Başçıların tutqusu

Srağagün daha bir İH başçısının və müavinlərinin qandallandığı barədə xəbərlər sosial şəbəkədə dolaşdı, ancaq təəssüf ki, doğrulmadı.

Hər kəs elə bildi ki, bu adi feysbuk şayiəsidir və ondan başqa bir şey deyil. Hər bu cür xəbər düz çıxmaz ki…

Hamımız bilirik ki, sosial şəbəkələr şayiələrin yayılması və tirajlanması üçün əlverişli platforma olduğundan şayiələrin burada yayılması təbiidir.

Dünən isə yayılan xəbər təsdiqləndi. Məlum oldu ki, qara maskalı, xaki pencəkli əməliyyatçılar bu dəfə İmişli rayonuna gedibmiş.

Əslində bu cür xəbərlərin bu qədər sürətlə yayılması və geniş miqyas alması həm də  ona görə təbiidir ki, bu, insanların arzusudur.

Minlərlə insan istəyir ki, o cür xəbərlər şayiə olmasın, tezliklə doğrulsun, özü də bu, məhz onların doğulduğu, yaşadığı rayonda baş versin.

Bu arzunun şiddəti ölkədəki korrupsiyanın şiddəti ilə düz mütənasibdir.

Vəziyyət elədir ki, bu gün 50 İH başçısını, eləcə də daha kiçik və daha böyük vəzifə sahiblərini həbs etsələr, ortaya 5 adam çıxmaz, “o, halal adamdır, niyə tutursunuz” deməz.

Həmin adamlar vəzifə başında olanda isə barələrində güldən ağır nəsə yazan jurnalisti topa tutan yüzlərlə “trol” meydana çıxır. Bunlar əsasən büdcə təşkilatlarında çalışan və başçının gözünə girmək istəyən yaltaq karyeristlərdir.

Adam qandallananda isə onlar su dibinə çəkilir, siçan deşiyinə girir, dünən öyüb göyə qaldırdıqları adamı nəinki müdafiə etmir, hətta soruşan olanda yerin dibinə soxurlar.

Bunlar heç, bizim durumda olan ölkələrdə yaşayan insanlar üçün normal haldır.

Normal olmayan son 5 ayda artıq 5-ci İH başçısının eyni ittihamlarla və eyni şəkildə saxlanılmasıdır. Birinci həbslə sonuncunun arasında 5 ay var.

Bu, o deməkdir ki, heç kəs özündən əvvəl “gözü çıxarılan qardaşın aqibəti”ndən ibrət götürməyib.

Ya onlar özlərini arxalı və toxunulmaz hiss edirlər, ya da tutulanların hər halda “nəsə başqa səbəbdən” qandallandığını düşünürlər.

Onlara görə bu ölkədə korrupsiya və rüşvətxorluq həbs olunmaq üçün səbəb deyil, nəsə başqa bir “tutarlı” səbəb olmalıdır.

Bu cür fikirlər ictimaiyyət arasında da geniş yayılıb. Hamı bu tip məmurların əsas əməlinin korrupsiya və rüşəvtxorluq, eləcə də talançılıq olduğunu bildiyi halda, yenə də aktın pərdəarxası təfərrüatlarını axtarır.

Bu, “pərdəarxası təfərrüatlar” çox vaxt məmurun “şəxsi sədaqətindəki əyintilər”dən, “vurulmuş klana bağlılıq”dan və sair “yekəbaşlıqlar”dan ibarət olur.

Bir gün özlərinin də həbs oluna biləcəyinə inanmayan, inanmaq istəməyən məmurlar inanırlar ki, “gözü çıxan qardaşlar” özlərini yaxşı aparsaydılar, vaxtında paylaşımlar etsəydilər, bölsəydilər, çatdırsaydılar, onların başına bu iş gəlməzdi.

Adamların bir çoxu hələ də ölkədə hansısa başqa bir prosesin start götürdüyünü, dövranın, şərtlərin dəyişdiyini anlamayıb. Onların ağılları vəzifəyə təyin olunduqları dövrə, həmin şərtlərə gedir, hesab edirlər ki, onlardan tələblər eyni qalıb, həmin tələblərə pis-yaxşı cavab versələr, zavala gəlməzlər.

Tələblər isə dəyişib, belə görünür.

Hər halda, ard-arda 5 icra başçısının qandallanması yeni bir xəttin götürülməsi deməkdir. Bu tendensiyanın ötən ilin noyabrında Prezident Administrasiyasında baş verən kadr dəyişikliyindən sonra başlanması təsadüfi deyil və onunla birbaşa bağlıdır.

Ancaq bu, ölkədə aparılan kadr siyasətinin köklü dəyişikliyidirmi, deyilmi, hələ də qəti söz demək mümkün deyil.

Əgər söhbət vəd və elan olunan islahatlardan gedirsə, bu, o deməkdir ki, milyonçu başçıların həbsi il boyunca davam edəcək. Belə olmalıdır. Başqa korrupsionerlər nəyə görə qıraqda və cəzasız qalmalıdırlar ki?

Qanun qarşısında hamı birdir. Ağstafa, Yevlax, Neftçala, Biləsuvar, İmişli rayonlarının sabiq başçıları heç də adı çəkilməyən bir çox rayonların başçılarından artıq və ya əskik kişilər deyildi. Onların 90 faizi eyni qəlibdən çıxıblar, eyni cür işləyirlər.

Bununla belə, İH başçılarının həbsi intensivləşsə, heç kəs total repressiyadan-filandan danışası deyil. Çünki ölkədə hər kəs gerçəkliklərdən xəbərdardır və bu məsələlərin belə olmasını, haramxorluqda, əzazillikdə, tamahkarlıqda əndazəsini aşanların, nəhayət, cəzalandırılmasını istəyir.