Artıq səhərimizi koronavirus xəbərləri ilə açır, günümüzü o xəbərlərlə yaşayırıq. Gecə yatanda da oxuduğumuz, eşitdiyimiz son xəbər və sonuncu məlumat həmin o tacşəkilli virusun törətdiyi fəsadlarla bağlı olur.
Yer üzü qan ağlayır. Bəşər əhli şokda və xofdadır.
Dünya iqtisadiyyatı görünməmiş, qlobal tənəzzüldədir. Dünənə qədər ən gəlirli sahə hesab edilən turizm sektoru bütün ölkələrdə çöküb.
Ayrı-ayrı ölkələrdən ard-arda ölüm və yoluxma xəbərləri gəlir.
Bir çox ölkələrdə təhsil müvəqqəti dayandırılb, tələbələr, şagirdlər evə buraxılıb, distanı təhsilə keçənlər var.
Beynəlxalq tədbirlər – idman yarışları, forumlar, simpoziumlar bir-birinin ardınca ya təxirə salınır, ya da ümumiyyətlə ləğv olunur.
Böyük yarışlar tamaşaçısız keçirilir. Can qorxusundan keçirilməsi zəruri olan yarışlara qatılmaqdan imtina edən komandalar var.
Dünya belə fəlakət görməmişdi. Daha dəqiqi, dünya bundan artıq, yüz milyon insanın canını alan epidemiyalar, pandemiyalar yaşasa da, bu boyda vahimə yaşamamışdı.
100 il əvvəl dünyanın bütün böyük ölkələrinin əhalisini qarsıb-qovuran, yox edən “ispan qripi”nin doğurduğu ajiotaj belə bu boyda olmayıb. Sadəcə, ona görə ki, bəşər əhli o pandemiyadan xəbərsiz olub. O dövrün dövlətləri pandemiya barədə xəbərləri öz xalqlarından gizlədib, nəticədə 100 milyon insan ölüb.
Bu gün isə fərqlidir. Artıq bütün dünya əhlinin pandemiyadan xəbəri var. Ola bilər (yəqin ki, məhz elədir), “Korona” adlanan virusun törətdiyi fəsadlar barədə gerçək xəbərlər ən başda yenə xalqdan gizlədilib, yalnız həqiqəti gizlətmək mümkün olmayanda ortaya çıxıb.
Bəlkə də vaxtında tədbirlər görülsəydi, virusu Çinin Uhan şəhərindəcə bloklamaq olardı.
Ancaq qızıldan qiymətli vaxt itirilib və qorxulu virus artıq dünyanın 120-yə yaxın ölkəsinə yayılıb. Bu, bəşəriyyətə qarşı cinayətdir – hətta virusun laboratoriyada hazırlanmadığı təsdiq olunsa da, onun təhlükəli olmasının beynəlxalq ictimaiyyətdən gizlədilməsi ciddi məsuliyyət yaradır.
Ayrıca, bu tacşəkilli virusun bioloji silah olduğuna əminlik və uyğun iddialar gündən-günə artır. Əminlik o dərəcədədir ki, ictimai rəy artıq başqa versiyanı qəbul etmir.
Çünki belə bir virusun dünya əhalisinə təhlükə törədəcəyi barədə iddialar – elmi əsərlər, detektiv romanlar, bədii və elmi-populyar filmlər hələ 30 il öncədən bəri hazırlanır, yayılırdı. Əgər yaradıcı insanların, sənətkarların beyni bunu düşünə bilirdisə, silah yaradıcılarının beyni eyni şeyi dünəndən düşünə bilərdi. Atom, neytron, hidrogen bombalarıı yaradan, lazer şüası kəşf edən insan oğlu pandemiya törədəcək kütləvi qırğın silahı düzəltmək üzərində niyə düşünməməli idi ki?
Budur, ya ehtiyatsızlıqdan, ya da qəsdən cin (virus) şüşədən (kolbadan) buraxılıb və bəşəriyyət üçün təhlükəyə çevrilib.
Yeganə ümidverici detal odur ki, “Korona” virusu yüzdəyüz öldürücü deyil, ona yoluxanların hamısı getmir, xəstələnənlərin 5-10 faizini, həm də guya ki, öncədən xəstə olanları və yaşlıları öldürür. Belə çıxır ki, bu, seleksioner virusdur, qurbanlarını seçib aparır.
Ancaq kimin təminatı var ki, o seçimdən kənarda qalacaq?
Hələ virusun mutasiya qabiliyyəti haqqnda da bir şey bilmirik. Bəlkə o elə bir təhlükəli virusdur ki, vaksinə asanlıqla tabe olmayacaq, arada şəkil, yön dəyişdirib başqa cür tüğyan edəcək?
Uzun illər öncədən yer üzündə insanın yeganə düşməninin məhz insanın özü olduğu barədə deyilənlər artıq yüzdəyüz doğrulur. Heç bir canlı “Yer üzünün əşrəfi” olan insana bata, onun soyunun kökünü kəsmək təşəbbüsü göstərə bilməzdi. Bunu edə biləcək yeganə canlı insan oğluydu, belə görünür ki, kimlərsə yaşayış uğurnda gedən dünyəvi mübarizədə axırıncı yola qədəm qoyub.
Salamatlıq olsun, bu virus qasırğasından salamat qurtulaq, gün gəlsin, təhqiqatlar aparılsın və öyrənək ki, bu, antibəşəri cinayət qəsdən törədilib, yoxsa tacşəkilli virus öz-özünə, təbii olaraq əmələ gəlib.