Ötən ilin iyulunda Türkmənistan prezidenti Qurbanqulu Berdımühəmmədovun barəsində “öldü” xəbəri çıxandan sonra cənabın hər hansı bir videosunu görməmişdim. Axırıncı gördüyüm cənabın sağ-salamat olduğunu sübut elədiyi yerdə çəkilmiş videosuydu. Ondan bəri Qurban əkədən elə bir xəbər yox idi. Yəni videolu xəbər…
Yoxsa Qurban həkimin ölkəsini necə incə şəkildə idarə etməsi, hansı vacib qərarlar verməsi, titanik faəliyyətlər göstərməsi barədə xəbərlər tez-tez gəlir. Sonuncu dəfə elə bir mühüm xəbər Berdımühəmmədovun dünyanı, türkün sözü, kötü günə qoyan koronavirusla mübarizəsinə dair idi. Türkmən qardaşlarımızın böyüyü əmr etmişdi ki, heç kəs koronavirus sözünü ağzına gətirməsin, bir də mümkün olduğu qədər hamı özünü üzərrik tüstüsünə versin.
Heyf ki, həkimin bu iki üstün tövsiyəsi ÜST-ün mütəxəssisləri tərəfindən ciddiyə alınmadı, nəticədə pandemiya dünyanın ən bərkgedən ölkələrinin səhiyyə sistemini danaboyun edib yıxdı, qardaşlara isə, Allaha şükür, hələ bir şey olmayıb.
Düzdür, sonradan Berdımühəmmədov ölkədə koronavirusun olduğunu etiraf edib, onunla hesablaşmalı oldu, amma startdakı təmkinlilik nəyə desən dəyərdi. Belə vəziyyətlərdə sağdan üçüncü pəncərəyə baxaraq soyuqqanlılığı qorumaq hər oğulun işi deyil.
Xüləs, bu gün Qurban həkimin yeni videosuna baxmışam. Yeni deyəndə o qədər də yeni deyil, yəni apreldə çəkilməyib, ötən ilin dekabrında çəkilib, amma bu süjet də adamın məqsədyönlülüyünü, ağıl-kamalını, sağlam həyat tərzinə meylliliyini göstərir.
Təbii ki, o, “sağlam bədəndə sağlam ruh olar”, “idman sağlamlığın rəhnidir” kimi devizləri əlində rəhbər tutan yeganə prezident deyil, başqaları da var. Amma cənab Berdımüxəmmədov fitnes-klubda etdiyi məşqi TV-yə çəkdirib xüsusi buraxılış hazırlatdıran və onu millətə nümayiş etdirən yeganə dövlət rəhbəridir.
Belə görünür ki, o, bunu reklam və ya təbliğat məqsədilə etmir, umur ki, türkmənlər ona baxsınlar, örnək götürsünlər, onun kimi sağlam olmağa çalışsınlar, ta gedib xəstə düşüb xatunlarını incitməsinlər.
Bəli, yeni Türkmənbaşının ağ ayaqqabı, ağ şalvar və qırmızı köynəkdə fitnes-klubda məşq eləməsi, hardan baxsan, nümunəvi addımdır. Türkmən xalqı öz rəhbərinin döşəmə üzərində bardaş qurmasını, dombalaq aşmasını görmək haqqına sahibdir.
Bircə qüsur var ki, cənab prezident bu təmrinləri təkbaşına eləməyib, ölkəsinin güc nazirlərini də başına yığıb və onların da eyni məşqi etmələrinə şərait yaradıb. Bu isə videodan açıq-aşkar görünür ki, onların xoşuna gəlmir, damarlarından qara qanlar axır, sifətlərindən “nə zibilə düşdük e” ifadəsi yağır. Amma onların hansı birinin hünəri çatar ki, başqa bir söz desin, giley-güzar eləsin.
Əslində bu xüsusda onlar haqsızdırlar. Berdımühəmmədovun sələfi Saparmurad həmin o nazirlərin sələflərini paytaxtdan qırağa çıxardır, idman geyimləri geydirib kross qaçırdırdı. Yazıqlar da tösmərək, şişman adamlar idi, təngnəfəs olurdular. Yarıyolda bayılanar olmuşdu. Türkmənbaşı isə əlini qapqara şəvə kimi saçlarına çəkir, onların bu halına baxa-baxa qəşş edirdi.
Saç demişkən, yeni Türkmənbaşının saçları sələfininki kimi qara deyil, bir xeyli bəyazlanmış şəkildədir. Bu da onu göstərir ki, o, süni şəkildə cavan görünmək yolu seçməyib, təbii olaraq gənc və gümrah qalmaq əzmindədir.
Bir də yaxşı ki, Türkmənistanın indiki nazirləri xeyli cavandırlar, yeri gəlsə təkcə fitnes-klubda məşq etməklə kifayətlənməzlər, şəhərdən çıxıb kross da qaça bilərlər.
Yəni sözümün canı odur ki, idarəetmə komandası xeyli gənc, enerjili və dinamik olmalıdır. Məndən olsa 30 dəfə turnikdə çəkilə bilməyən adamı nazir qoymaq olmaz.
Amma acı təəssüf hissi ilə qeyd edim ki, camaatı lağlağı sevən bəzi ölkələrdə bunu etmək mümkün deyil. O saat hərə bir söz qoşacaq.
Bizdə də böyük vəzifəli adamlar vaxtaşırı fitnesə gedir, necə lazımdır məşq edir, hovuzda üzürlər (təbii ki, dombalaq aşanlar da var), amma təvazökradırlar, bu etdiklərini videoya çəkdirib xalqa göstərmirlər.
İşin bütün ləzzəti isə məhz o cür videolardadır.