Primakova qalmayan dünya onun dostu Lujkova da qalmadı. O, dekabrın 10-da 84 yaşındaykən Almaniyada vəfat etdi. Lujkov dövrünün parlaq siyasətçisiydi. Prezident Yeltsin onu siyasət adamından çox, təsərrüfatçı, şəhərsalma işinin ustası saysa da, fakt budur ki, adam 1992-ci ildən 2010-cu ilə qədər dünyanın ən böyük meqapolislərindən birinə – Moskvaya rəhbərlik edib, dəfələrlə mer seçilib.
Siyasəti, siyasi incəlikləri, saray intriqalarının özəlliklərini bilmədən bu qədər uzun müddətdə Rusiya kimi ziddiyyətli ölkənin paytaxtını idarə etmək mümkün olmazdı.
Görünür, Yeltsin Lujkovu soyasətçi saymazkən, onun ölkə çapında siyasət adamı olmadığını nəzərdə tutur.
Bu ikili arasındakı parlaq faktlardan biri də odur ki, 20 il öncə Lujkov Yeltsinin yerinə göz dikibmiş.
Bu hadisə Yevgeni Primakovun Rusiyanın baş naziri postundan kənarlaşdırılmasından sonra baş verib. 1999-cu ilin yayında Primakovla Lujkov birləşib, birlikdə seçki bloku yaradıblar, parlament seçkilərini udmaq, 2000-ci ildə isə prezident postunu götürmək fikrinə düşüblər.
Lujkov Moskva şəhərindən topladığı qanuni və qanunsuz vergilərdən əmələ gələn milyardları bu işə sərf edib. Onun nəzarətində olan KİV orqanları Yeltsini və onun komandasını ağ yuyub, qara səriblər, klassik şairimizin sözü ilə desək, “cümlə xəyanətlərə bais olan iblis” rolunda göstəriblər, hətta onu “rus xalqının soyqırımını həyata keçirmək”də ittiham ediblər.
Yeltsin və onun komandası asanlıqla müəyyən edib ki, bütün bu anti-Yeltsin kampaniyasının başında Lujkov durur.
Təsəvvür edin: ölkənin rəhbəri ilə paytaxtın rəhbəri qarşıdurmadadır, bir-birinə qarşı media savaşı aparırlar. Bunu indi təsəvvür etmək mümkün deyil. Ancaq ötən əsrin 90-cı illərində ya Rusiyada demokratiyanın səviyyəsi daha yüksək idi, ya da Yeltsin daha zəif prezident idi deyə, belə bir durum yaşanırdı.
Daha maraqlı bir fakt isə odur ki, Lujkov paytaxt daxilində Yeltsindən daha güclü şəxs olub. O vaxtlar Moskva meri onun əleyhinə yazan jurnalistlərin hamısını məhkəməyə verib cərimələtdirə bilirmiş. Amma prezidentdə bu güc yox imiş. Ona görə də onun hətta qızının və kürəkəninin şəklini “Onları milis axtarır” stendini andıran sxemlə telekanalda ölkə xalqına nümayiş etdirirmişlər.
Bəs prezidentə bu sayaq sərt hücuma keçən şəxs özü necəydi, süddən çıxmış ağ qaşıq və ya haqq-ədalət uğrunda mübarizə aparan dissident idimi? Əsla.
Lujkov korrupsiya və rüşvətxorluğun kitabını yazan adam idi. Onun həyat yoldaşı evdar qadın ikən milyarder iş adamına çevrilmişdi. Lujkovun özünün əlinin altında milyardlar dövr edirdi.
O və Primakov sovet idarəetməsini bərpa etməklə yanaşı, kapitalizm quruluşunu saxlamaq niyyətində olub. Belə olacaqmış: bu ikili özlərinin və adamlarının malik olduğu milyard dollarla ölçülən varidatlarını saxlayacaq, amma ölkəni sovet rəhbərliyi kimi idarə edəcəklər. Onların qənaətinə görə, Rusiyaya söz və mətbuat azadlığı, rəy plüralizmi, demokratiya-filan gərək deyil, əsas odur ki, rusiyalıları idarə edən dəmir əl olsun.
Sonradan Lujkov-Primakov tandeminin bu ideyasını Yeltsinin siyasi varisi Vladimir Putin onlardan da üstün şəkildə həyata keçirdi.
Ona bu imkanı Yeltsin verdi. Prezident əvvəlcə bu ikilinin qarşısına baş nazir Stepaşini çıxarmaq istəyib, ancaq onun mədəni, abırlı biri olduğunu görüncə, anlayıb ki, o, qoca qurdlara bata bilməyəcək.
Ancaq Yeltsin pəs etməyib və onun “xaricdə hesablarını, qəsr və villalarını tapan”, onu “başına bandit dəstəsi yığan prezident” adlandıran cütlüyü elə onların öz silahıyla – media vasitəsilə vurub. Yeltsinin komandası çoxlu vəsait sərf edərək kampaniyaya “qara piar” ustaları cəlb ediblər. Onlar, əsasən də sonradan “telekiller” adı qazanmış Sergey Dorenko həm Lujkovu, həm də Primakovu necə lazımdır ifşa edib. Onların varidatları, hətta sağlıq durumları ictimailəşdirilib. Nəticədə Lujkov da, Primakov da öz iddialarından geri çəkiliblər.
Maraqlıdır ki, prezidentlə bu sayaq kəskin və açıq şəkildə düşmənçilik aparan Lujkov o hadisədən sonra daha 11 il paytaxta rəhbərlik edib. Ancaq o, bir də heç vaxt prezidentlə prezidentlik etmək fikrinə düşməyib, Putinin qabağında müti olub.
Onu 2010-cu ildə prezident Medvedyev vəzifəsindən azad edib – böyük ehtimalla Putinin tövsiyəsi ilə.
İndi onların heç biri həyatda yoxdur. Saray intriqaları isə davam edir.