Hər dəfə böyük vəzifələrdən kimsə çıxarılanda və o cür postlara təyinat olanda hamımız həyəcanlanırıq. Niyəsini bilirəm və bir-iki dəfə də yazmışam, təkrara lüzum yoxdur. Bu, oxumuş adamların (oaso) sözü olmasın, bir qədər merkantil, xeyli də korporativ maraqlarla bağlıdır.
Çoxumuz həyəcanımızı boğa bilmirik və hansısa bir şəkildə prosesdə iştirak etməyə çalışırıq. Yeni vəzifəyə gələnlərə dair tez-tələsik mədhiyyə (oaso – difiramba) yazanlar olur, gedənlərə üzülənlər olur, çox adam vəzifədən götürülənləri şaqqalamaq üçün baltasını ovxarlatdırır və s.
Bir də vəzifədən çıxarılanın yerinə dərhal təyinat olmayıbsa, namizədlərlə bağlı proqnozlar seli başlanır. Bu sayaq proqnozların bir hissəsi şaxələnir, “vəzifəsindən götürüləcək başqa adamlar da olacaq”istiqamətinə budaqlanır. Amma bu, nağd deyil, sadəcə, arzudur, o boyda vəzifə orda boş qalıbsa, türkün sözü, bununla uğraşan az olacaq.
Biz boş vəzifələrin doldurulması üzrə mütəxəssisik, uzmanıq. Çoxumuzun da “mötəbər qaynağı” var, rus demişkən, “uzki kruq”larda gedən müzakirələri belə anındaca bilirik. Xəbərimiz olur ki, o yerə kimi deyirlər.
İntəhası, vaxt uzandıqca absurd gedirik, boş və böyük vəzifəyə elə adamların adlarını çəkirik ki, həmin adamı o postun yerləşdiyi binanın qarşısında keçməyə qoymazlar, deyərlər, fırlan, get, o biri küçədən keç, yaramaz, hara soxulursan.
Hərdən rəhbərlik böyük vəzifəni bir saat da boş qoymur və bizi bu səadətdən məhrum edir (xahişimdir, indən belə elə şey eləməsinlər, hər bir vəzifə ən azı 3 gün boş saxlanılsın ki, maraqlı müzakirələrdən məhrum olmayaq, həyat darıxdırıcı olmasın). Amma təyinatın gecikməsi də bir şey deyil, şirnikənlər, tamahsılananlar çoxalır, müzakirələrin absurda dığırlanması məsələsini də yuxarıda dedik.
O vaxt təhsil naziri vəzifəsi 3-4 ay boş qaldı, ölkədəki məktəb direktorlarının yuxusu ərşə çəkilmişdi. Bir xeylisi özünü o postda görürdü (təbii ki, yatanda yuxuda, duranda – xəyalda), bir xeylisi də əndişəliydi ki, birdən təhsildən bixəbər biri gələr, düzəni pozar.
Boş və böyük vəzifəyə təyinat olanda isə başqa durum yaranır, günümüz göy əskiyə düyülür. Proqnoz verənlər az qala başımızı yarırlar: “Gördünüz? Mən deyəndə inanmırdınız. Deməmişdimmi filankəs təyin ediləcək!”; “Mən deyən oldu, olmadı? Demişdim, filankəsi təyin edəcəklər. Necə oldu?”; “Mənim ayağımın bildiyini çox adamın başı bilmir. Demişdim axı, o vəzifəyə filankəsi qoyacaqlar. Filan vaxt yazmışdım”.
Bu cür deyənlər elə-belə, quru-muru status yazmırlar, vaxtilə verdikləri proqnozun skrin-şotunu da əlavə edirlər, baxırsan ki, bəli, kişi təyinatdan 3-4 gün, bəzən bir həftə, bir ay qabaq filankəsin filan vəzifəyə təyin ediləcəyini yazıbmış. Nə demək olar? Eşq olsun! Halaldır!
İntəhası, bu işin bir xırda sirri var. Bəziləri həmin boş vəzifəyə təyinatla bağlı 5-6 namizədin adını çəkir, 5-6 proqnoz verirlər və aydın məsələdir ki, biri tutur. Amma heç kim puç çıxan proqnozlarının skrin-şotunu paylaşmır, tutan variantı paylaşır və olur mahir siyasət bilicisi, informasiyalı adam, usta analitik və s.
Məndə bir skrin-şot var, bu ilin birinci yarısında Feysbuk səhifəsindən kəsib saxlamışam. Bunu ona görə etmişəm ki, o, proqnozlar mənə şübhəli gəlmişdi. Çünki içində belə söhbətlər vardı: “Zelenski Ukrayna prezidenti seçilməyəcək”, “İmamoğlu İstanbulu meri olmayacaq”, “Tramp impiçment edilməyəcək”.
Bildiyiniz kimi, Zelenski də, İmamoğlu da artıq seçilib işləyirlər. Yəni proqnozun onlarla bağlı hissəsi fıs çıxıb.
İndi Trampın aqibətini gözləyirəm, onun başına impiçment vaqiəsi gəlsə, həmin skrin-şotu paylaşacam və yazacam ki, bəs sənin proqnozun niyə belə çıxdı, qardaş…
Xüləs, qayıdaq boş vəzifələrə təyinata. Üzülərək deyim ki, bunun bizə və sizə o qədər də isti-soyuğu yoxdur, boşuna həyəcanlanırıq.
Gerçəklik başqa cürdür. O gün gənc nazirlərdən biri baş redaktorumuza deyib ki, 12 yaşımdan bəri sizin yazılarınızı oxuya-oxuya böyümüşəm. Baxın, adam yazılarımızı oxuya-oxuya böyüyüb, nazir olub, biz hələ də yazı yazırıq. Bu, artıq alın yazısı da deyil, birbaşa tatuirovkadır. İşimizlə məşğul olaq.