“Nə vaxt arvadı istədim,

Gördüm ki, namaz üstədi”.

(Fikrət Qoca)

Əgər bir ərazidə baş epidemioloq “nəyə desəniz and içərəm, o koronovirusdan bizdə yoxdur” deyirsə, orada yaşamaq doğrudan da çətindir. Eyni zamanda məsuliyyətli və şərəflidir. Bəlkə əyləncəlidir. Adam heç fikirləşmir ki, niyə bu camaat mənim dediyimə inanmır. Nə üçün insanlarda hökumətə etibar qalmayıbdır. Hələ bizə şükür, deyir Gürcüstanda Batum-Tiflis qatarını yolda saxlayıblar, maşinist qarışıq bütün sərnişinlər düşüb qaçıbdır. Çünki vaqonun birində qıyıqgözlü adam varmış. Zənn ediblər çinlidir. Axırda məlum olub yazıq qırğızdır. Az qala öldürürmüşlər. Bir zamanlar Türkiyədə buna oxşar hadisələr olmuşdu. Hansısa koreyalı əyalətdə qıza sataşmışdı, bundan sonra türk qardaşlarımız monqoloid irqinə məxsus hər kəsi tutub döyürdülər.

Bəli, biz çinlilərdən yarımamışıq. Çin Xalq Respublikasında yaşayanları nəzərdə tutmuram, vəzifəli şəxsləri deyirəm. Axı bizim dildə “çin” həm də vəzifə, rütbə deməkdir. Zəhmətkeşlər öz canlarının hayındadır, bunlar isə düzgün maarifləndirmə işləri aparmırlar. Məsələn, görəsən baş infeksionistimiz nəyə and içsə əhali inanar? Öskürək pirində yatan qəribin məzarına, yoxsa Dağdağan ziyarətgahındakı qara daşa? Nəyə istəsə and içsin, bircə Hippokrata and içməsin. Bəlkə xahiş eləyək Məzahir müəllimin müqəddəs protokoluna and içsin? Hər halda seyid kimi adamdır, vurduğu namizəd qalxmır. Seyid cəddinə arxayındır, biz isə MSK sədrinin legitimlik qərarı verdiyi dövlət strukturlarına.

Başqa ölkələrdə həkimlər viruslarla savaşır, həlak olur, bizdə isə virus temasında zarafatı yayan tiplər həkim çıxdı. Sonra deyirik niyə sağ ayaq yerinə sol ayağı kəsirlər, xəstənin qarnında qayçı qoyurlar. O da bir zarafat üsuludur da bə! Deyib-gülərək ölürük. Yolqırağı kababxanalarda cırıq müşəmbəli süfrə arxasında səslənən əbədi sağlığımızda deyilən kimi: pis günümüz belə olsun! Mirzə Ələkbər Sabir 1908-ci ildə “İstiqbalımız lağlağıdır” şeirində elə bu günləri yazmışdı. “İstiqbal” – gələcək deməkdir. Gəlin o şeirdən bir bəndi oxuyaq:

“Oxur, təhsil ilə ehrazi-hürriyyət qılar insan…”-

Bu söz pək doğrudur, amma hanı məktəb, hanı irfan?

Qalırkən ölkəmiz məktəbsizin, övladımız nadan,

Xəyali-xamə düşmə, bilmə bir gün şad olur aləm!

Bu ikən vəzimiz, çox çəkmədən bərbad olur aləm!”

Məktəb bu vəziyyətdə ikən özünü ekspert adlandıran adam çıxıb deyir gəlin məktəbləri martın axırına qədər bağlayaq. Sonra isti düşsün, viruslar qırılsın. Guya məktəbimiz hal-hazırda açıq imiş. Hələ məktəb cəhənnəmə, ən dəhşətli və təxribatçı təklifi el adətlərimizə qarşıdır. Ərz edibdir ki, virus təhlükəsinə görə toyları dayandıraq. Əstəgfürullah. Bunun başı qaçıbdır. A kişi, necə yəni toy olmasın? Bəs millətimiz necə çoxalıb 11 milyon olacaqdır? Bəs manıslara pulu nə təhər verək? Bəs manıs olmasa televizora ekspert kimi sən çıxacaqsan? Millət kitab-dəftərə, qəzet-jurnala qıymadığı pulu yığır ki, uşağının şadlıq mərasimində hansısa bambılı manısın fonoqramla oxuduğu dingiş mahnılara sərf eləsin və gecə yarısına qədər hoppanıb düşsün, bu isə deyir toy olmasın… Bəlkə də bunu ermənilər maliyyələşdirir. Axı Ermənistan boşalır. İstəyir Azərbaycan da, türkün məsəli, boşalsın. Yaxşı, toy olmasın, bəs xınayaxdı? Nişan? Gəlingördü? Bəyvurdu? Qayındurdu? İqtisadi diversiyanın buynuzu olmur ki. İstəyir millətimiz işsiz-gücsüz qalsın.

Hansısa saytda gördüm: “Bakıya gələn qatı dumanın səbəbi məlum oldu”. Tək duman deyil, buludları, ildırımı, suyun dövranını, dənizin duzunu, motal pendirini, qoyun qığını və sairəni də təzədən oxuyub öyrənməliyik. Artıq o vəziyyətə gəlmişik. Dünən qohum zəng vurub, deyir undan, makarondan tədarük gör, virusa görə bahalıq olacaq. He-he. Bunun xəbəri yoxdur ki, dükanın yarısını daşıyıb evin altına yığmışam. Hələ 2012-ci ildən bəri çoxlu şam ehtiyatımız da var.

Bəlkə də dünya o vaxt dağılsaydı daha yaxşı olardı. Gör nə qədər vaxtımız boş keçdi.