“Qərb və ya şərq
Eyni bədbəxtlik hər tərəfdə
Hər yerdə eyni cürə üşüdür külək”
(Matsuo Basyo)
Keçmiş xarici işlər nazirimiz Tofiq Qasımov 29 yanvarda İsveçrənin Lüsern şəhərində, mühacirətdə öldü, elə orda da basdırdılar. Azərbaycan növbəti dəfə uğrunda can qoymuş bir övladının qürbətdə can verməsinə laqeydliklə tamaşa elədi. Hər belə hadisə olanda fikirləşirsən görəsən biz niyə beləyik, bu kökdəyik? Haçana qədər el üçün ağlayan gözlərimizi kor qoymaqdan ləzzət alacağıq?
Tofiq bəy müstəqillik hərəkatının, yeni dövlət quruculuğumuzun önündə gedənlərdən biri idi. İstiqlalçı deputat sayılırdı. Nə qədər proqram, məramnamə hazırlamışdı. Əsl elm adamı idi eyni zamanda. Bu da bəlkə taleyin ironiyasıdır ki, fizika üzrə alim Tofiq bəyin son sorağını İsveçrənin fizika mərkəzi CERN-dən deyil, dünya turizm mərkəzlərindən sayılan Lüsern-dən aldıq. Yeri gəlmişkən, Lev Tolstoyun “Lüsern” adlı bir hekayəsi var, onun qəhrəmanı, qərib küçə musiqiçisi sanki Tofiq bəyin təsviridir.
Əlbəttə, belə gəlib, belə də gedəcək. Biz Rəsulzadənin nəvə-nəticələrinə qul bazarında yük daşıtdıran millətik. Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanım onilliklər boyunca (!) yorulmadan atasının təmiz adının bərpası uğrunda çalışdı, işsiz, ac-susuz qaldı, ancaq Azərbaycan sovet hökumətində çalışanlar onu dəli elan eləmişdilər. İndi isə timsah göz yaşı axıdıb Tağıyevə heykəl ucaldırıq. Guya onu sevməyə başlamışıq. Biz insansevər yox, heykəlsevər millətik axı.
Bir cavan oğlan var, adı yanılmıramsa Hafizdir. Hansısa rayonda yaşayır, bir qəribə hobbimi deyək, işmi deyək – məşğuliyyətin yiyəsidir: internetdə axtarış aparıb Azərbaycanın görkəmli şəxsiyyətlərinin xaricdəki oğul-uşaqlarını tapır, onlardan intervülər götürür. Son dəfə Mirzə Cəlilin nəvə-nəticələrini tapmışdı, bunun üstündə hətta akademik İsa Həbibbəyli ilə davaları düşdü. Çünki Akademiya gəncin əziyyətini öz adına çıxmışdı, həmin nəvələri Bakıya dəvət eləmişdilər, Hafiz bəyə isə quru sağ ol da deyilməmişdi. Mən o zaman da bu xəbəri, yəni, Cəlil Məmmədquluzadə nəslindən kimlərinsə (yaddaşım məni aldatmırsa böyük sənətkarımızın oğlu Ənvərin nəvələri idi) Polşada tapılmasını təəccüblə qarşılamışdım. İlk növbədə, içimdə sual doğmuşdu: biz bu adamları niyə ancaq indi tapmışıq? Sualın qarşılığı da yaranmışdı: bəs bu adamlar niyə bizi itirib-axtarmayıbdır?
Görünür Mirzə Cəlil o zaman oğlu Ənvərə belə məsləhət görüb ki, buradan elə çıx get izin-tozun qalmasın, bura yaşanası yer deyildir. Əks halda, necə olar bilər ki, insan öz vətəninə, yurduna, xalqına bu qədər biganələşsin, laqeydləşsin? Deyək sovet vaxtı əlaqə çətin olub (hərçənd o zaman Polşa da sosialist düşərgəyə daxil idi). Bəs SSRİ dağılandan sonra əlaqə niyə yaranmayıb?
Burada insanlara elə zülüm edirik, çıxıb gedəndən sonra üzlərini vətənə sarı qəti döndərmək istəmirlər. Elə Tofiq Qasımov kimi ziyalı insanı türməyə salıb nə qədər incitdilər. Hətta o zaman (bəy 1995-1996-da MTN türməsində saxlanmışdı) deyirdilər Tofiq bəyin işgəncə ilə psixikasını pozublar. Bu inciklik üzündən Tofiq bəy azadlığa çıxanda gedib müəllim işlədiyi Türkiyədən, daha sonra mühacirət etdiyi Norveç və İsveçdən bir dəfə də dönüb Azərbaycana baxmadı. Nə intervü verdi, nə ünsiyyət saxladı. 30 il susdu. Əkrəm Əylislinin bir povestinin qəhrəmanı kimi: o da uzun illər yaşadığı kənddə danışmırdı, camaat elə zənn edirdi laldır. Görünür Tofiq Qasımov öz incikliyini bu susmaqla ifadə eləmişdi. Mən onu həmişə çox yaxşı başa düşmüşəm. Bəzən susaraq deyilənlər daha anlaşıqlı olur.
Heç olmazsa indi bildikmi Tofiq Qasımov nə istəyirdi?