəbula, Teymurləng onunla məzələnmək üçün deyir: “O boyda kənddə bir adam yox idi, səni göndərdilər?” Molla Nəsrəddin tövrünü (doğrusu, bu “tövr” nədir, heç bilmirəm, ancaq onu bilirəm ki, qədim əhvalatlarda belə bir zad olurdu və çalışırdılar ona xələl gəlməsin) pozmadan deyir: “Qibleyi-aləm, adam vardı, ancaq adamı adam yanına göndərdilər, məni də sənin yanına”.
Qayıdaq dövlətçiliyin möhkəmlənməsi temasına, yağlı tema odur. JEK-lərin balkona görə tutulmasından başqa da son günlər əməliyyatlar olmuşdur, örnək üçün, Bakının Qaradağ rayonunda poçtun 3 işçisi ələ keçmişdir. Orada poçtun içindən 16 min dollar, plyus 28 min manat oğurlanıb, yoxlama gələndə pulu yerində tapmayıbdır. İndi deyir pulları elə poçtun öz işçiləri qapazlayıbdır. Vəhşi Qərbə aid vestern filmlərində pul aparan poçt dilicanslarının soyulması yadıma düşdü. Əcəb işdir. Bəlkə də bunlar camaatın məktublarını da açıb oxuyurmuşlar! Kimə, nəyi etibar edəsən, bilinmir. Çətin vəziyyətdir. Adam iqtidarı çox qınaya bilmir, bu qədər düzgün, təmiz, halal adamı haradan tapasan? Hərə bir tərəfdə oğurlayır, sonra deyirlər niyə Qarabağ qayıtmır, niyə məktəb açılmır, niyə müxalifətimiz yoxdur və sairə. Hələ bunlar yeyib doyublar, guya başqası gəlsə nə olacaq?
Əslində mən siyasətə qarışmıram, heç bilmirəm bunları niyə yazdım.