Etibar Əliyevin yerində Mixail Zabelin olsaydı, Mehman Hüseynov, daha dəqiqi, özü demişkən, deputatlığa namizəd Mehman Hüseynov ona yaxınlaşıb, “haqqımı yediniz, mandat mənimdir, saxtakarsınız” desəydi, o, üzünü bozardıb deyərdi: “Ço aryoş? Kto tı? Zamolçi i uydi”…
Etibar Əliyevin yerində Əhəd Abıyev olsaydı, deputatlığa namizəd Hüseynov ona yaxınlaşıb, “saxtakarlıq etdiniz, qohumlarınız da sizə kömək elədi” desəydi, Əhəd müəllim söhbəti çox uzatmazdı, keçmiş boksçuluğunu yadına salar, bir qulaylanar, rəqibinə soldan bir dənə tutuzdurar, söhbəti bitirərdi.
Etibar Əliyevin yerində Nigar Arpadarai olsaydı, deputatlığa namizəd Mehman ona yaxınlaşa bilməzdi, eləcə gedib feysbukda videolar paylaşar, statuslar yazardı ki, haqqımı yedilər.
Etibar Əliyevin yerində Fəzail Ağamalı olsaydı, Mehman Hüseynov ona yaxınlaşıb, “mən sizdən əl çəkməyəcəyəm, deputatlıq mənim haqqım idi” desəydi, Fəzail Ağamalı ona deyərdi ki, ağsaqqal adamam, oğlum yerindəsən, hörmətsizlik eləmə.
Etibar Əliyevin yerində Eldar Quliyev olsaydı, adamları Mehman Hüseynovun ona yaxın gəlməsinə imkan verməzdilər, qolunu burub uzaqlaşdırardılar, deyərdilər, get kimə deyirsən de.
Etibar Əliyevin yerində Erkin Qədirli olsaydı, bloger Mehman ona yaxınlaşıb, “mənim mandatımı oğurlamısan, utanmırsanmı” desəydi, Qədirli ona baxar, baxar, utanar, sonra telefonunu çıxarıb DSK sədrinə zəng edərdi: “Burada bir oğlan deyir ki, mənə verdiyiniz mandat oğurluqdur, düz deyir, yoxsa yalan deyir? Oğurluqdursa… hə, oldu, oldu… yox e, nə imtina?”
Etibar Əliyevin yerində Ülvi Quliyev olsaydı, Mehman ona yaxınlaşıb, “siz saxtakarsınız, mənim mandatımı oğurlamısınız” desəydi, karate çempionu ona baş qoşmaz, özündən zəif hesab etdiyi üçün ona dəyməzdi, amma Quliyevin yanındakı idmançılar Hüseynovu küknarlığa çəkərdilər.
Etibar Əliyevin yerində Ziyad Səmədzadə olsaydı, deputatlığa namizəd bloqqer ona yaxınlaşıb, “seçkini mən udmuşdum, parlamentdə biz gənclər oturmalıyıq” desəydi, ağsaqqal deputat ona deyərdi ki, Şahsuvarov, yaşın nə fərqi var ki, 3-4 il hövsələ et, gələn dəfə seçilərsən.
Etibar Əliyevin yerində Madər Musayev olsaydı, Mehman Hüseynov ona yaxınlaşıb, “xalq mənə səs verdi, amma mandatı siz qamarladınız” desəydi, ağsaqqal deputat deyərdi: “Nədi, alə? Atovun mandatıdır, bəgəm? Mənə vəriblər, öleneycən də özüm işlədəcəm”.
Etibar Əliyevin yerində Naqif Həmzəyev olsaydı, Hüseynov ona yaxınlaşıb, “qutudan mən çıxmışdım, sən saxtakarsan” desəydi, gəncəli balası ona heç nə deməzdi, köməkçisinə deyərdi, bunun başına torba salın, aparın qıraq bir yerə atın.
Etibar Əliyevin yerində Fərəc Quliyev olsaydı, Mehman ona yaxınlaşıb, “Fərəc bəy, seçicilər mənə səs verib, siz seçkini uduzmusuz, mandatdan imtina edin” desəydi, Quliyev ona deyərdi ki, seçkidən öncə sənə dedim axı, gəl şərait yaradım, kömək edim, bax, əlində telefonundan başqa bir şey yoxdur.
Etibar Əliyevin yerində Siyavuş Novruzov olsaydı, gənc bloger ona yaxınlaşıb, “mən seçilmişəm, deputat mən olmalıydım” desəydi, Novruzov pencəyinin qabağını diricə tutan orden-medallarını ona göstərər, deyərdi: “Sən nə təhər seçilə bilərsən, əə? Mənim sənin yaşın qədər orden-medalım var”.
Etibar Əliyevin yerində adını çəkmək istəmədiyim, amma koloritli danışığı ilə məşhur olan deputat olsaydı, Hüseynov ona yaxınlaşıb, “məntəqələrdə mən üstünlük qazandım” desəydi, deputat ona ikicə kəlmə deyərdi: “Yalançı oğraşdır”.
Etibar Əliyevin yerində Mehman Hüseynov olsaydı, deputatlığa namizəd Etibar Əliyev ona yaxınlaşıb, “saxtakarlıq elədin, mən daha çox səs almışdım” desəydi, dairənin qalibi elan edilmiş M.Hüseynov telefonunu çıxarıb canlı yayım açar, “görürsünüz, demokratik yolla seçilmiş deputata hücum var, irtica öz məğlubiyyəti ilə barışmır” deyər, şikayətçi namizədi öz tərəfdarlarına söydürərdi.
Etibar Əliyevin yerində Etibar Məmmədov, Mehman Hüseynovun yerində isə Mehman Əliyev olsaydı, ikinci birinciyə yaxınlaşıb heç nə deməzdi, yalnız müsahibə verəndə qeyd edərdi ki, seçkinin nəticələri ilə razı deyil.