İndi soruşsam ki, dünyanın ən ağır, ağrı-acı dolu misrası nədir, hərə bir cavab verər. Biri Şəhriyardan sitat gətirər: “Heydərbaba, yolum sənnən kəc oldu, ömür keçdi, gələmmədim, gec oldu”.

O biri bayatı söyləyər: “Ömür keçdi, gün keçdi, cavan olmam bir də mən”.

Təbii ki, qazaxlı şeir xiridarı qəti dağa-daşa düşməz, Səməd Vurğunu yada salar: “Yenə öz yerində yuvarlanır ay, fəqət nə Cəlal var, nə də ki Humay, nə ömrə acıyır, nə yaşa dünya”.

Bu cür sürüb gedər, N qədər variantlar meydana çıxar.

Ancaq mənə görə, dünyanın ən ağrılı, umsuqluq, məyusluq dolu misrasını Sabir yazıb: “Əcnəbi göydə balonlarla gəzir, biz hələ avtomobil minməyiriz”.

Böyük satirikimiz bu misraları ən azı 110 il əvvəl yazıb. Bu o vaxt idi ki, avropalılar asimana dirijabl deyilən hava şarı buraxmışdılar, təyyarələrdə səyahət edirdilər, biz isə qoşa atlı, dörd təkərli faytonların ümidinə qalmışdıq. O da hər adamda deyildi, biri Həsən ağada idi, biri Hacı Kəmyabda, bir neçəsi də neftxudalarda.

Allahın Qurbanəli bəyi heç fayton da minə bilmirdi, qonaqlığa eləcə at belində gedirdi. Katda Xudayarın isə atı belə yox idi və naəlac qalaraq, Məmmədhəsən əminin eşşəyinə tamah salmışdı – yaxşı mənada, aparıb satmaq üçün.

Ona görə də şair öz xalqının, ölkəsinin dünyadan necə geri qaldığını acı-acı seyr edir, məyus olur və belə misralar yazırdı.

Bu gün bəlkə də aktual deyil, küçələrimizə, yollarımıza baxanda görürük ki, biz indi nəinki avtomobil, hətta onun ən lüksünü minirik.

Hələ 2000-ci ildə BMT-nin iqtisadiyyat layihələri üzrə ölkəmizdəki təmsilçisi Paolo Lembo brifinqdə demişdi ki, Bakıda olan “Çeroke” cipləri Vaşinqtonda olanlardan çoxdur.

O vaxtın ən bərk gedən maşını “Çeroke”ydi – indi “Gelandevagen” necə hörmətlidirsə, o da eləcəydi. Axtarsaq, bəlkə də indinin özündə belə Vaşinqtonda Bakıdakı qədər “Gelandevagen” yoxdur.

Hətta əlimi “Neft və milyonlar səltənətində” kitabına basıb and içə bilərəm ki, 3-4 il əvvəl Milanda küçələrdə minlərlə bizim “Zapı” boyda ikiadamlıq və ikiqapılı avtomobillər gördüm, amma bizim bir doqquzmərtəbnin həyətindəki qədər lüks maşın görmədim. Hə, axırdan-axıra bir cipə də rast gəldim, amma səfirlik maşınıydı, kapotunun üstündə alabəzək bayraq vardı.

Dediyim odur ki, biz artıq “avtomobil minmək” məsələsində əcnəbilərdən geri qalmırıq, onlara çatmışıq da, ötmüşük də. Bu xüsusda əcnəbilərdən geri qalmaq söhbəti o baxımdan aktualdır ki, indi onlar elektriklə işləyən maşınlar alırlar, bizim isə motorunun gücü 5.5 olan, reaktiv təyyarə səsi çıxaran superkar sevdamız hələ bitməyib.

Başqa sahələrdə və məsələlərdə geri qalmağımız isə köşəyə, dastana sığan söhbət deyil. Məsələn, budur, avropalılar Danimarka ilə Almaniyanı birləşdirəcək “Fehmarnbelt” sualtı tunelinin inşasına başlayır. Tunelin inşası başa çatdıqdan sonra sürücülərin bir ölkədən digərinə keçməsi üçün on dəqiqə vaxt lazım olacaq. Biz isə hələ də, Sumqayıtı demirəm, Xırdalandan Bakıya bir saata gəlib-gedə bilmirik. Halbuki piyada gəlsək də, elə bu qədər vaxt aparar.

Dünyanın bu saatında əcnəbilər tibbi laboratoriyalarda gecələyə-gecələyə koronavirusa qarşı vaksin hazırlayır, biz hələ indi-indi maska sexi açırıq. Hələ qoy sex bir az pul qazansın, yeddi yerdən tökülüb “dolya” istəyəcəklər, bağlanacaq.

Əcnəbilər Aya turist ekspedisiyası təşkil edirlər, biz ildə 3-4 dəfə teleskopla Aya baxır, əziz peykimizin görünüb-görünmədiyi üstündə günlərlə mübahisə aparır, axırda heç cür ortaq məxrəcə gələ bilməyərək, bayramları üç gün edirik ki, tərəflər narazı qalmasın.

Biz hələ bəzi məsələlərdə şükürlüyük, dünya ilə pis-yaxşı ayaq uzatmağa çalışırıq, Səudiyyə Ərəbistanı yetkinlik yaşına şatmayanların edam edilməsini hələ indi-indi yasaqlamağı düşünür. Demək, dünənə qədər əlindən xəta və ağzından küfr çıxmış uşağı tutub öldürürmüşlər.

Uzun sözün kəsəsi, artıq şair işi deyil, yaxşı bir analitik qrup lazımdır ki, bu dəyişən dünyada tərəqqi etmiş əcnəbilərdən nədə və nə qədər geri qaldığımızı hər üzünə incələsin, öyrənsin, təhlil eləsin, qoysun ortaya. Başbilənlər də milləti qabağa aparmağa çalışsın. Yoxsa bir gün pis əcnəbilər ortaya elə şeylər çıxararlar ki, merkitlər kimi qırılıb gedərik.

P.S. Merkitlər indiki Monqolustanın ərasizində yaşayan millət olub, Çingiz xanla yola getməyiblər, o da qəzəblənib, çoxunu gen dərədə dəfn edib, qalanı da cəlayi-vətən olub.