Rusiyanın baş naziri Dmitri Medvedyevin və onun başçılıq etdiyi hökumətin istefaya göndərilməsi bir baxımdan gözlənilməz oldu. Gündəmdə yox idi, söhbəti getmirdi, heç kim gözləmirdi.
Amma bu, geniş ictimaiyyətin prizmasından baxanda gözlənilməzdir. Heç ola bilməz ki, prezident Putin srağagün səhər işə gəlib və nahardan sonra “bitdi, hökumət buraxıram” deyə qərar verib.
Təbii ki, bu, aylarla dar dairədə, mətbuatın, eləcə də saray adamlarının çoxunun xəbəri olmadan müzakirə olunub, yol xəritəsi hazırlanıb, iş başa gələndən sonra qərar verilib.
20 il öncə də belə olmuşdu. RF prezidenti Boris Yeltsin özünə siyasi varis tapmaq məqsədilə 3-4 baş nazir dəyişmiş, hər dəfə 7-8 namizədin arasında götür-qoy, ağır-yüngül, saf-çürük edib axırda qərar vermişdi.
Yeltsin hakimiyyətini yeni siyasi varisinə ötürmək üçün ən azı iki ilini sərf etmişdisə, söz yox ki, Putin də yeni komandasını müəyyənləşdirmək üçün azı 6 ay bu layihə üzərində işləyib.
Ancaq Yeltsindən fərqli olaraq Putinin hakimiyyəti ötürmək fikri yoxdur. Onun hakimiyyətötürmə fəndi təxminən futboldakı “divar ötürməsi”nə bənzəyir, topu ötürür və dərhal da qaytarıb alır.
Ona görə də yeni baş naziri hələ Putinin siyasi varisi hesab etmək olmaz, o, canı sağ olduqca hakimiyyətdə qalmaq istəyən siyasilər kateqoriyasındandır.
Bu da o anlama gəlir ki, baş nazirliyə yeni namizəd olan Mixail Mişustin Putin üçün növbəti “divar”dır. O, bir müddətdən sonra başqasıyla əvəzlənə bilər, ya da RF prezidenti olmaq üçün çox gözləməlidir.
Yuxarıda dediyimiz kimi, vaxtilə Qaydar, Çernomırdin, Primakov, Kiriyenko, Nemtsov, Stepaşin bir gün prezident olacaqlarını düşünürdülər, amma heç biri Yeltsinin sınağından çıxmadılar, tac Putinə qismət oldu.
Təbii ki, Putin bu dəyişikliyə kefindən qol qoymur. Bunun sırf rus xalqının artmaqda olan narazılığının qarşısını almaq, ictimaiyyətin başını qatmaq üçün düşünüldüyünü iddia edənlər tam haqlı deyillər.
İşin içində bu amilin də rolu olmamış deyil, amma Rusiyada dəyişikliyə, islahata gerçəkdən zərurət var.
Ölkə məruz qaldığı siyasi sanksiyalar üzündən inkişafdan qalır, ətalət bütün sahələri basmaqdadır, korrupsiya və rüşvətxorluq gündən-günə çiçəklənir, hakimiyyətə yeni qüvvələr gəlməli, ölkəni yeni inkişaf mərhələsinə adlatmalıdır.
Sadəcə, Putin həmin yeni qüvvəni öz komandasının içindən çıxarmağa çalışır, meydanı Navalnı başda olmaqla yeni nəsil müxalifətçilərə buraxmaq istəmir.
Bu isə gerçək dəyişiklik sayıla və ya ola bilərmi? Əgər ölkə yenə də köhnə zehniyyətlə idarə olunacaqsa, baş nazirin və ya nazirlərin yerdəyişməsi heç nə həll edə bilməz. Yeni baş nazir ağzıyla quş tutsa da, xeyri olmayacaq, köhnə isteblişment qısa müddətdən sonra ona diş qıcayacaq və öz yerində oturdacaq.
“Dəyişək, inkişaf edək” kampaniyaları əsasən hakimiyyətlərin seçkilər yolu ilə baş tutduğu ölkələrdə effektiv olur. Bir siyasi qüvvə hakimiyyətdən tamamilə gedir, hakimiyyətə tamam yeni qüvvələr gəlir və onlar işə yeni layihə və konsepsiyalarla başlayırlar.
Rusiyada isə sadəcə vitrini dəyişirlər. İri laylı şüşənin arxasındakı manekenləri dəyişməklə yalnız yeni vizual görünüş əldə etmək olar.
İdarəetmə mexanizmləri eynidirsə, sınıq-salxaq köhnə avtomobili yeni, həm də tutaq ki, daha peşəkar sürücünün idarə etməsi nə dərəcədə effektiv ola bilər? Alonso “Moskviç”i saatda 200-lə sürüb viraj kəsə bilər? Yox. Bu da eləcə.
Hələ sovet dövrünün ilk illərində də işlər düz getməyəndə dövlət rəhbərliyində vaxtaşırı dəyişikliklər edilib, dövlətin 2-ci, 3-cü şəxsləri dəfələrlə dəyişdirilib, amma gerçək nailiyyətlər əldə olunmayıb. Daha sonra artmaqda olan hakimiyyətdaxili və ictimail narazılığın qarşısı total repressiya ilə alınıb.
Hazırda o cür total repressiya aparmaq mümkün deyil. Rusiya xalqının isə gün-güzəranından, idarəolunma üsulundan narazılığı isə gündən-günə artır.
Bəs vam alovda qaynayan bu qazan nə vaxt paqqıldayıb qapağını atacaq, bilinmir.