Hər kəs bilir ki, bu məsələnin sonu olmalıdır, çünki əbədi düşmənçilik mümkün deyil. Xüsusilə də iki qonşu xalq, qonşu dövlət arasında. Odur ki, hər iki tərəf özündə cəsarət tapıb düşmənçilik toxumunu səpənlərin üzərinə birgə getməli, ədavətə son qoymaq haqda konkret addımlar atmalıdır. Əgər bu, olmasa, itkilər davam edəcək, kin-kidurət artacaq…
Lakin məsələyə balanslı baxmaq mümkün deyil. İş burasındadır ki, durduğu yerdə oda düşən Azərbaycandır. Torpağı işğal olunan, işğalın nəticələrindən ən böyük əziyyəti çəkən də bizik. Deməli, bu məsələdə bərabərlik işarəsi qoymaq məntiqli deyil. Di gəl, erməni tərəf bunu qəbul etmək istəmir. Hələ hakimiyyətə gəldiyi ilk günlərdə “müharibə partiyası”nın üzvü olmadığına görə konstruktiv mövqe sərgiləyəcəyinə bəzilərinin sadəlövhcəsinə inandığı Paşinyan da israr edir ki, məsələ Ermənistan, Dağlıq Qarabağ və Azərbaycanın maraqları təmin olunmaqla həll edilməlidi. Öz aləmində “sülhpərvər” görünməyə cəhd edir…
Belə bir durumda hər iki tərəfdən 3 jurnalistin qarşılıqlı səfərlərinin təşkili ümidverici perspektiv vəd etmir. Səfər məxfi şəkildə həyata keçirildi. Amma əslində bu projenin hazırlandığı bəlli idi – hələ ilin əvvəlindən. Yada salaq…
Yanvarın 16-da Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən sonra “xalqların sülhə hazırlanması” ilə bağlı anlaşmanın əldə olunduğu barədə məlumatlar yayıldı. Burada humanitar aksiyalardan, jurnalistlərin, ictimaiyyət nümayəndələrinin qarşılıqlı səfərlərindən danışılırdı. Lakin üstündən bir neçə gün keçəndən sonra Ermənistanın “sülhpərvər” baş naziri Nikol Paşinyan “sülh müqabilində ərazi” formulunun müzakirə mövzusu olmadığını bəyan etdi. Sonrakı aylarda nəinki sülhə əngəl olan mövqeyindən geri durmadı, əksinə, “Dağlıq Qarabağ Ermənistandır. Nöqtə”yə qədər sərsəmlədi. Bu dəfə də cavabı Azərbaycan prezidenti tərəfindən, “Nida” ilə verildi. Lakin yenə də cəfəngiyatlarından geri durmadı.
Nə dəyişdi ki, jurnalistlərin qarşılıqlı səfərlərini həyata keçirmək zərurəti yarandı? Bəlkə Ermənistan işğal altındakı Şuşa həbsxanasında saxlanılan Kəlbəcər girovlarını sərbəst buraxmağa qərar verdi? Xeyr! Bu günədək ermənilər iddia edirlər ki, onlar diversantdır.
Şübhə yoxdur ki, prosesdə əsas söz sahibi ATƏT olub. Təbii ki, burada Minsk Qrupunun həmsədrlərinin “öz varlığını göstərmək” istəyi də rol oynayıb. Axı, həmsədrlər ilin əvvəlindəki Paris anlaşmasından sonra nikbin mövqe bildirmişdilər. Lakin sonrakı gedişat həmsədrlərdən imtina “qorxusu” yaratmışdı. Demək, nəsə etmək lazım idi. Nəhayət, noyabrın 28-də ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak Azərbaycana səfər edəcək. Deməli, Layçak bölgəyə əliboş gəlmək istəməyib. Desin, baxın, işləyirik, dinamika var…
Son günlər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik Ermənistan rəsmiləri, həmçinin müdafiə naziri ilə intensiv görüşlər keçirdi. Amma onun Qarabağdakı separatçı rejimin “xarici işlər naziri” ilə bir araya gəlməsi əndazənin aşılması idi. Əvvəllər heç olmasa Bako Saakyanla görüşərdi.
Belə görünür ki, səfərlə bağlı “hərtərəfli” müzakirələr aparmaq istəyiblər. Ancaq jurnalistlərin səfəri bu prosesə çətin ki, müsbət təsir göstərsin. Azərbaycanlı həmkarlarımız hələlik fotolarla kifayətlənib. Ermənilər isə özlərinə “xas” cəhətlərini göstərməyə başlayıblar. Məsələn, “Şant” telekanalının şərhçisi Artyom Yerkaryan yazıb ki, onun Bakıda doğulmuş nənəsinin qardaşını 1990-cı ildə öldürüblər, məzarı da qalmayıb. Daha sonra iddia edir ki, Azərbaycanın hazırkı prezidenti seçiləndən sonrakı dövrlərdə jurnalistlərin qarşılıqlı səfərləri barədə razılaşma olmayıb. Yenə də dolayısı ilə erməni məkri, baş verənlərə görə Azərbaycanı suçlu çıxartmaq niyyəti…
Heç şübhə yoxdur ki, jurnalistlərin səfəri status-kvonun uzanması üçün düşünülən daha bir addımdır. 1995-ci, 2002-ci ildə jurnalistlərin, həmçinin ziyalıların səfərləri prosesi irəli aparıbmı? Bu dəfə də nisbi sakitliyə nazil olub, qondarma qurumda “prezident seçkisi”ni sakit şəkildə keçirmək istəyirlər. Necə ki, Azərbaycanla anlaşma kreslosunu möhkəmləndirmək, yeni parlament seçmək üçün Paşinyana çox lazım idi.
Şahmatda məşhur “at gedişi” var. Ancaq jurnalistlərin səfəri “ATƏT gedişi” oldu. Ağrılıdır, İrəvandan Şuşaya… Gerçəkdən irəliləyiş olarsa, buna da dözərdik. Amma…