Ölkəmizdə parlament seçkiləri ilə bağlı yaranmış durumun əsas günahı bizdə, keçmiş cəbhəçilərdədir. 1992-ci ilin payızında növbədənkənar parlament seçkiləri keçirilsəydi, böyük ehtimalla bugünkü durum yaranmazdı.
Ancaq o zaman ölkənin qızğın hərbi əməliyyatlar apardığını nəzərə alan Elçibəy hakimiyyəti növbədənkənar parlament seçkiləri keçirərək, doğru-dürüst deputat seçkisi ənənəsinin başlanğıcını qoymadı və bu, AXC-Müsavat iqtidarına da, xalqa da baha başa gəldi.
Əslində məsələ heç də “köhnələr”-“yenilər” mübarizəsində deyildi, onsuz da yeni yaranmış partiyalarda “köhnələr”lə “yenilər” qaynayıb qarışmışdı. Əsas mübarizə “köhnəlik”lə “yeniliy”in arasında getməliydi. Əgər “sovet seçkisi” üsullarından imtina edərək, yeni qaydalarla, yeni təfəkkürlə, sağlam iradə ilə yeni seçkilər keçirilsəydi, nə qədər qüsurlu olsa da, bir sonrakı seçki əvvəlkindən daha az qüsurlu olardı və beləcə, tədricən Avropa standartlarına yaxınlaşardıq.
Bu, olmadı. 1995-ci ildə keçirilən parlament seçkiləri isə birbaşa geriyə addım oldu. O vaxt Hikmət Hacızadə həmin seçkiləri “qiymətli 5 ilin itirilməsi” adlandırmışdı. Sonradan məlum oldu ki, 5-i 5-ə vurmaq lazım gəldi.
Sonrakı seçkilərdə durum bir az da ağırlaşdı. 1995-2000-2005-ci ilərdə keçirilən seçkilərdə mötədil müxalifətçilərə 3-5 yer verilirdisə, son seçkilərdə ümumiyyətlə müxalifətsiz parlament formalaşdırıldı.
Bu, eyni zamanda ölkəmizdə seçib-seçilmək, dürüst seçim etmək, namizədlərin pisini yaxşısından ayırmaq kimi mühüm siyasi vərdişləri də korşaltdı.
Əgər 1992-ci ildə keçirilməli olan parlament seçkilərində “yenilik” xətti qalib gəlsəydi, ən uzağı 2002-ci ildə bu xalq namizədlər arasında düzgün seçim etmək qabiliyyəti qazanmış olacaqdı. Daha avantüristlər, populistlər, pafoslu çıxışlarla xalqın gözünə kül üfürənlər mandat qazana bilməyəcəkdilər.
İndi biz nə vaxtsa dünya standartlarına uyğun, heç kəsin narazı qalmadığı, ağız büzmədiyi şəffaf seçkilər keçirmək istəsək, sıfırdan başlamalı olacağıq və ən azı 2 seçkinin nəticələri nə iqtidarın, nə də müxalifətin ürəyincə olmayacaq.
Ona görə də möhtərəm seçici populist, avantürist, yalançı, dələduz namizədlərin ətrafında birləşəcək, bərkdən və cürətli danışdıqlarına görə onları qəhrəman, toxunulmaz elan edəcək və məntəqəyə gedib onlara səs verəcək. Bunun əlamətləri 9 fevral seçkisində qismən müşahidə olundu.
Tarixdən örnəklər də var. 1988-ci ilin noyabr ayının 25-də parlament seçkiləri keçirilsəydi, Nemət Pənahlı 95 faizlə deputat seçilər, tərəfdarları parlament çoxluğunu götürər, Nemət ya spiker, ya da baş nazir seçilərdi. Çünki o vaxt xalq onu qəhrəman hesab edirdi, personasına qarşı bir kəlmə deyəni meydanda linç edərdi.
1989-cu ildə Etibar Məmmədov elə bir populyarlıq qazanmışdı. 1991-ci ildə Rəhim Qazıyev xalqın böyük əksəriyyətinin sevimlisinə çevrilmişdi. 1992-ci ildə İsgəndər Həmidov hər kəsdən daha nüfuzlu idi. 1993-cü ilin birinci yarısında Etibar Məmmədov, ikinci yarısında Heydər Əliyev xalqın ən sevimli siyasi lideri oldular.
Ancaq xalq arasında populyar və sevimli olmaq seçkilərdə siyasi uğur qazanmağa vəsilə ola bilərsə də, dövləti uğurla idarə etmək üçün kifayət deyil. Günümüzdə də bəzi ölkələrdə (məsələn, Ermənistanda) populyarlığından istifadə edib hakimiyyətə gələn şəxslərin nə qədər yarıtmaz fəaliyyət göstərdiyinin şahidiyik.
Bu, o deməkdir ki, uzun zamanlara dayanan seçim təcrübəsi olmayan xalq seçkilərdə səhv edə bilər. Əgər xalq demokratik xəttə sadiqdirsə, bir sonrakı seçkidə o səhv daha az olacaq, bir-iki seçkidən sonra isə daşlar tam yerində oturacaq. O zaman xalq hər dəfə qəhrəmanlıq pafosuyla, kəskin tənqidi ritorika ilə seçicilərin başını tovlamaq istəyənlərə qulaq verməyəcək, realist, praqmatik, peşəkar namizədlərə üstünlük verəcək.
Nə yazıq ki, bizim hələ dürüst seçim etmək vərdişimiz yoxdur. 25 il ərzində bu vərdişləri qazanmaq imkanından məhrum olmuşuq və onu nə vaxt əxz edəcəyimiz bəlli deyil.
Bu yazını yazmazdan öncə bir neçə ağıllı adama mesaj yazaraq, builki seçkilərdə populistliyi ilə fərqlənən parlaq namizədlərin adını çəkdim və soruşdum ki, onların gerçəkdən deputat olmasını istərdilərmi? Hamısı “yox” cavabı verdi. Ancaq bu şəxslərin adını çəkərək eyni sualla xalqa müraciət etmək mümkün deyil. Trollar adamı topa tutarlar.
Halbuki biz 1992-ci ilin payızında dürüst parlament seçkiləri keçirə bilsəydik, o adamlar indi namizəd belə olmazdılar.