Dövlətlərin kirvəliyi

Dövlətlərin münasibətləri də bir baxımdan insanlarınkı kimidir. Necə ki, insanlar dost-müttəfiq, rəqib-düşmən olurlar, dövlətlər də elədir. İnsanlar arasında çox yayğındır: tez-tez dünənki dost-yoldaşlar bu gün rəqibə, düşmənə çevrilirlər, dövlətlər də tez-tez elə olur.

Məsələn, vaxt vardı Rusiya və Ukrayna can bir qəlbdə qardaş idilər. Hətta SSRİ-yə daxil olan 15 müttəfiq respublikanın 13-nün qardaşlığı bir cür idi, Rusiya və Ukraynanınkı tamam başqa cür. Elə ona görə də oboyda ittifaqın rəhbərliyi əsasən iki respublikadan çıxırdı – Rusiyadan və Ukraynadan.

Bəs indi necədir? Bir vaxtlar aralarından su keçməyən “qardaşlar”ın arasından indi qan kanalı keçir. Bu iki ölkə düşməndir, müharibə vəziyyətindədirlər.

Amma bir tərsinə iş də var. Vaxt vardı, ukraynalı partizanlar meşələrdə almaniyalı qəsbkarlara qan uddururdular, onlar da Ukraynanın kənd-kəsəyini dağıdıb-yandırırdılar. Amma indi Almaniya Ukraynada regionların inkişafı üçün maddi yardım göstərir və onu hər baxımdan dəstəkləyir. Demək, köhnə qardaşlar düşmən, əski düşmənlər dost olublar.

Bu məsələdə ən pis durumda qardaş Türkiyədir.

Bir vaxtlar ABŞ öz nüvə raketlərini Türkiyədə yerləşdirmək istəyirdi, SSRİ adlanan rus imperiyası isə buna etiraz edirdi. Bu işə görə ötən əsrin 60-cı illərində Karib dənizində az qala müharibə düşəcəkdi. SSRİ Türkiyəni ABŞ-a qatıb düşmən elan eləmişdi. Hətta Moskva istəyirdi ki, Türkiyəni kommunistləşdirsin, ordakı kommunistlərə hər cür dəstək verirdi.

Bəs indi necədir? İndi ABŞ Türkiyəni düşmən elan edib, – Rusiya isə dost. İndi Rusiyadan alınan silahların Türkiyədə yerləşdirilməsi ABŞ-ın xoşuna gəlmir, az qalır müharibə eləsin.

O vaxtlar Türkiyə və ABŞ-ın rəhbərləri tez-tez görüşürdülərsə, indi Rusiya və Türkiyənin rəhbərləri tez-tez (ayda iki-üç dəfə) görüşürlər. Hətta Rusiyanın səfiri Ankarada güllələnəndən sonra Ərdoğanla Putin azı 47 dəfə görüşüblər. Bu görüşlər elə-belə olmur, tərəflər bir-birilə dil tapır , dostluq büsatı qurur, əlaqələri genişləndirirlər.

Ona görə də ABŞ artıq Türkiyəyə qarşı özünü axırıncı yola qoyub, “erməni genosidi” aktı qəbul edib ki, Türkiyəyə zərbə olsun.

Ümumiyyətlə, Qərb ölkələrində qaydadır, bir dövlətlə 50 il dostluq edərlər, ərazisində hərbi baza qurarlar, təbii sərvətlərini daşıyıb apararlar, ticarət yaparlar, dişlərini ağarda-ağarda birgə rəsmi qəbullar, təntənəli qarşılaşmalar, ziyafətlər təşkil edərlər, aralarında heç bir söz-söhbət olmaz, amma elə ki, dövran dönər, köhnə palan içi eşərlər, dünənki “dost”a qurşaqdan aşağı elə bir zərbə tutuzdurarlar, qıvrıla-qıvrıla qalar.

O “genosid” məsələsi isə Türkiyənin ayağının daşıdır. Hansı ölkənin Türkiyəyə acığı tutur, dərhal öz müstəqil parlamentinə göstəriş verir və parlament “erməni genosidi”ni tanıyır. Yaxşı bəs 20-30, 50-70 il öncə niyə tanımırdılar? Onda dost idilər, ona görə. Amma indi ara dəyib.

Fransa bu işdə daha fəaldır. Bu dövlət “erməni genosidi”ni bir neçə dəfə taniyıb. Hər dəfə hirslənəndə təzədən tanıyır.

Allah tərəfi, Türkiyənin siyasiləri də dinc durmur, Fransa hər dəfə “erməni genosidi”ni tanıyan kimi, türkiyəli siyasətçilər də Fransanın Əlcəzairdə, Tunisdə, Mərakeşdə törətdiyi qırğınları yada salır. Tarixi vərəqləyərkən məlum olur ki, onu-bunu genosiddə ittiham edən fransızlar özləri də dinc durmayıblar, bəzi qəbilərinin genini sid ediblər.

Hələ amerikalılar. Yenə başqaları qırmaq istədikləri millətin azını qırıb, çoxunu saxlayıblar, amerikalılar hinisə qırdıqlarının axırına çıxıblar. Məsələn, bu gün onlarla hindu qəbiləsinin soyu qırılıb-quruyub. Yerdə qalanlar isə orda-burda rezervuarlarda yaşayırlar, yox kimi bir şeydirlər.

Bəs bu işin sonu necə olacaq? Sabah hökumətlər dəyişəndə dövlətlər yenidən dost olacaqmı? Yenidən qardaşlıq büsatı qurulacaqmı? Fərz edək ki, elə olacaq, o zaman parlamentdə qəbul olunmuş qanunvericilik sənədləri necə olacaq? Yoxsa onları da ləğv edəcəklər?

Belə görünür ki, insanlarda olduğu kimi, dövlətlərin kirvəliyi də bir şey deyil.