Bu saat dünyanın gözü Çindədir. Bu ölkədən hər gün, az qala hər saat yeni-yeni bəd xəbərlər gəlir. Koronavirus epidemiyası artıq dünyanın bir xeyli ölkəsinə yayılsa da, əsas ölüm ocağı Çindədir.
Dünən gələn daha bir xəbərdə isə deyilir ki, Çində koronavirus infeksiyası və hökumətin virusla mübarizəsindən yazan jurnalistlər naməlum şəkildə yoxa çıxmağa başlayıblar.
Bax, totalitarizmin, bir partiyanın şəriksiz və hüdudsuz səlahiyyətli hökmranlığının iç üzü budur. Çin kommunistlərinin yarıtmaz siyasəti nəticəsində ölkə zəlil günə qalıb, bütün dünyadan təcrid olunub, əhali kütləvi məhvolma təhlükəsi qarşısında qalıb, iqtisadiyyat çökür, hökumət effektiv tədbirlər görmək əvəzinə jurnalistlərin tribunasını bağlayır, özlərini təcrid edir.
Sanki jurnalistlər yuxarıdakı mövzularda yazmasalar, problem olmayacaq, epidemiya öz-özünə sönüküb gedəcək. Elə bil, jurnalistlərin koronavirus mövzusunda xəbərlər yazması epidemiyanı daha da şiddətləndirir.
Əslində isə heç biri deyil. Jurnalistlərin fəaliyyəti yalnız əhalini maarifləndirmək, onları ehtiyatlı olmağa çağırmaq səciyyəsi daşıyır. Bu mövzularda yazılsa da, yazılmasa da, minlərlə insan ağır xəstəliyə yoluxub və kütləvi şəkildə ölürlər, virus isə ölkə xaricinə çıxıb, çox-çox uzaqlara yayılıb. Bundan belə koronavirus xəbərlərini bloklamağın heç bir faydası yoxdur, əksinə, bu xəbərlərin yayılmasının qarşısını almağın ciddi zərərləri var.
Çin hökumətini qorxudan şey nə koronavirusdan ölənlərin sayı, nə də epidemiyanın geniş arealda yayılmasıdır. Hakim partiya cana doymuş, real ölüm təhlükəsi qarşısında qalmış yüz milyonlarla insanın təlaşa qapılaraq, ayağa qalxmasından, hökumətin üzərinə kükrəməsindən qorxur.
Çin nə qədər qapalı ölkə olsa da, insanlar qəddar rejimdən nə qədər heyvani vahimə ilə qorxsalar da, labüd ölüm təhlükəsi bütün çəkindirici baryerləri aşacaq gücdədir.
Ölkə əhalisinin hamısı başa düşür ki, ölkəni, əhalini xilas etmək Çini idarə edənlərin məsuliyyətidir. Bu gedişlə çarəsiz adamlar bir gün emosiyaya qapılıb etiraza qalxa bilərlər. Milyard yarımlıq əhalisi olan ölkədə bunun nə demək olduğu hər kəsə bəllidir. Gerçəkdən də qığılcımdan alov doğa bilər. Bunun üçün münbit şərait, keçərli səbəb, istənilən şəhərdə küçə və meydanları ləbələb doldura biləcək insan resursu var.
Bəs koronavirusdan yazan jurnalistləri bir-bir yoxa çıxarmaqla, yerdə qalanların ağzını, əl-qolunu bağlamaqla nəyə nail olmaq olar? Doğrudanmı insanlar dövlət televiziyası və qəzetlərində koronavirusla bağlı heç bir qorxulu halın olmadığına dair nağılları eşidəndə, oxuyanda, sadəlövhcəsinə inanacaq, rahat olacaqlar?
Elə olmayacaq. 21-ci əsrin bu vədəsində, elmi-texniki tərəqqinin ən yüksək səviyyəyə çatdığı bir dönəmdə ölkə daxilindən və xaricdən dürüst informasiya almaq çətin deyil. Onlarla üsulu var. Heç nə olmasa da, məşhur lətifədə deyildiyi kimi, “Amerikanın səsi” xəbər verəcək.
Üstəlik, hazırda mobil telefonu olan hər kəs özünü jurnalist kimi apara, xəbərə çevriləsi görüntülər çəkə, yaya bilər.
Əslində, xalq kütlələrinin total panikaya qapılmasının qarşısını almaq üçün demokratik ölkələrdə də müəyyən tədbirlər həyata keçirirlər. Məsələn, 11 sentyabr hadisələri zaman ABŞ-da belə addımlar atıldı, nəticədə terror aktlarına dair informasiyaların detalları gizlədildi (həlak olanlara aid bir şəkil belə yoxdur).
Yaxud İsveçdə yerli adamlar mühacirlər tərəfindən qətlə yetirilirsə, qatilin adı-soyadı, hansı ölkədən olması hüquq-mühafizə orqanları tərəfindən gizlədilir. Çünki hiddətlənmiş əhali küçədə həmin ölkədən olan günahsız adamlara, onların sığındıqları qaçqın düşərgələrinə hücum edə bilərlər.
Sovet dövründə serial qətllərlə bağlı informasiyalar da xalqdan gizlədilib. Çoxqurbanlı təyyarə və gəmi qəzaları da eləcə. Ona görə ki, belə hadisələrədən xəbər tutan əhali istər-istəməz öz həyatı üçün təhlükə hiss edir və təlaşa qapılır.
Hazırda ölkəmizdə də koronavirusla bağlı təlaş doğura biləcək yalan xəbərlər yayanların məsuliyyətə cəlb edilməsi barədə məlumatlar var.
Doğrudan da məsuliyyətli və ehtiyatlı olmaq lazımdır. Nə dövlət strukturları real durumu xalqdan gizlətməlidir, nə də kimsə ağızdan-ağıza eşitdiyi qeyri-dəqiq xəbəri yaymalıdır.
Unutmayaq ki, qədim dövrlərdə aylarla dirəniş göstərən, topla-tüfənglə alınmayan qalanı sonda müdafiəçilər arasında panika yaratmaqla alırmışlar.