Bu günlərdə bütün dünya NATO üzvü olan iki müttəfiqin – ABŞ və Türkiyənin arasında gedən söz duelinə tamaşa edir.
Hücumçu tərəf ABŞ-dır, bu dövlətin başbilənləri bir gün “Türkiyə düz edir” deyə bəyanat verir, ertəsi gün “elə etməkdə davam etsə, Türkiyəyə sanksiya tətbiq olunacaq” deyirlər.
Gah da “Türkiyə bizim strateji müttəfiqimizdir” deyir, bu gün sonra Türkiyəyə hərbi zərbə endirməkdən danışırlar.
ABŞ özünü təkcə İranı, Şimali Koreyanı, Venesuelanı və başqa ölkələri hərbi müdaxilə ilə hədələyən dünya jandarmı kimi aparmır, eyni zamanda Türkiyənin başının ağasıymış kimi aparmağa çalışır.
Bu vərdiş ABŞ rəsmilərində köhnə vaxtlardan qalıb.
Zaman o zaman olub ki, II Dünya müharibəsindən itkisiz çıxan, başının salamatlığını qoruyan Türkiyə faşistlərlə müharibədən güclənib çıxmış, üstəlik, atom bombası əldə etmiş Stalinin aqressiyası ilə üz-üzə qalıb.
Bəlkə də Stalin bir qədər də gənc, məsələn, 60 yaşda olsaydı, böyür-başındakı ermənilərin (Mikoyan və digərləri) təhriki ilə Kars və Ərdahanı Türkiyədən tələb edər, müharibəyə başlayardı. Stalində belə bir niyyət olub, sadəcə, açıq fazaya keçməyib.
SSRİ-nin bu kimi aqressiv planlarından, Türkiyəyə ərazi iddiasından və bu ölkədə kommunistləri gücləndirməklə sosialist çevrilişi etmək niyyətlərindən Türkiyə dövlətini idarə edənlərin də məlumatı olub. Ona görə də onlar özlərinə havadarı okeanın o tayında tapıblar. ABŞ SSRİ-nin düz qulağının dibində müttəfiqə malik olmaq üçün Türkiyəyə qucaq açıb. Daha sonra Türkiyə NATO üzvü olub və “sovet təhlükəsi”ndən xeyli dərəcədə xilas olub.
Ancaq ABŞ Türkiyəyə bu dəstəyi təmənnasız verməyib, ondan sözsüz itaət tələb edib. Türkiyəni idarə edənlər uzun illər ABŞ amili ilə ciddi şəkildə hesablaşıblar. Hansı hökumət onun üçün çəkilmiş cızıqdan bir addım sağa-sola qədəm qoyubsa, ya məxməri şəkildə, ya da qanlı çevriliş yolu ilə devrilib.
Əslində ABŞ-Türkiyə müttəfiqliyindən çox, Türkiyənin uzun müddət ABŞ-ın vassalı olmasından danışmaq olar.
1954-cü ildə seçkiləri udmuş Adnan Menderes (Demokrat Partiyasının lideri) ABŞ-a dəvət edilib, təntənə ilə qarşılanıbsa, 1959-cu ilin oktyabrında həmin şəxsi ABŞ-da çox soyuq, saymazyana qarşılayıblar. Müttəfiq ölkənin baş nazirini hava limanında qarşılayan olmayıb, hətta Ağ Evin qarşısına çıxıb “velkam” da deməyiblər. Menderes və yanındakıları prezident Eyzenhauer Ağ Evin giriş mərtəbəsindəki ümumi otaqda qəbul edib və görüş cəmi 30 dəqiqə çəkib. Bundan sonra Menderes dövlət katibi Kristian Herterin qəbul otağında 45 dəqiqə gözlədilib. Herter baş nazirə 15 dəqiqə vaxt ayırıb.
Ən pisi odur ki, “Assoşieyted press” agentliyi Eyzenhauer-Menderes görüşünün 3 dəqiqə çəkdiyini yazıb-yayıb. Güman ki, bunu qəsdən ediblər. Çünki bundan sonra Türkiyə müxalifəti iqtidar komandasına qarşı rişxənd dolu kampaniyaya start verib, onu tamamilə gözdən salıb. Türkiyənin Vaşinqtondakı səfiri, görüşlərdə iştirak edən Fuat Hayri Ürgüplü baş verənlərə baxıb və “Vətən” qəzetinin rəhbəri Orhan Karavəliyə deyib: “ABŞ Menderesi sildi, qardaşım”. 3-4 aydan sonra Menderes devrilib, mühakimə olunub və edam edilib.
Sonralar ABŞ bu kimi oyunları Türkiyəni idarə edənlərin başına çox açıb. Onların sırasında Süleyman Dəmirəl kimi siyasət ustası da olub. Fəqət bu şəxslərin heç biri ABŞ-ın sözünün qarşısından söz deyə bilməyiblər.
Ancaq bu “ağa-nökər” münasibətləri gəldi, gəldi, Ərdoğanda qırıldı. Bəlkə də ABŞ və Türkiyə arasında iplər amerikalı əsgərlərin türk hərbçilərinin başına torba keçirməsi əhvalatından sonra qopdu – türklər bu təhqiramiz vaqiəni hələ də sinirməyiblər.
Ərdoğan xeyli müddət ABŞ-ın nazıyla oynasa da, bir gün sələfləri kimi “sözəbaxan uşaq” olmadığını və olmayacağını göstərdi. Ona görə də budur, 10 ildən artıqdır ki, Ağ Evin Türkiyə prezidentindən xoşu gəlmir. Bu düşüncə Obamada da vardı, Trampda da var. Senatorlar və konqresmenlərdə də müşahidə olunur. Sabah onların yerində başqaları olsa və Türkiyə indiki tövrünü davam etdirsə, onlarda da olacaq.
15 iyul çevriliş cəhdinin başlıca səbəbi bu idi və ABŞ-ın layihəsi olduğu güman edilir. Ancaq bu dəfə Türkiyədə nə “məxməri çevriliş” baş tutdu, nə də qanlı hərbi qiyam.
O hadisədən sonra Ərdoğanın ABŞ-a qarşı tutumu daha sərt oldu. Bir neçə gün öncə onun ABŞ vitse-prezidentini gözlətməsi, onunla görüşdə özünü ötkəm aparması 60 il öncəki Herter-Menderes görüşünə yaxşı cavabdır.