Yazı-pozu adamı olaraq ən böyük arzularımdan biri odur ki, heç olmasa ikicə ay cinsi azlıqlar mövzusu gündəmə oturmasın (hər mənada): nə onlara hücum olsun, nə onlar kiməsə hücum eləsin, nə onlar və tərəfdarları özlərini müdafiə etmək zorunda qalsın, nə də kimlərsə özlərini onlardan qorumağa məcbur olsun.

Amma olmur. İki aydan bir, bəzən də ayda bir dəfə bu söhbətlər qabarır, sosial şəbəkə LGBT abbreviaturası və bayrağı ilə təpili-tıxılı olur.

Hiss olunur ki, cəmiyyətin həssas kəsimi heç də yoxsulluq həddindən aşağıda yaşayanlar deyil, məhz cinsi azlıqlar və sırf humanism prinsiplərini əldə rəhbər tutaraq onlara qahmar çıxanlardır (kimsə cinsi azlıqları müdafiə edirsə, bu heç də həmin adamın özünün cinsi azlıq təmsilçisi olması demək deyil, adam sadəcə, insanpərvər, qanunpərəst biridir, azlıqda olanları müdafiə etməyə çalışır).

Elə insanlar da var ki, prinsipcə, cinsi azlıqlara qarşı çox dözümlüdür, onlara qarşı nifrəti yoxdur, amma yeri gələndə onları müdafiə etmir, bitərəf qalır, adına söz çıxacağından qorxur.

Söz vaxtına çəkər, iki il öncə may ayında Almatıda beynəlxalq konfransda iştirak edərkən bizim Hacıkəndə oxşayan bir məkandakı restoranda müxtəlif millətlərdən olan həmkarlarımızla 3-3, 5-5 dayanıb söhbət edirdik. Həmsöhbətim iki qazax qadın jurnalist və bir tacik oğlan idi. Birdən qazax qadınlarla tanışlığı olan bir kişi bizə yaxınlaşdı (yaş 38-40), məlum oldu ki, memar-dizaynerdir. Ordan-burdan söhbət etməyə başladıq. Memarın danışığından, ədasından, nazlı hərəkətlərindən hiss etdim ki, adam hetereseksuallar diviziyasından deyil, homoseksuallar taqımındandır.  Amma nə olsunE Memar bəy çox pozitiv adamıydı, qadınlara bir az iltifat edəndən sonra ədəbli bir şəkildə sağollaşıb getdi. Tacik həmkarım bir az həyasız və şən adam olduğundan dərhal zarafata salaraq qadınlardan memarın cinsi oriyentasiyasını soruşdu və onlar təsdiqlədilər ki, bəli, adam homoseksualdır və heç kəsdən gizlətmir.

Qadınlar dedilər ki, bu cür adamlara dözümlü yanaşmaq lazımdır, çünki ziyanlı adamlar deyillər. Doğrudan da əgər psixoloji olaraq özünü onlardan fərqli və uyuşmaz sayırsansa, məsafə saxla, qaynayıb-qarışma. Amma “onların hamısını qırmaq lazımdır”, “cəmiyyətdən təcrid etmək vacibdir” kimi şüarlar söyləmək, çağırışlar etmək qəbahət, hətta cinayətdir.

Yadıma yenə ölkə xaricində baş verən bir hadisə düşür. 3-4 il əvvəl bir qrup azərbaycanlı jurnalist dekabr ayında Belçikadan  Hollandiyaya gedirdik. Yolun hamarlığına, yol kənarının abadlığına, çəmənliyə, gözəl plantasiyalara heyran qalmışdıq. Birdən məşhur jurnalistlərdən biri dedi: “Sonra da deyirlər ki, hollandlar petuxdur. Petux onlar deyil e, bizik ki, belə yolumuz, çəmənliyimiz, abadlığımız yoxdur”.

Biz o məqamda bu sözə gülüb keçdik, amma üzərində düşünüləsi söhbət idi. Həmkarımız o mənada deyirdi ki, əsas qəbahət olan insanların seksual tərcihi deyil (bu söz də babat dəb oldu ha), mənəvi naqisliyi, işbilməzliyi, pisniyyət olmasıdır.

Danmağa ehtiyac yoxdur ki, bizim cəmiyyətdə homofobiya güclüdür. Düzdür, bizdə psixopatlardan ibarət homofob qruplar yaradan, cinsi azlıqları təqib edib, gecənin qaranlığında öldürən yoxdur, amma onları aşağılayan, “qoluboy”, “petux” adlandırıb təhqir edənlər çoxdur. Hətta kişi qismindən olan azlıqların adının ana dilimizdəki qarşılığının işlədilməsini istəyənlər də var, deyirlər ki, öz dilimizdə daha yaxşı səslənir.

Fikir versəniz, görərsiniz ki, hələm-hələm adam özünü cinsi azlıqları təhqir etməkdən saxlamır. Hətta ölkəyə demokratiya və insan haqları-filan gətirmək üçün özlərini ülgücləyənlər belə cinsi azlıqlara nifrət və çirkab püskürürlər. Videosu da yayılıb, baxmış olarsınız.

Uzun sözün kəsəsi, könül istər ki, bu mövzu tez-tez qabarmasın. Hər kəs öz həyatını bildiyi kimi yaşasın, nə kimsə cinsi azlıqlardan olduğu üçün xəcalət çəkməsin, nə də kimsə heteroseksual olduğu üçün bunu üstünlük sayıb qürur duymasın. Hətta yaxşı olar ki, cinsi azlıqlar da bir az təvazökar olsunlar, “mən geyəm” deyə qürur duymasınlar, eləcə də elə situasiya yaranmasın ki, adamlar heteroseksual olduqları üçün xəcalət çəksinlər.

Həyat təkcə cinsəl münasibətlərdən ibarət deyil ki, hər gün sözü hərləyib-fırlayıb bel kəmərinin üstünə gətirək. Bu cür problemlərini həll etmiş millətlər trans-Atlantik və ya trans-Avrasiya enerji kəmərləri çəkməyi düşünürlər, biz isə hələ “trans”ları müzakirə edirik.