7-8 il əvvəl, pis çıxmasın, bir qeyri-ənənəvi qrip tutmuşdum. Bura qripi deyildi, unikal qrip idi, hardansa Banqladeş tərəflərdən gəlmişdi. Bu mərəz qrip barədəki ənənəvi zarafatımın (“qripi müalicə eləsən bir həftəyə sağalır, eləməsən, yeddi günə”) da üstünə çıxdı, düz bir ay davam elədi.
Qripin ən xarakterik özəlliyi o idi ki, insan dadbilmə və iybilmə duyğusunu itirirdi. Bu məsələni qripə yoluxandan iki gün sonra fərq etdim. Tibdən başı çıxan dostlar tövsiyə etmişdilər ki, alma, portağal, mandarin, banan kimi bol vitaminli meyvələr ye, müqavimətin artsın. Mən də əlimə düşən meyvəcatdan yeyirdim, bir də fikir verdim ki, Seneqal bananıyla Hövsan soğanı eyni cür dadır. Daha dəqiqi, mən onların fərqini hiss eləmirdim. Hətta portağalla yerkökünün rəngləri ilə yanaşı, iylərinin və dadlarının da eyni cür olduğunu təsbit edəndən sonra, anladım ki, bu, qeyri-ənənəvi qripdir.
Bu durumun tək bircə xeyri vardı ki, daha evdə “nə yeyərsən, sənə nə bişirək” sualının qarşısında bir şey fikirləşməyə ehtiyac yox idi, “fərqi yoxdur, nə olsa yeyəcəm” deyirdim və haqq üçünə, gerçəkdən fərqi yox idi, piti də eyni dadı verirdi, mərci şorbası da.
Lamisə duyğularımın bərpası təxminən 9-10 gün çəkdi, yavaş-yavaş hiss elədim ki, kəkotu çayı ilə kola bir-birindən fərqli içkilərdir. Amma xəstəliyin tam sağalması düz bir aya başa gəldi. Sonradan aydın oldu ki, həmin ay çox adam məhz bu qrip növünə yoluxub. Bir növ mövsümün dəbi olub. İşdə uşaqlara zarafatla deyirdim ki, əgər gələn il də bu qripə tutulacağıqsa, demək, bir-iki qriplik canımız qalıb.
Oxumuş adamlar deyirdilər ki, bu, ənənəvi qrip viruslarıdır, sadəcə, mutasiya ediblər, ona görə adamlar onun ağır keçirirlər, hələ yaxşı ki, “quş qripi” deyil, H1N1-filan deyil. Kim bilir, bəlkə də H2N2 idi. Çox qorxurdum ki, o qrip təzədən gələcək, yenə təzə xiyarla turşu xiyarın fərqi qalmayacaq. (O vaxtlar sabiq baş nazirimiz turşu xiyarla faraş (öz dilimizdə desək, sveji) xiyarın fərqi ilə bağlı müdrik kəlam işlətmişdi, söhbət çox aktual idi).
Allah tərəfi, sonrakı il o qripdən tutmadıq. Hətta ertəsi səhər tezdən tutduğum qrip gün əyiləndə bütün simptomları ilə birlikdə yoxa çıxdı və məlum oldu ki, bu yeddi günlük qrip olmayıb, yeddi saatlıq olub. Nə iş idisə…
Bir biləndar adam dedi ki, yəqin yayda yaxşı “zaqar” almısan, ona görə qripi yüngül keçirmisən. Əslində düz deyirdi, həmin il görməmiş kimi, hər həftə dənizə getmiş, günün altına o tərəf-bu tərəfə çevrilərək, özümü dönərə döndərmişdim. Xoşbəxtlikdən, həmin il həftənin istirahət günləri güclü külək əsmirdi (bildiyiniz kimi, son illərdə külək dəniz istirahətini insanlara haram edir).
Ona görə də güman ki, günəş vannası gerçəkdən də orqanizmin immunitetini artırmışdı.
Bu üzdən çox adam səbirsizliklə istilərin düşməsini, dəniz mövsümünün açılışını gözləyir ki, koronavirusla mübarizədə əlavə yardım əldə eləsin. Amma hələ bilmək olmaz, həkimlər deyir ki, Covid-19 istiyə-soyuğa baxmır. Deməyinə deyirlər, amma o da faktdır ki, çox soyuq və çox isti ölkələrdə virusdan xəstələnənlər o qədər də çox deyil. Onun əsas tüğyan elədiyi yerə bizim paralellərdir.
Hazırda adamların asudə, maskasız gəzdikləri, hər gün görüşüb-öpüşdükləri, ölkə-ölkə gəzdikləri, toplu halda yeyib-içdikləri, hətta adam balası xəstələnib böyürlərini yerə verdikləri illəri xiffətlə xatırlayırlar. Nə günlərmiş! Yoxsa indi? 35 yaşındaykən “150 il yaşayacam” deyən və virus qapmasın deyə oksigen skafandrında yatan Maykl Ceksona dönməkdəyik.
Yeri gəlmişkən, o yazıq da 50-ni aşıra bilmədi, ayrı dərdlə getdi.
Həyat belədir, ömürlə, yaşla bağlı şeyləri planlaşdıra bilmirsən. Rəhmətlik şair Osman Sarıvəlli sağ olsaydı, bəlkə də məşhur misralarını dəyişdirib bu cür edərdi: “Hər kəs 100 il yaşamasa, günah onun özündə… deyil, ola bilər, hansısa virusdadır”.
Yay gəlsin, dənizə gedin. Şənbə-bazar külək olsa, dalğalar şahə qalxsa da, eybi yox, gedin. Yox, mümkün olmasa, 2-ci, 3-cü günlər gedin, iş canınızdan artıq deyil ki…