Nikol Paşinyan “Qarabağ klanı”na növbəti zərbəni vurub öz minimum hədəfinə çatdı. Koronavirus pandemiyasına rəğmən, girəvəyə salıb Dağlıq Qarabağdakı separatçı-kriminal rejimin başına öz “itini” gətirə bildi. Təpədən-dırnağa Moskvaya bağlı olan, hətta “Kremlin tulası” ayaması daşıyan Bako Saakyanı bundan sonra oliqarx Araik Arutunyan əvəzləyəcək.
Əlbəttə ki, Azərbaycan üçün seçki məzhəkəsi nəticəsində baş vermiş bu bandit yerdəyişməsinin zərrəcə önəmi yoxdur.
“İlanın ağına da lənət, qarasına da”. Arutunyanın Qarabağa dair mövqeyi buna şəkk-şübhə saxlamır. Təzə separatçı-başı konfliktin həllini “Azərbaycana bir qarış da torpaq verilməməlidir” şəklində görür. Yəni nəinki Şuşa, heç keçmiş DQMV ətrafındakı 7 rayondan da söhbət getmirsə, “qan-qan” deyirlərsə, demək, müharibə qaçılmaz olacaq. Arutunyan isə inşallah, oyuncaq qurumun sonuncu quldur rəhbəri kimi tarixə düşəcək. Azərbaycan əsgəri ya onu gəbərdəcək, ya da tutub, türmənin darıxdığı sələfləri ilə birgə hüquq-mühafizə orqanlarımıza təhvil verəcək.
Amma situasiyanın bəzi yeni və maraqlı detalları hər halda, var.
Əvvəla, Dağlıq Qarabağdakı erməni əhali üçün təhlükəli seçki tamaşasından sonra Paşinyanın Bakı ilə sülh danışıqları uzatmaq və yenə nala-mıxa vurmaq üçün sonuncu bəhanəsi aradan qalxmış olur. Çünki artıq separatçı rejimin başında onun öz adamı durur. Hamı, o cümlədən Moskva yaxşı bilir ki, Arutunan İrəvana sadiq adamdır. İkincisi isə, danışıqlarda separatçı qurumu “üçüncü müstəqil tərəf” kimi sırımaq cəhdi fiasko sayıla bilər. Məntiqlə masa arxasında Paşinyan varsa, onun vassalına nə ehtiyac ki? Hərçənd Paşinyanın özü də vassaldır – Rusiyanın. “Vassalımın vassalı isə mənim vassalımdır”.
Məsələ də ondadır ki, Ermənistanın “inqilabçı” rəhbəri özünü nə qədər “qərbçi” kimi göstərməyə çalısa da, reallıqda o da əvvəlki erməni rəhbərləri kimi, büsbütün Rusiyadan asılıdır. İşğalçı ölkə 1991-ci ildə formal “müstəqilliyi”ni elan etdiyi gündən siyasi-hərbi, iqtisadi-maliyyə cəhətcə, faktiki, Moskvanın ucqar quberniyası statusundadır. Rusiya “Ermənistan” adlı quberniyaya təbii qazı belə, öz regionlarındakı qiymətə – min kubu 165 dollara satır, Ermənistanı öz dotasiyası hesabına saxlayır, bu psevdo-dövlətin Türkiyə və İranla sərhədlərini qoruyur, İrəvandakı hava limanı belə, rusların nəzarətindədir. Gümrüdə və İrəvan ətrafındakı Rusiya hərbi bazaları da öz yerində.
Bu üzdən nəinki Dağlıq Qarabağın, Ermənistanın da rəhbərinin dəyişməsinin aşağı-yuxarı Moskva üçün isti-soyuqluğu yoxdur. Əgər şimal qonşumuz təkcə təbii qazı bir azca bahalaşdırmaqla Paşinyan hakimiyyətini sarsıda, erməniləri daha acınacaqlı duruma sala bilərsə, İrəvanın hansı müstəqil siyasətindən söhbət gedə bilər ki? Ümumiyyətlə, Rusiya bazalarının olduğu heç bir ölkə müstəqil deyil, ola bilməz. Ərəb ölkəsi Suriyanın indiki durumuna baxmaq da kifayətdir.
Ermənistanın müstəqil dövlətə çevrilmə şərti isə çoxdan bəlli: heç bir quru sərhədi olmayan Rusiya ilə deyil, əsas qonşular olan Türkiyə və Azərbaycanla əbədi müttəfiqlik, dinc-yanaşı, dostluq içində yaşamaq. Bundan ötrü erməni xalqı vazkeçilməz qonşularına qarşı az qala, xroniki xəstəliyə çevrilmiş torpaq iddiasından, türkə qarşı əsassız nifrət və xəbis təbliğatdan vaz keçməlidir. Əks halda, yüz “məxməri inqilab” eləsə də, onun bəlaları bitməyəcək. Necə ki, bitmir. Fərq eləməz, Ermənistanın, separatçı qurumun başında Paşinyan olsun, yoxsa Petrosyan.
Bu da gün kimi aydındır ki, Moskva Qarabağ məsələsini heç vaxt ermənilərin xeyrinə həll etməyəcək. Etsəydi, atəşkəsdən keçən 26 ildə edərdi. Ona görə ki, Moskvanın öz marağı var. Hansı maraq – onu hamı bilir. O zaman Kremlin vassalı olmaqdan bir an öncə imtina eləmək ən doğru çıxış yolu olmazmı? Hələ vaxt varkən, müharibənin ikinci fazası başlamamış daşı ətəkdən tökmək olmazmı? Axı Rusiya heç də həmişə indiki kimi güclü himayədar qismində qalmayacaq.
Bəlli ki, Rusiya işğalçının “ipini” bir azca boşaltsa, arxasından çəkilsə, Azərbaycan onun işini dərhal bitirəcək. Baxın, şimal qonşumuzu koronavirus və neftin kəskin ucuzlaşması nəticəsində qəfil hansı problemlər, böhran yaxalayıb. Bu dəqiqə o, bəlkə də heç öz vassalının hayında deyil. Nefti, qazı daha baha qiymətə satmağın, büdcəsini doldurmağın yollarına axtarır. Biz hələ pandemiyanın Azərbaycanla müqayisədə Ermənistana bəlli səbəblərdən vəd etdiyi qat-qat ağır fəsadları demirik.
Azərbaycan təbii ki, ən əlverişli geosiyasi şərtlər yetişən kimi, İrəvanın sülh imitasiyasına son verib işğalçı qüvvələri gəldiyi deşiyə kimi qovacaq, düşmənin nazı oynamayacaq. Odur ki, Rusiyanın miskin vassalı olmaqdansa, qonşu Türkiyə və ucuz nefti-qazı olan Azərbaycanla normal, rifah içində yaşayan bir qonşu olmaq şansı hələ ki qalır. Amma vaxt çox qalmayıb…