Ermənilərlə aramızdakı get-gəl, jurnalistlərin qarşılıqlı səfərləri, “xalq diplomatiyası” bu günün, dünənin söhbəti deyil, srağagündən də o yanın söhbətidir. Bunun azı 20 illik ömrü var.
Sadəcə, son illərdə aktuallığını itirən, gündəmdə olmayan məsələ yenidən süni şəkildə aktuallaşdırılıb. 20 il öncə bu layihənin prodüsserləri əsasən Qərb dairələri idisə, indi Rusiya təşəbbüsü ələ alıb.
Qarşılıqlı get-gəllərin nə məqsədə xidmət etdiyini biz hələ 18-20 il öncə hərtərəfli yazmışıq, incəliyinə qədər bəhs etmişik. Dəyişən bir şey yoxdur – plan da həminkidir, məqsəd də eynidir.
Qarabağı Azərbaycandan de-yure qoparmaq istiqamətində düşünən, bunun ən optimal həll yolunu tapan institutlar 20 il öncədən gəldikləri qənaətin yeganə düzgün plan olduğuna əmindirlər.
Onlar anlayırlar ki, başqa cür mümkün deyil, Azərbaycan cəmiyyətindəki barışmaz ovqat, revanş arzusu, torpaq itkisini qəbul etməmək dirənişi yüksələn xətt üzrə davam etdikcə, “DQR”-in müstəqil dövlət kimi tanınması və ya Ermənistana birləşdirilməsi mümkün olmayacaq.
Bundan ötrü Azərbaycan dövləti də, Azərbaycan xalqı da yumşalmalıdır, həlimləşməlidir, hərbi-vətənpərvərlik ritorikasını mülayimləşdirməlidir, mövcud status-kvo saxlanmaqla barışığa meyllənməlidir. Bax, ondan sonra hər şeyi ermənilərin xeyrinə sənədləşdirib başa çatdırmaq olar.
Ancaq nə qədər ki, Azərbaycan bu tutumunu davam etdirir, istənilən gün “Aprel müharibəsi” kimi hərbi əməliyyatlar başlaya bilər. Demək, qalıcı sülhdən söhbət gedə bilməz.
Qarşılıqlı get-gəllər, “xalq diplomatiyası” isə nə qədər olmasa da, qızaran közün üstünə səpilən duzlu su kimi bir şeydir. Bir, iki, iyirmi iki, bir də görərsən, ocaq sönüb.
Fəqət axırıncı “get-gəl” layihəsi bu baxımdan uğurlu olmadı. Sanki közün üzərinə bir kanistr benzin atılıb. Əvvəlki illərdə jurnalistlərin qarşılıqlı səfərlərinə münasibət daha loyal idi. Bu dəfə ağzını açan od püskürdü.
Əslində belə də olmalıdır. 20 il öncə biz bu layihənin pərdə arxasında duran əsl niyyəti bilmirdiksə, indi hər şey bizə gün kimi aydındır. Artıq əla bilirik ki, məqsəd bizi Qarabağsızlıqla barışdırmaqdır. Gediş-gəlişlər artacaq, isinişmə başlayacaq, dostluq-yoldaşlıq büsatları qurulacaq, yenidən orda-burda (daha çox da Rusiyada və Avropada) millətlərarası qohumluqlar əmələ gələcək və Qarabağ məsələsi arxa plana keçəcək. Düşüncə budur.
Bakıya gəlib-gedən erməni jurnalistlər hansı niyyəti güddüklərini gizlətmirlər, qələmə aldıqları yazılarda qarşılıqlı səfərlərin daha da intensivləşdirilməsini təklif edirlər.
Onların yazdıqlarını oxuyanda hiss olunur ki, düzələn deyillər, min il sonra da eyni qəsbkar düşüncədə olacaqlar.
Bu cür yazılardan sonra kimsə çıxıb desə ki, “qoy ermənilər gəlsinlər, bizdəki abadlığı, firavanlığı görüb, gedib yazı yazsınlar”, bilin ki, bunu deyən ya çox avam adamdır, ya da son dərəcə riyakardır.
Birincisi, erməni jurnalistlər burada Danimarka firavanlığı görsə də, gedib onu Cənubi Sudan səfaləti kimi qələmə verəcəklər. İkincisi, bunu yarım cümlədə qeyd etməli olsalar da, bu nailiyyətləri bizim millət olaraq işgüzarlığımıza yox, “neft bumu”na bağlayacaqlar. Üçüncüsü, onlar buradakı gerçək ovqatımızı təhrif edəcək, özlərinə münasib şəkildə yazacaqlar.
Ağzımızda “informasiya müharibəsi” deyirik. Heç ola bilərmi ki, onlar bu informasiya müharibəsində bizə əlavə sursat versinlər? Mümkün deyil.
Bəs bizimkilər gedib, nə görəcək, gəlib, nə yazacaqlar? Getmişdilər, gördük. İndən belə heç kəs bu get-gəllər bazarının dəvələri olmaq istəməməlidir.
Ermənilərin hansı durumda olduqlarını, necə yaşadıqlarını, nə yeyib-içdiklərini, nə düşündüklərini, bir saat İnternet resurslarında axtarış aparmaqla çox yaxşı bilmək olur. Şükür ki, bir çox saytlar Ermənistan xəbərlərini bola-bol verirlər. Özü də burada propoqanda elementləri yoxdur. Bu xəbərləri biz uydurmuruq, özləri və xarici mənbələr yazırlar.
Yazırlar, bilirik ki, məhz sıravi ermənilər “Qarabağın fəthi”nin onlara xoşbəxtlik gətirmədiyinin fərqindədirlər, 30 ildir davam edən savaş mühitində yaşamaqdan beziblər, baş verəcək müharibədən isə bizdən on qat artıq qorxurlar. Elə olmasaydı, erməni ictimaiyyəti “Qarabağ fateh”lərini hakimiyyətdən uzaqlaşdırmazdılar. Əsas “milli qəhrəman”ın – Koçaryanın həbsdə saxlanmasına dözməzdilər.
Görünən dağa bələdçi lazım deyil.
Qarabağ işğal altında qaldıqca biz ermənilərə qarşı yumşalmalı, aranı istiləşdirməli deyilik. Prinsipial düşmənçilik sona qədər davam etməlidir – min il sürsə belə…