“Uçdu göylərə
Bizim peykimiz,
Söylədi yerə:
– Yol gedirik biz.
Bip-bip, bip-bip”
(Teymur Elçin)
Biz bələdiyyə seçkiləri gözləyirdik, indi araya parlament seçkisi də girir. Vallah, toy-toya, sevinc şadlığa, şadlıq şitliyə qarışıbdır. Elnən gələn seçki toy-bayram olar deyibdir müdriklərimiz. Təzə seçkini YAP-ın elan eləməsi də bir yenilik olaraq tariximizə girəcəkdir, Məzahir müəllim köhnəlibdir, həm də başqa cür ola bilməzdi, çünki partiyanın adında yeni sözü vardır. Eyni zamanda artıq əski olmuş parlamentin buraxılma səbəbi kimi dövrün tələblərinə cavab vermədiyinin göstərilməsi maraqlıdır. Axı bu parlament elə YAP-dan ibarətdir. O zaman YAP Siyasi Şurasının birbaşa problemin kökünə gedib YAP-ı buraxması daha məntiqli olmazdımı? Olmazdı. Vaqif Mustafayevin “Fransız” filmindəki dialoq kimi: “- Omu? – Omu!” Azərbaycan kino tarixinin ən mükəmməl dialoqudur.
Sözgəlişi, bu arada zəhmətkeşlərimizin siyasi aktivlərindən bir nəfəri görün mənə nə yazır: “Beynəlxalq Bankın müdirinin arvadının xaricdə ”Disney” oyuncaqları satan “Bobbidi bibbidi boo” dükanına 100 min funt sterlinq xərcləməsinə üzüldüm”. Yəni vətəndaşımızı narahat edən odur ki, nə üçün Zamirə xanım o pulları “Sədərək” yarmarkasının “Şirniyyat” hissəsində içinə tük doldurulan ayı oyuncaqlarına sərf etməyibdir, xeyri hansısa “bobbidi”yə veribdir. Fərhad Əliyevin apardığı islahatlar kimi, xeyir vətənə qalmalıymış. Qalmadı da bə. Nə edək? Özümüzü öldürəkmi, qabaqdan bu cür qəşəng seçkilər gələn dövrdə? Ən yaxşısı “boooy” eləyib önümüzə baxmaqdır. Əsas odur, insan həyatda “mooo”, ya da “məəə” eləməsin, “bobbidi boo”ya dözmək olar.
Haradan baxsan, müsbət tendensiyalar davam edir. Balam, siz özünüz bu Milli Məclisdən bezməmişdinizmi? Gündə bir deputat quş buraxırdı. Lap zəhləmizi tökmüşdülər. Əgər YAP və hökumət ziyanın son bir ilindən geri qayıtmaq qərarı veribsə, gəlin onu alqışlayaq. Köhnə vaxtlardakı kimi: hamı ayağa qalxır, sürəkli alqışlar, minimum 10 dəqiqə. Çox uzağa getməyək, götürək elə Yaponiyanı – İbrahim müəllim demişkən (Akif müəllimin aktyor vəzifəsinin boş qalmaması bizdə sənətə dövlət qayğısının təzahürüdür). Gürcüstanda neçə gündür camaat yığışıb parlamenti bağlamaq istəyir. Polis gəlir aksiyanı dağıdır, səhər yenə toplaşırlar. Ancaq bizdə hökumət özü parlamenti buraxdı, heç camaata əziyyət vermədi. Doğrudan da indiki hakimiyyət qədər Azərbaycan xalqına yaxın, onun arzu və istəklərini düşünən hakimiyyət tarix boyu olmamışdır. Qardaş, ta sizə nə lazımdır axı? Ev-eşik, pensiya, iş, çörək, Qarabağ, hətta çörək tapmayanlara tort alırlar, daha nə istəyirsiniz? Naşükür olmayaq. Elə bu yazını mənim əvəzimə yazan var, təşəkkür edirəm. Bilirəm, çox vaxt sizin də yerinizə hansısa məmur qəzeti oxuyur. Məsuliyyətsiz adamlarıq, səs salmayaq.
Ümumiyyətlə, dünyada 3 cür dövlətlər vardır. Bunlardan biri Fransa, Çili kimi demokratik dövlətlərdir, xalq həmişə həyatından narazıdır, küçələrdən yığışmır. Lakin oralarda etiraz aksiyası olanda hökumətin ağlına gəlməz interneti bağlasın. İkincisi İran tipli totalitar rejimlərdir, orda yanacağın qiyməti qalxanda hökumət interneti və ölkəni qapalı eləyir, hər yeri bağlayır, etirazı basıb yatırır. Fikir verin, Fransa, Çili və İranın üçündə də yanacağın, gediş haqqının qalxması etiraza səbəb olmuşdu. Ancaq reaksiya və nəticələr 180 dərəcə fərqlənir. Bu da İran hakimiyyətinin öz xalqından necə qorxduğunu göstərir.
Nəhayət, üçüncü tip ölkələr var ki, orada yanacağın qiyməti qalxanda bu xəbər İlahidən camaata əyan olur, hərə bir kanistr götürüb cumur benzindoldurma yerinə. Gecə yarısı obyektdə millət bir-birinin kanistrinə dırmaşır. Köhnə qiymətlə 20-30 litrini alırsan, çıxıb gedirsən evə, arvad bu nailiyyət münasibətilə sənə qəşəng kartof qızardır, oturub qaçan gəlinlərin nakam baldızlarının evdə qalmış yengələri haqda ictimai diskussiyaları izləyirsən. Vəssalam. Heç kimin də burnu qanamaq nədir, dırnağının ucu cızılmır.
Bunlar hansı ölkələrdir, yazmıram. Yazsam, paxıllıq eləyərsiniz – orada yaşamadığınız üçün.