Baxmamış olmazsınız, hələ 30-40 il öncədən Hollivudda çəkilən bəzi filmlərdə belə bir motiv var: gizli laboratoriyada bəşəriyyət üçün təhlükə törədə biləcək virus (bakteriya, zəhər) hazırlanır, sonra bu bioloji (bakterioloji, kimyəvi) silah dünya əhlini qırmaq istəyən, rəhbəri də mütləq psixopatın biri olan terrorçu bandanın əlinə keçir, banda istədiyini əldə edə bilmədikdə, silahdan istifadə etmək qərarına gəlir, bu əsnada bir yaxşı oğlan, yaşı 35-40 arasında, keçmiş polis (kəşfiyyatçı, hərbçi) ortaya çıxır, son anda havada salto vuraraq, artıq yerə düşüb sınası kolbanı göydəcə tutur və bəşəriyyəti xilas edir.
İndiyədək 7-8 bu cür filmə baxmışam, hamısının da axırı yaxşı, necə deyərlər, “həpi end”lə qurtarıb. Bu janrda yazılmış detektiv romanlar da var. Həmin romanlarda da “yaxşı oğlan”lar var və dünyanı qurtarırlar. Yoxsa alçaq psixopatlar, məkrli alimlər çoxdan bəşər əhlini qırıb-qurtarmış olardılar.
Ona görə də Çində yayılan qorxunc virus haqqında ilk xəbərlər yayılanda yadıma həmin o gizli laboratoriyalar, psixopat terrorçular, bir də xilaskar oğlanlar düşdü.
Virusun Çində yayılması, sonradan başqa ölkələrə də sıçraması barədə xəbərləri oxuyanda isə düşündüm ki, yəqin ya o vicdansız alim kəşf etdiyi virusu başqa qüvvələrə satıb, ya alçaq psixopat-terrorçu virus dolu kolbanı bir az tez sındırıb, ya da maymaq “xilaskar oğlan” son dəqiqədə kolbanı havada tuta bilməyib, ona görə də bəşəriyyət qara günə qalıb.
Belədir, belə deyil, demək çətindir, amma ölkəmizdəki şüurlu insanların 99 faizi inanır ki, o virus durduq yerdə ortaya çıxmayıb, onu əl-əlbət, bir hazırlayan, bəsləyən, yayan var. “İndiyədək niyə yayılmırdı?” Bu xüsusda ən güclü sual budur. Cavabı zəifdir.
Daha bir yekə bir sual da var: “Virus niyə Çində yayıldı?” Əlbəttə, o virus Qvineya-Bisauda yayılsaydı da, yenə o sualı qoymaq olardı. Amma bu halda o suala belə cavab verəcəkdilər ki, eh, Qvineya-Bisau kimin nəyinə lazımdır ki, ona qarşı bioloji silah tətbiq etsinlər.
Virusun Çindən başlayaraq yayılmasının isə güclü səbəbi var: Neçə vaxtdır Tramp başda olmaqla ABŞ yetkililəri az qala hər gün təkrarlayırdılar ki, Çini durdurmağın yolunu tapmaq lazımdır və bu məqsədlə Çinə hər cür sanksiya tətbiq edirdilər.
Ona görə də hazırda dünyanın bir çox yerində də koranavirusun ABŞ-ın gizli laboratoriyalarında ixtira edildiyini güman və iddia edirlər.
Hərçənd belə rəylər də var ki, virusu Çin özü icad edib, amma kolba öz əlində sınıb.
Tərs kimi, bu elə ixtiradır ki, heç kəs qabağa durub “bunu mən icad etmişəm və patentləşdirmişəm” deməyəcək. Koronavirus yetim şeydir, sahibi yoxdur, yalandan ilanların, yarasaların üstünə atırlar.
Elə adam da var, deyir ki, Çini bu yolla durdurmaq, əhalisini qırıb-qurtarmaq mümkün deyil. Gerçəkdən də həmin virusa görə Çində gündə 100 adam ölsə, bu, il ərzində 36 500 adam eləyir, 100 ilə 3 milyon 650 min düzəlir. Çində isə elə bir potensial var ki, 5 gecə dizlərini yerə qoysalar, 3 ilin içində Çin əhalisinin sayı 2 milyardı aşar. Onlar bilə-bilə öz saylarını artırmırlar, amma ABŞ-la bəhsə girsələr, heç bir virus qabaqlarında dura bilməz.
Yəni bu virus sırf laboratoriya virusudursa və qəsdən yaydırılıbsa, insanlara qarşı nəzərdə tutulmayıb, məqsəd başqa ola bilər. O da ondan ibarətdir ki, bir dövləti çökdürmək, zəiflətmək üçün onun iqtisadiyyatını sarsıtmaq, turizm sektorunu, başqa ölkələrlə ticarətini, gediş-gəlişini məhdudlaşdırmaq gərəkdir.
Baxın, bu gün artıq Çinə təyyarə uçurdan ölkə qalmayıb. Hamısı ard-arda Çinə gediş-gəlişdən imtina edir. Yaxın günlərdə Çindən ərzaq, geyim və digər mallar alan ölkə qalmayacaq. Çin isə dünyanın 200-dən artıq ölkəsi ilə alış-verişi olan ölkədir.
Ondan sonra sən gəl, Xvan Xo Mzsedunun çığırtısına bax. Bu, yüz minlərlə müflis olan şirkət deməkdir.
Ona görə də adamın ağlına gələn ilk fikir budur ki, ortada vicdansız alim, alçaq psixopat və maymaq “xilaskar” faktoru var. Yoxsa belə işlər havayı yerdən olmur. Tarix də təsdiq edir ki, böyüyən, dünya ağalığına iddia edən dövlətlərin başı Mərrix ulduzunun altında olur və oradan onun başına daş (asteroid) salırlar.
Yenə də o gözəgörünməzə şükür edək.