Ölkənin mərkəzindən və qıraq-bucağından elə xəbərlər gəlir ki, adam bilmir xüsusi karantin rejimi qaydalarını pozanların tərəfini tutsun, yoxsa bu qaydaların pozulmaması üçün onları cərimələyənlərin hərəkətini müdafiə etsin.
Hər məsələdə olduğu kimi, bu məsələdə də istisnalar var. Məsələn, xüsusi karantin rejiminin qaydalarını pozaraq əmisi oğlunun arvadını qaçıran gəncin tərəfində olmaq mümkün deyil. Amma bəlkə də avtomobilin baqajında Ağsudan Şamaxıya keçmək istəyən “sərhəd pozucusu”nu müdafiə etmək olar.
Hətta ikincilərin Astarada yaxalanmış pakistanlılar kimi sərhəd-keçid məntəqəsinin divarına sırayla söykədilib şəkillərinin çəkilməsinə görəndə adamda sual yaranır: “Nə ehtiyac var axı?” Adamla sərhəd pozucusu kimi davranmaq nəyə lazımdır ki, o da mahalın müqəddəs və rentabelli ocaqlarına and içərək xəstə olmadığını, Şamaxıda çox vacib işi olduğunu desin, ağlasın.
Bax, hər gün azı 1800-2000 min sürücünü cərimələyirlər və cərimələnənlərin arası kəsilmir. Onlara haqq olur. Bu gün 2000 min adam cərimələnir, evinə gedir, sabah başqa 2000 min adam sükan arxasına oturub yola çıxır. Birisi gün də başqaları çıxacaq. Bu, 10 günə 20 000 (iyirmi min) sürücünün cərimələnməsi deməkdir, 100 günə 200 min… Əlbəttə, neftin qiyməti kimi, bunda da aşağı-yuxarı təbəddülatlar ola bilər.
Məsuliyyətli camaat başqadır. Odur, Təl-Əviv sakinləri karantin günlərində küçəyə çıxıb etiraz aksiyası keçiriblər, mitinqə minlərlə adam qatılıb, amma iştirakçıların hamısı bir-birindən 2 metr aralı durub.
O vaxt bizdə bəzi mitinqlərdə təşkilatçılar ha çalışırdılar ki, insanlar bir-birindən aralı, seyrək dursun, heç cür alınmırdı. Düzdür, burada məqsəd başqaydı, amma söhbət ondan gedir ki, biz deyilənlərə qulaq assaq da, yerinə yetirmirik.
Bəs, görəsən, bu karantin günlərində 7-8 sağlam adamın kəndin bir qırağındakı boş sahəyə çəkilib futbol oynamasının yasaqlanmasını, qaydanı pozanların cərimələnməsini təqdir etmək düzgündürmü? Bu, karantin qaydalarının ağır şəkildə pozulması sayıla bilməz. Zatən, futbol oynayanlar bir-birindən aralı olurlar, bəlkə topa girəndə bir az yaxınlaşalar. Üstəlik, Şilyan kəndinin qırağındakı boş ərazi “Santyaqo Bernabeu” stadionu deyil, “Marakana” deyil, belə yasaqlar oralarda keçərlidir.
Yaxud, dünən saytlarda görürəm, Şabran rayonunda beş cantaraq kişini tutub polis şöbəsinin divarına söykəyiblər – sanki indicə gəmiyə doldurub Türkmənbaşı limanına aparacaq, ordan da Ağcaqum çölünə keçirəcəklər, yenə Piter fəhləsinin xəbəri olmayacaq.
Baxaq, görək, bu adamlar nə ediblər? Heç nə. Balıq tuturmuşlar. Tutulmuş balıqların da şəkli vardı – iki cüt, əl boyda. Hərəsinə biri düşür, birinə isə çatmır. Vəssalam.
Aydın məsələdir ki, onlar bu işə evdə darıxdıqlarından qol qoyublar, fikirləşiblər ki, gölün qırağıdır, heç kəs yoxdur, sosial məsafəni pozmadan, bir-birindən 2 metr aralı oturub gölə tilov atarlar, vaxt gedər, axırda da 5-6 göl balığı tutub qayıdarlar evlərinə.
Amma sən saydığını say, gör, karantin qaydalarına nəzarət edən səlahiyyətli yoldaşlar balıqları və tilovları necə sayırlar…
Şabran balıqçılarının halını görəndə yadıma alkoqlizmə qarşı mübarizə illərində yenə məhz Şabran (o vaxtkı Dəvəçi) rayonunda baş vermiş hadisə düşdü.
Qorbaçovun vaxtında bütün ölkədə – Kalininqraddan tutmuş Xabarovska, Arxangelsdən Horadizə qədər geniş bir arealda alkoqlizmə qarşı mübarizə kampaniyası aparılanda Şabranın rəhbərliəri də qərara gəlir ki, qıraqda qalmasınlar, bunlar da mübarizə aparsınlar, partiyadan ayıb olar. Mübarizə deyəndə, əlbəttə, gedib çilingəri, kolxozçunu ilişdirəsi deyildilər, hansısa bir idarə müdirinin “başı getməliydi”. O vaxt o tələyə aqrokimya müəssisəsinin Sabir adlı müdiri düşmüşdü. Yay vaxtı imiş, müdir idarənin rəhbər işçiləri ilə birlikdə müəssisənin yanındakı kafenin həyətindəki ağacların kölgəsində oturur, hərəyə bir parç pivə sifariş verir.
Ofisiant bayır tərəfi tərləyib damlalanmış, soyuq pivə dolu parçları gətirir, Sabir kişi buz kimi pivədən iki sanballı qurtum alır, “oxqaaay” deyə parçı masanın üstünə qoyanda, bayaqdı ha, xalq nəzarətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları tökülüşür kafenin həyətinə və alkoqlizmə qarşı mübarizə qaydalarının pozulması faktını aktlaşdırırlar. Heç demə, kimsə Sabir kişini satıbmış, orqanlara xəbər veribmiş ki, müdir günortalar gedib pivə içir.
Xüləs, ağsaqqalı maddəylə işdən çıxardılar, partiya məsələsini qoyurlar, sonradan ürəkləri yumşalır, çağırıb sıradan bir iş verirlər. Sabir kişi özü mənə bu barədə yanıqlı-yanıqlı danışır, deyirdi: “Bir qruşka pivənin zibilinə düşdüm. İki qurtum, beş qradus… Hər gün “Məsmə dərəsi”ndə araq, konyak içən müdirlər qaldı qıraqda, mənim torbamı tikdilər…”
İndi onun sözü olmasın, yenə də ortada torba məsələsi var, yetim-yesirin yaxası əldə qalır.
İndi rəvadırmı ki, toplam qiyməti 12 manat olan 4 balığa görə 5 yekə kişinin hərəsi o boyda cərimə olunsun bu ağır karantin günlərində?