Yazını maraqlı bir tarixi rəvayətlə başlayıram, sonra mətləbə keçərəm. İndiki cavanlar bilməz, amma yaşlılar yaxşı tanıyır, Stalinin bir silahdaşı olub – Vyaçeslav Molotov. Yox, yox, yadıma düşdü, onu cavanlar da tanıyır – “Molotov kokteyli” və ya “Molotov kotleti” kimi.
Deməli, əsl soyadı Skryabin olan o Molotov 20-ci illərdən başlayaraq Stalinin yanında olub, bir ara dövlətin ikinci adamına da çevrilib, SSRİ-nin baş naziri vəzifəsində işləyib. O, dövlətin başında duran 3 adamdan biri olduğu vaxt arvadı Polina Jemçujina da balıq sənayesi naziri olub. Sonradan Stalin onu tutdurub həbs düşərgəsində yatırdıb, amma onunla və əriylə bağlı maraqlı əhvalat Jemçujinanın ölkənin baş balıqçısı olduğu vaxt baş verib.
O dövrlərdə SSRİ-də balıq konservi yeyən yoxmuş, camaat ya təzə balığa üstünlük verirmiş, ya da quru və duzlu balığa. Balıqçılıq sənayesi bir ucdan konserv məhsulları istehsal edirmiş, amma konservlərə yaxın duran yox imiş. Təsəvvür edin ki, ağ balıq, nərə balığı, qızıl balıq, skumbriya, treska kimi balıqlardan hazırlanmış ucuz souslar, şprotlar mağazaların piştaxtalarında qalırmış.
Günlərin birində Molotov mühüm dövlət müşavirəsində mürtəce xarici qüvvələrin və onların əlaltılarının diversiya planlarından, qaçaqmalçılıq fəaliyyətindən bəhs edib və bildirib ki, bu mənfur qüvvələr sovet dövlətinin qızıl-zinət əşyalarını konserv bankalarına doldurur, xaricdəki tərəfdaşlarına göndərirlər. Molotov hamının gözünün qarşısında (Allahdan bu iclasda çoxsaylı mətbuat nümayəndələri də olub) həmin konserv bankalarından birini açıb və bankanın içindən qızıl, brilyant, sair bahalı daş-qaşlar tökülüb. Baş nazir bildirib ki, belə bankalar öz ölkəmizin də bir çox yerlərinə yayılıb. Bu, təsadüfən olub, ya qəsdən, SSRİ Nazirlər Sovetinin sədri burasını dəqiqləşdirməyib.
Əvəzində ertəsi gün konserv yeməkdən ellikcə imtina edən sovet xalqı Brestdən Xabaraovska qədər hər yanda mağazalara axışıb və konserv məmulatlarını, türkün sözü, qapış-qapış alıb. Təbii ki, onlardan heç birinin bəxtinə qızıl-zinət əşyaları ilə dolu banka çıxmayıb. Çünki belə bir şey ümumiyyətlə olmayıb, bu sadəcə, Molotovun məqsədli uydurması olub. Ancaq xalq da pul verib aldığı konservləri çölə atmayıb, çörəyini batırıb yeyib və görüb ki, bay, bu, heç də pis təam deyilmiş. Ondan sonra sovet xalqı balıq konservlərini almağa başlayıb.
İndi sözü hərləyib-fırlayıb maska qıtlığının üstünə gətirirəm. Molotovun dövründə camaatın mağazalardan kütləvi şəkildə balıq konservi almasının motivi tamahkarlıq, qəfildən varlanmaq ehtirası idisə, hazırda camaatımızın apteklərdən maska daşımasının səbəbi can hövlü, ölüm qorxusudur. Hər ikisi təlaşdır, panikadır, amma ikinci daha təbii, daha vacibdir.
Bu durum isə əlində qalan məmulatı tezbazar satmaq istəyənlərə sərf edir. Molotov balıq konservlərinin tezliklə satılmasını, sovet dövlətinin büdcəsinə pul gəlməsini istəyirdisə, maska və spirt satanlar öz mənafelərini, öz ciblərini düşünürlər. Onlar koronavirus panikasının daha da dərinləşməsini istəyirlər. Bu, onlara öz mallarını beşqat, hətta onqat artıq qiymətə, əvvəlki vaxtdan fərqli olaraq, daha böyük partiyalarla satmağa imkan verəcək. Başqa sözlə, kimsə maska milyonçusu olacaq.
“Maska milyonçusu”, “maskalı milyonçu” – əcəb sözdür.
Bu, yenilik deyil, zatən, xalqımızın qoynunda onun pis günündən yararlanıb varlanmaq istəyən ilanlar çox bəslənib. Yerə 2-3 millimetr qar düşəndə işə gecikənləri 3-5 qat qiymətə daşıyan taksi sürücülərinin kütləvi olduğu ölkədə yaşayırıq, başqa nə olsun.
Çox az adam var ki, xalqın xoflanmasından yararlanıb qazana biləcəyi böyük pullardan imtina edir. Elələri azdır, amma mövcuddurlar.
Bu panikanın axırı da “Molotovun qızıl dolu bankaları”nın axırı kimi olacaq. Xalq koronavirusdan qırılmayacaq, amma bundan belə bir balaca asqırıb-öskürən kimi gedib maska alacaq. Beləcə, maska satanlar da stabil satış bazarı qazanacaqlar və gələcəkdə kəmfürsətlik etməyəcəklər.