30 il öncə bir rus nəşrində (ya “Yunost” jurnalı, ya da “Sobesednik” qəzetiydi – adı yadımdan çıxıb) oxuduğum bir publisistik məqalədən götürdüyüm epizodu yazılarımda azı iki dəfə qeyd etmişəm, amma ölkəmizdə baş verən hadisələr məcbur edir ki, bir də yazım.

Əhvalat belədir: rus jurnalist Almaniyanın bir kəndində qonaq olur. Alman ev yiyəsi bunu da götürüb çaya, balıq tutmağa gedir. Balıqçılar çayın qırağına çatırlar, alman özüylə götürdüyü ləvazimatları – tilovu, vedrəni, yemək-içməyi, ov yemini-filanı səliqə ilə yan-yörəsinə düzür. Jurnalist fikir verir ki, ləvazimatların yanında bir xətkeş də var, amma ta bir söz demir. Alman öz tilovunu suya atır və qarmağa balıq düşdükcə çıxarır. Rus baxır ki, alman sudan çıxardığı balığı qarmaqdan azad edir, xətkeşlə ölçür, sonra ya vedrəyə atır, ya da təzədən qaytarıb suya tullayır. Balıqçı bir neçə dəfə də belə edəndən sonra jurnalist soruşur ki, niyə belə edirsən. Alman ona cavab verir: “Bizim kəndin bələdiyyəsi qərar verib ki, uzunluğu 20 santimetrdən yuxarı olan balıqları tutmaq olar, ondan kiçiklər suya qaytarılmalıdır”. Rus deyir, bayaqdan baxıram ki, sən uzunluğu 19 santimetr olanları da çaya qaytarırsan, bir santimetrin nə fərqi var. Alman deyir, yox, fərqi var, bələdiyyə belə qanun verib. Rus əl çəkmir, təzədən deyir: “Burda bizdən başqa kim var ki? Sən 19-luq balığı vedrəyə atsan, kim biləcək?”

Bu yerdə alman balıqçı həlledici söz deyir: “Bəs özüm? Özüm bilirəm axı. Bilirəm ki, 20 santimetrlik balıqlar tutula bilər, 19-lar yox”.

Bax, alman xalqının bütün uğurlarının sirri bu cümlədədir. Bu, almanların vicdanlı düşünmələrinin göstəricisidir. Adi bir kənd balıqçısı da, federal kansler də nəsə bir iş görəndə qanun çərçivələrini tanıyır, anlayır ki, bu qanun-qaydanı qoyanlar xalqın mənafeyini nəzərə alıblar və onu pozmaq olmaz. Uzunluğu 20 santimertdən aşağı olan balıqların tutulmasını yasaqlayan bələdiyyə belə edir ki, çayda həmişə balıq olsun, kökü qurumasın. Çox sadə. Adi bir şey.

Sən indi gəl bu sözü eni-uzunu 80-100 metr olan göldə balığı qumbarayla, elektrik cərəyanı verməklə tutmaq istəyənlərin N qədər olduğu ölkədə de, al cavabını.

5-10 il əvvəl Müşviq qəsəbəsindən Sumqayıta gedən yolun solunda, dərələrin arasında, N saylı hərbi hissənin yaxınlığında bir göl vardı, adamlar maşınlarla gəlib gölə tilov sallayırdılar. Bir-iki dəfə mən də həvəslənib getmişdim. Axırıncı dəfə heç kəs xırda bir vobla da tuta bilmədi. Buranın daimi və köhnə balıqçılarından biri dedi ki, deyəsən, gecə gölə qumbara atıblar, balıqların hamısı qırılıb. Oxşayırdı ki, elədir. Bu gün heç o göl də yoxdur, qupquru bir torpaq çalasıdır. Bəlkə güclü yağış yağanda su axıb dola. Vəssalam.

Dünən isə İmişlidə, Araz çayının bu rayon ərazisindən keçən hissəsində çəkilmiş bir video paylaşmışdılar. Videoda açıq-aşkar görünürdü ki, çayın sahilində yüzlərlə ölü xırda balıq var. Videonu çəkən balıqçı (tilovla tutan) yana-yana danışırdı ki, çaya elektrik cərəyanı veriblər, balıqları kütləvi şəkildə qırıblar, irilərini seçib satmağa aparıblar, xırdaları da sahilə atıblar.

Bu, o deməkdir ki, çayın həmin ərazisində minlərlə iri, orta, kiçik, xırda balıq öldürülüb. Çayqırağı kəndlərin hamısında belə eləsələr, Arazda balıq bir ayın içində tükənər. Ondan sonra gərək oturub gözləyək ki, İran tərəfdən bu yana balıq üzüb gəlsin, burada kürü töksün ki, yeni nəsil balıqlar yetişsin. Hələ onu da Məmmədqulu qoysa … Odur, portativ generatorunun naqillərini əlinə götürüb, ayağına qasığına dirənən uzunboğaz çəkmə geyinib gözləyir…

Yaramaz Məmmədqulu, sənin kimilərin üzündən almanlardan nə qədər geri qalırıq. Alçaq faşist, niyə qırırsan bu körpə balıqları? Xətkeşin gözünə girsin sənin, get 19, 18 santimetrlik balıqları da tut, amma 5 santimetrlik xırda balıqlarla nə işin var, ay təbiət düşməni?

Burada oturub yekə-yekə, əkə-əkə danışmaqla deyil, nə qədər ki, alman balıqçıların əlində xətkeş var, Reyn çayı balıqlarla qaynaşacaq, amma nə qədər ki, bizim balıqçıların naqillərini əllərindən alıb, qollarını həmin naqillə arxadan bağlamamışıq, dağılan yer bura olacaq, ora yox.