1992-ci ildə, iyun ayının 7-də keçirilən seçkilərdəki atmosfer heç yadımdan çıxmır. Həmin vaxt məntəqə seçki komissiyasının katibi idim. MnSK sədri isə orta məktəbdə mənə biologiya dərsi demiş Avtandil müəllim idi. Avtandil müəllim kənddə çox hörmətliydi, hamı onu obyektiv, dürüst adam kimi qəbul edirdi.

Seçki başlanmazdan öncə hər ikimiz, eləcə də komissiyanın digər üzvləri anlaşdıq ki, sovet dövründə seçki necə keçirilibsə, bu günə dəxli yoxdur, biz bu gün dürüst seçki keçərəcəyik.

Səsvermə başladı və dərhal növbə yarandı. Səhər saat 8-dən axşam saat 8-ə qədər seçicilər növbəyə durub səs verdiılər. Bir adama iki bülleten vermədik – qapı ağznda dayanıb həyat yoldaşını göstərənlər vardı, deyirdilər, budur, burdadır, onun da bülletenini ver. Vermirdik. Axşam düz saat 8-də 3 yaxın qohumum Elçibəyə səs verməyə gəldi. Onların bülletenini hazır edənə qədər 9-a 1 dəqiqə işləmiş oldu, üzr istəyib, dedim, vaxt bitib, səsvermə qurtarıb. Onlara bülleten vermədim. İncimədilər, anlayışla qarşılayıb getdilər.

Heç bir mübahisə, gərginlik olmadan səsləri saydıq, prezidentliyə namizəd Əbülfəz Elçibəyin 65, Nizami Süleymanovun 33 faiz (toplamda 2 faiz da digər namizədlər) səs toplaması barədə protokol imzalayıb DSK-ya apardıq.

Ertəsi gün tarixdə ilk dəfə obyektiv seçki keçirdiyimizlə qürur duya-duya ictimaiyyət arasına çıxdığımız vaxt, nəyə görəsə cəbhəçilərdən narazı olan bir şəxs hamının eşidəcəyi tərzdə dedi ki, gördük dəə, dünən seçkini saxtalaşdırdınız, qutuları doldurdunuz, Elçibəyə səs yazdınız. Bu qədər ağır böhtanı, qırmızı iftiranı gözləmirdim, dönüb bir az da gənclikdən gələn emosiya ilə “yalançının… ”ifadəsi ilə başlayan söyüşlü cümlə işlətdim. Adam susdu, ətrafdakılar da anladı ki, bu qədər ürəkdən söyən adam hər halda saxtakarlıq etmiş olmaz. Zatən, seçkinin dürüstlüyünə şahid olanlar çox idi, üstəlik, Avtandil müəllimin reputasiyası şərait yaradırdı ki, 14-15 saat boyunca ac-susuz halda dürüst seçki keçirərkən çəkdiyimiz zəhmət şübhə altına alınmasın.

Bunu niyə xatırladım? Ona görə ki, srağagün də seçkiydi və insanlar yenə də seçki ehtirasına qapılmışdılar.

Ancaq bu seçki ehtirası 28 il öncə bizim keçirdiyimiz seçkidəki ovqatdan çox fərqliydi. O zaman imperiyadan müstəqil dövlətçiliyə, sosializmdən kapitalizmə, totalitarizmdən demokratiyaya keçid dönəmi olsa da, nə komissiya üzvləri, nə də kənar müşahidəçilər (o zaman kim maraqlanırdısa, seçkini müşahidə edə bilirdi – sənədsiz-filansız) arasında mübahisə, gərginlik olmadı, amma srağagün mübahisə düşməyən seçki məntəqəsi az-az oldu.

Daha pisi, seçkiləri müşahidə edən iki namizəd vəkili keçirdikləri həyəcan və stress üzündən seçkidən sonra vəfat ediblər.

Bəli, hazırda ölkəmizdə keçirilən seçkilər çox gərgin atmosferdə keçir. Namizədlərdən çox, onların tərəfdarları mediada, sosial şəbəkələrdə, bəzən isə real həyatda “müharibə” aparırlar. Adamlar az qala bir-birlərini döymək, yaralamaq, öldürmək həddinə gəlirlər. Kənardan baxanlar tərəflər arasında vətəndaş müharibəsi ovqatı görürlər.

Gerçəklik belədir. Biz hələ seçki günündən əvvəl, eləcə də səsvermə günlərində yol ötərkən dönüb müşahidəçilərsiz-filansız keçirilən seçkidə səs verən, bəzən öz səsini elektron poçt vasitəsilə göndərən skandinaviyalılardan çox fərqlənirik. Onlarda seçkiylə, onun nəticəsi ilə bağlı yüksək emosional gərginlik yaşayan, səs verdiyi namizədin rəqibinin tərəfdarları ilə dalaşan, söyüşən adamlar yoxdur. Hər şey sakit məcrada keçir, seçki bitir, seçki kampaniyası bir də 3-4 ildən sonraya qalır.

Biz isə dalaşırıq, döyüşürük, söyüşürük, düşmən oluruq.

Bunun bir neçə səbəbi var. Birincisi odur ki, biz seçib-seçilməyə ölüm-dirim savaşı, yaşayış uğrunda mübarizə çarpışması kimi baxırıq. İkinci səbəb isə budur: biz hələ də doğru-dürüst seçki təşkil edə, obyektiv ola bilmirik. Seçkiyə qatılanların tam əksəriyyətini prosesin dürüstlüyü, qanuniliyi yox, onun nəticəsinin sərfəli olub-olmaması maraqlandırır. Bir də görürsən, 20 il boyunca dürüstlükdən, demokratiyadan, halallıqdan danışan adamlar seçkiyə qatılanda 5 səs artıq almaq, rəqibinə badalaq vurmaq, kələk gəlmək üçün hər hiyləyə əl atır, seçkilərin nəticəsini azacıq da olsa dəyişdirmək üçün fırıldaqlara qol qoyur.

Əslində, bu, uzun söhbətdir. Sonrakı günlərdə davam etdirərik. İndilikdə onu deyək ki, hərtərəfli götürəndə biz xalq olaraq doğru-dürüst seçki keçirməyə hazırıq. 28 il əvvəl ən azı bir məntəqədə tam dürüst seçki keçirmək mümkün olmuşdusa, yenə də ola bilər.