ABŞ tarixində prezidentə impiçment elan edilməsi hadisəsi üç dəfə olub. Üçüncüdən başlayaq. İmpiçment elan edilən üçüncü prezident Donald Trampdır. Bu haqda çox yazılıb, yazılır, yazılacaq.
İkinci prezident Bill Klintondur. Bir az yaşlı nəsil 20 il öncə onunla Monika Levinski adlı xanımın başına gələnləri, bu intim əlaqə üzündən Klintonun başının nə qədər ağrıdığını bilirlər.
Amma çox adamın bilmədiyi bir impiçment hadisəsi də var. Bu hadisə isə 1868-ci ildə olub. Bu barədə bir az sonra.
İndilikdə onu da qeyd edək ki, birinci və ikinci impiçment hadisəsinin əvvəli uğurlu alınsa da, sonrası uğurlu alınmayıb – Senat prezidentləri vəzifələrindən kənarlaşdırmayıb.
ABŞ tarixində yalnız bir nəfər – Riçard Nikson impiçment təhlükəsi qarşısında qalarkən, prosesin sonunu gözləmədən istefa verib.
151 il öncə impiçmentlə üzləşən prezident isə Endryu Conson olub.
Əslində Conson ABŞ tarixinin ən yaddaqalan, ən uğurlu prezidenti sayıla bilər. Çünki məhz onun zamanında, 1867-ci ildə ABŞ Alyaskanı Rusiya imperiyasından 7,2 milyon dollar alıb.
Olduqca soyuq və yaşayış üçün əlverişsiz olmasına baxmayaraq, Alyaskanın bugünkü qiyməti trilyonlarla ölçülür. ABŞ bu torpağı aldıqdan sonra orada zəngin qızıl yataqları və başqa təbii ehtiyatlar aşkarlayıb və 150 ildir ki, istismar edir.
Ancaq müasirləri prezident Consonun bu tarixi xidmətini qara qəpik yerinə saymayıblar və adamı prezident kürsüsündən bir il tez salmaq istəyiblər.
Bəs Endryu Consonun günahı nə olub?
Əslində Conson dövlət vəzifəsinə prezident yox, vitse-prezident statusunda seçilib. O, demokratların namizədi olub, respublikaçıların xarizmatik lideri Avraam Linkoln 1864-cü ildə təkrarən prezident seçiləndə Conson onun vitse-prezidenti olub.
Ancaq o, vitse-prezident postunda cəmi bir ay işləyib. Martda işə başlayan Conson 1865-ci ilin aprel ayında Linkolnun öldürülməsi ilə prezident postunu tutub.
Qatillər prezidentlə yanaşı, vitse-prezidenti və dövlət katibi Uilyam Stüardı da öldürmək istəyiblər, amma buna müyəssər olmayıblar, sadəcə, Stürardı yüngül yaralayıblar.
Şansı gətirib prezident olan Conson isə öz partiyası ilə əlaqələrini kəsib. Görünür, onun siyasi intriqalara cəlb olunmasının səbəblərindən biri də budur.
Endryu Conson Senatdan yekdilliklə keçən bəzi sənədlərə, əsasən də qaradərililərin ağlarla bərbərhüquqlu sayılmasına dair qanunvericilik layihəsinə veto qoyub. Bu münaqişəyə nazirlər də cəlb olunub. Conson hərbi nazir Stentonu işdən çıxarıb, Senat bununla razılaşmayıb, nazirin işdən çıxarılması üçün səbəb olmadığını bildirib. Conson Stentondan əl çəkməyib, general Toması müvəqqəti hərbi nazir təyin edib və Stentona əmr verib ki, sərəncamındakı əmlakı ona təhvil versin. Stenton əmrə riayət etməyib, Senat yenə də prezidentə qarşı çıxıb. Nümayəndələr Palatası 126 səslə prezidentə qarşı məhkəmə təqibinin başlanması və ona impiçment edilməsi barədə qərar verib. Ancaq bu ittihamı təsdiq etmək üçün Senatda üçdə iki səs çoxluğu alınmayıb.
Beləcə, Conson öz müddətini başa vurub və yerini general Qranta verib. Sonradan, 1874-cü ildə Conson yenidən senator seçilib.
Həm xasiyyətcə, həm də idarəetmə üsulu etibarilə Consonun Trampa bənzərliyi olub. O da kobud, hərcayı danışan, içkili olanda ağzına yiyəlik etməyən, təkbaşına qərarlar verməyi sevən biri olub. Hətta Linkolnun inaqurasiya mərasimində Conson öz milli mənşəyini öyən, Rusiyanı aşağılayan yöndəmsiz bir çıxış edib. Ortalıq gərginləşdiyi üçün prezident Linkoln ona inaqurasiya mərasimini tərk etməyi məsləhət görüb.
Məlum olduğu kimi, Trampın da N qədər yöndəmsiz çıxışları, qaba hərəkətləri, başqa dövlətlərin rəhbərlərini aşağılayan davranışları, irqçi çıxışları və təkbaşına qərarlar qəbul etmək, öz iradəsini yeritmək təşəbbüsləri olub.
Belə görünür ki, Amerika siyasiləri, konqresmenlər və senatorlar ölkəni çılğın, qaba, avtoritarizmə meylli, öz səlahiyyətlərindən sui-istifadə edən, xroniki şəkildə yalan danışan birinin idarə etməsini istəmirlər.
Onu da qeyd edək ki, Trampın impiçmentə məruz qalacağı barədə ilk qeydlər onun hələ prezident seçilməsindən öncə yazılmağa başlamışdı. Bu sətirlərin müəllifi və oxuduğunuz qəzet həmin ehtimalı 2016-cı ilin noyabrnda və 2017-ci ilin yanvarında, Tramp səlahiyyətlərinin icrasına başladığı ilk günlərdə yazıb.
Bu, heç də öncəgörmə-filan deyildi. Adamın o vaxtkı davranışları əsas verirdi ki, bu qənaət hasil olsun. Həm də bənzər fikri hamıdan öncə amerikalı politoloqlar, siyasətçilər yazırdı.
Görək, ABŞ tarixinin üçüncü impiçment təşəbbüsü uğurla nəticələnəcək, yoxsa özündən əvvəlkilər kimi olacaq? Birinciyə ümid azdır.