Nə qədər çeynənmiş fikir olsa da, həqiqət budur: dünyada korrupsiya və rüşvətxorluğun olmadığı bir ölkə belə yoxdur. Bu neqativ hal dünyanın ən firavan ölkələri olan Norveçdə, Kanadada, Yaponiyada da var, ən kasıb ölkələri olan Zimbabvedə, Nigeriyada, Banqladeşdə də.
Korrupsiyaya ən qapalı, sərt rejimə malik ölkələrdə də (Şimali Koreya, Kuba, Çin) rast gəlmək olur, ən demokratik ölkələrdə (Hollandiya, Danimarka, Almaniya) də.
Ən böyük ölkələr (Rusiya, ABŞ, Hindistan, Braziliya, Argentina) də korrupsiya maxinasiyalarından sığortalanmayıb, ən kiçik ölkələr (Vanuatu, Andorra, Farer adaları) də…
Çox vaxt korrupsiya və rüşvətxorluq “aşiqləri” məhz bu amildən yapışır, “korrupsiya hər yerdə var” deyə özlərinə bəraət qazandırırlar.
Düzdür, onlar korrupsioner olduqlarını heç vaxt etiraf etmirlər, amma özləri bilirlər ki, korrupsionerdirlər və əməllərinə ictimaiyyət arasında haqq qazandırmaq üçün ehtiyac hiss edirlər.
Fəqət dünyanın bütün ölkələrində olan korrupsiya mühitinin arasında böyük fərqlər var. Korrupsiya bir çox ölkələrdə təqib olunur, ciddi cəzalandırılırsa, bəzilərində açıq bazardır, norma sayılır.
Bir çox ölkələrdə dövlət idarələrinin korrupsiyaya uğrama faizi 10-dan aşağıdırsa, bir o qədərində, hətta daha çoxunda 90-nın üzərindədir.
Ancaq biz bu yazıda dünyanın o biri 200 ölkəsindəki korrupsionerlərdən bəhs etməyəcəyik, öz korrupsionerlərimiz dünyaya yetər.
Son beş ildə ölkədə sistemli olaraq antikorrupsiya əməliyyatları aparılır. Buraya ləğv edilmiş MTN-i açıq bazara, xərac toplayan quldur yuvasına çevirmiş, əsas məşğuliyyətləri korrupsiya olan generalların (eləcə də polkovniklərin) ifşası və həbsi, eyni xətti aparan Rabitə və İnformasiya Nazirliyinin rəhbər işçilərinin cəzalandırılması, Nəqliyyat Nazirliyinin ləğvi, bir sıra mafioz “hörümçək”lərin öz toxuduqları torun mərkəzindən qoparılması, nəhayət, son aylarda yüksək vəzifəli məmurların korrupsiyada ittiham edilərək məsuliyyətə cəlb edilməsi kimi əməliyyatlar daxildir.
Bu, onun göstəricisidir ki, artıq ölkədə bu mərəz gözardı edilməyəcək səviyyədədir və görülən tədbirlər, “cərrahi müdaxilələr” onun metastaz verməsinin qarşısını almaq üçündür. “Kimya terapiyası” artıq effekt vermir.
Ancaq o da hər kəsə bəllidir ki, görülən bütün tədbirlər, keçirilən əməliyyatlar yetərli deyil, tüğyan edən korrupsiyanı bir qədər zəiflədə bilir, problemi böyük ölçüdə həll etmir.
“Buna da şükür” deyənlər bir neçə il öncəyə qədər MTN-də, Nəqliyyat Nazirliyində baş verənləri misal göstərir, bu və digər nazirliklərə rəhbərlik edən odioz fiqurlarla müqayisədə yenilərin adının korrupsiya qalmaqalında hallanmadıqlarını deyirlər.
Burası düzdür. Yenilər hələ ki xalq arasında da məşhur deyillər, onların barəsində “bu obyekti filankəs alıb”, “o şadlıq evini filankəs tikdirir”, “bunun monopoliyasi filankəsə məxsusdur” kimi söz-söhbətlər getmir.
Bununla belə, heç bir təminat yoxdur ki, 2-3 ildən sonra elə olmayacaq. Adətən yüksək mənsəbli məmurlar tutduqları vəzifədə bir az köhnəldikdən, kökləndikdən sonra öz ətraflarında biznes imperiyası və mafioz birləşmələr yaradırlar.
Bir əliəyri, tamahkar, acgöz, zalım məmuru işdən götürürlər, hətta tuturlar, yerinə təyin edilən şəxs bir müddət sonra ya onun kimi olur, ya da daha betər. Sonra başqa biri, ondan sonra bir ayrısı gəlir, yenə elə olurlar. Beləcə, karusel fırlanır.
Azərbaycan tipli ölkələrdə korrupsiya və rüşvətxorlaq insan amilindən çox, sistem faktoruna söykənir. Korrupsiyanı bəlli bir çərçivədə, cilovda saxlayan ölkələrin uğuru ondadır ki, heç nəyi insanın vicdanına buraxmayıblar, əliəyriliyi məhdudlaşdıran çoxlu mexanizmlər yaradıblar.
Yoxsa tutaq ki, bir avropalı məmur azərbaycanlı məmurdan heç də daha az tamahkar deyil. O, sadəcə, ona görə öz qanuni qazancıyla kifayətlənir ki, ictimai-siyasi nəzarət altında olduğunu, qanundan kənar iş görəndə cəzalanacağını bilir. Öz ölkəsində qanundan qorxan, dürüst işləyən bir çox avropalı məmur və deputatların 3-cü dünya ölkələrində necə rüşvətxorluq bataqlığına batdığını çox görmüşük.
Başqa sözlə, ölkəmizin korrupsiya burulğanında məhv olmaması üçün işlək nəzarət mexanizmləri yaradılmalıdır. Hakimiyyət qollarının indikindən daha müstəqil olması həmin mexanizmlərin yaradılmasının başlanğıcı ola bilər. Əks halda, çox çətin olacaq.