Əvvəlcədən proqnozlaşdırıldığı kimi oldu: xeyli namizəd parlament seçkilərində iştiraklarını davam etdirməyə son qoydular, deputatlığa namizəd olmaqdan imtina etdilər.
Onların ümumi sayı 100-ə yaxındır. Sonrakı günlərdə sıraları arta da bilər.
Bu şəxslərin çoxu seçkiyə start verildiyi gündən ta dünənə qədər hər gün əlləri çatan media qurumlarında, ən azı sosial mediada öz status və şəkilləri ilə camaatı bezar etmişdilər.
Bu gün onların – namizədliklərini geri götürən şəxslərin kimlikləri bilinmir. Bağıra-bağıra “mən də namizədliyimi irəli sürdüm, xalqımdan səs istəyirəm” deyən şəxslər səssiz-səmirsizcə MSK-ya imtina müraciəti ediblər.
Əlbəttə, bu, onları hüququdur, istərlər, namizəd olarlar, istərlər, namizədliklərindən imtina edərlər. Sadəcə, birini hay-küylə, pafosa basmaqla etmək, o birini gizli və lal-dinməz şəkildə həyata keçirmək MM üzvü olmaq istəyən ictimai-siyasi simanın səmimiyyətindən xəbər vermir.
Bu sayaq addımlar seçki prosesinə kölgə salan, çirklilik, iyrənclik gətirən hərəkətlərdir.
Adamların ağlına gələn ilk versiya bu cür adamların öz namizədlik vəsiqələri ilə alverə getməsi, güclü və pullu rəqibləri ilə bazarlaşmasıdır.
Bu, ötən seçkilərdə də olub. Bəzi namizədlər imkanlı rəqibləri ilə bazarlığa gediblər, müəyyən məbləğlər müqabilində namizədliklərini geri götürərək, rəqiblərinin işini avand ediblər. Onlar maneəsiz, hay-küysüz mandat qazanarkən, bu “seçki dələduzları” da 5-10 manat pul qazanıblar.
Ən pisi isə o olub ki, bu avantüra barədə əfsanələr yaranıb: “Filankəs 10 min aldı”; “Bəhmənkəs rəqiblərinə 5000-5000 min payladı”; “Filankəsə əvvəlcə 15 min verirdilər, götürmədi, 20 istədi, amma sonra 12-yə düşdü” və sair və ilaxır.
Bu kimi söhbətlər, söz yox ki, “seçkidə namizəd olmaq” kampaniyasına qoşulanların sayının artmasına səbəb olmuşdu.
Təbliğat kampaniyası başlayandan 3-4 gün sonra 100-ə yaxın adamın öz namizədliyindən imtina etməsi bunun əyani göstəricisidir və alver söhbətlərini inandırıcı edir.
Yəqin ki, seçkiqabağı təbliğat kampaniyasının ağırlığına tab gətirməyən və iddiasını sürdürməyin mənasız olduğunu düşünərək geri çəkilənlər də var. Amma bunlar o qədər də çox olmaz.
Zatən, seçki kampaniyasının imzatoplama mərhələsi daha çətin idi, 500-ə yaxın adamla təmas qurmaq, onlardan imza vermələrini xahiş etmək lazım idi. Açıq-aşkar hiss olunurdu ki, namizədlərin bir xeylisi 500 imzanı toplayarkən çətinlik çəkirlər.
Bəs necə oldu ki, o çətinliyə qatlaşan şəxslər namizədliklərini qeydə aldırandan sonra, təbliğat kampaniyası başlayan kimi geri çəkildilər? Bunu 10 gün öncə edə bilməzdilərmi? Mütləq qeydə alınmaq lazım idi?
Bəli, bazarlığa getmək üçün mütləq qeydə alınmaq lazım idi. Qeydə alınmamış namizədlə, daha dəqiqi, öz yanından deputatlığa iddia göstərən şəxslə heç kəs bazarlığa getməz, onu öz namizədliyindən imtina etmək üçün dilə tutmaz.
Bu, bir Azərbaycan gerçəkliyidir və iyrənc gerçəklikdir.
Bu, bir namizədin mandatı pul-para gücünə almaq canfəşanlığıdırsa, bir ütük dələduzun da öz siyasi iddiasından şantaj məqsədilə istifadə edərək 5-10 manat qabağa düşmək cəhdidir.
Heç bir halda bunun siyasətə dəxli yoxdur.
Ola bilər, bu fırıldaq ilk dəfə Azərbaycanda düşünülməyib və dünyanın bir çox ölkələrində bu üsula əl atılır. Olmamış olmaz.
Ona qalsa, dünyanın ən demokratik ölkələrində də seçkilər zamanı bir-birinə qarşı istər qurşaqdan aşağı, istərsə də başqa iyrənc piarlar aparan, hər yola əl atan namizədlər olur. Seçicilərin səsinin birbaşa pulla alınması, insanların dolayısıyla şirnikləndirilməsi halları seçki keçirən əksər ölkələrdə baş verir.
Bu baxımdan bəzi namizədlərin hansısa varlı namizəddən pul alıb geri çəkilməsi dəhşətli bir neqativ hal deyil.
Amma bu, Azərbaycan kimi onsuz da seçkiyə həvəslə gəlməyən ölkələrdə insanların seçkiyə münasibətinin daha ikrahamiz olmasını şərtləndirir. Seçici imza verdiyi namizədin sonradan bazarlığa getdiyini öyrənincə sarsılır və sonrakı seçkidə daha heç kəsə imza verməyəcəyinə and içir.
Ondan sonra namizəd olmaq istəyəndə xalqı inandır, görüm, necə inandırırsan.