Günün söhbəti mandat məsələsidir. Deputat Rəfael Cəbrayılovun başına gələn hadisə parlament tariximizdə hələlik yeganədir. Düzdür, bundan qabaq bir sıra deputatların mandatdan məhrum edilərək türməyə basılması, hətta başına torba salınaraq aparılıb içəri atılması, sonra mandatdan məhrum edilməsi hadisəsi olmuşdu, amma bir deputatın öz mandatından könüllü şəkildə imtina etməsi faktı olmamışdı.
Ona görə də hazırda qədirbilən xalqımız çox pəjmürdə və əndişəli, bir az da çaşqın-şaşqın durumdadır.
Həmişə olduğu kimi, sosial mediada fikirlər haçalanıb, daha doğrusu, şaxələnib. Hərə bir söz deyir. Eyni sözləri fərqli, oxumuş adamların sözü olmasın, interpretasiyada deyənlər də çoxdur.
Biri deyir ki, guya o biri deputatlar vəsiqəsini girov qoyan Rəfaeldən çoxmu qabiliyyətli və kristaldırlar, qoy hamısı mandatdan imtina eləsin (amma bu düzgün olmaz, parlament böhranı yaranar).
Başqası yazır ki, əslində o, çox yaxşı insandır, xeyirxahdır, səxavətlidir, yeyib-içən adamdır (bu, ciddi faktordur, adam səxavətli və xeyirxahdırsa, istənilən işə qol qoya bilər – xalq bağışlayacaq).
Cəbraylovun qanunvericilik təşəbbüsü ilə çıxış etdiyini, arada qanun layihəsi-zad hazırladığını qeyd edənlər də var. 2012-ci ildə məhz Rəfael Cəbrayılovun hazırladığı layihə vətəndaşların dinc toplaşmaq azadlığının məhdudlaşdırılmasını nəzərdə tutub. Bu layihə əsasında aksiya təşkilatçılarına və iştirakçılarına qarşı tətbiq edilən cərimələrin məbləği kəskin artırılıb.
Ancaq geniş ictimaiyyət deputat vəsiqəsini girov qoymaq hadisəsini cənaba bağışlamır.
Sanasan, deputat vəsiqəsi müqəddəsdir. Onu hava və su keçirməyə müşəmbədə, xüusi siqnalizasiyası olan şüşə altında saxlamaq lazımdır.
Əslində bu vəsiqə, sadəcə, deputatın şəxsiyyətini təsdiq edən sənəddir, elə bir müqəddəsliyi yoxdur. Düzdür, onu girov qoymaq olmaz, amma yeri gələndə çıxarıb kiməsə göstərmək, “baxın a, yana-yana qalın a” demək olar.
Deputatın öz mandatından könüllü şəkildə imtina etməsini də şübhə altına alanlar var. Onların ümumi qənaəti belədir ki, imtina könüllü olmayıb, könülsüz olub. Deyirlər: “Kim öz halal mandatından imtina edər ki?”
Düzdür, mandatın nə dərəcədə halal olması mübahisəli mövzudur, amma yəqin ki, burada mandatın artıq mənimsənilməsi, özəlləşdirilməsi məsələsi nəzərdə tutulur. Necə ki bir adam gedib bir yeri çəpərləyir, sonra dədə-baba mirası kimi qələmə verir ha, mandat məsələsinə də elə yanaşanlar var.
Ona görə də könüllülük məsələsinə şübhə böyükdür. Güman belədir ki, adama yuxarılardan deyiblər ki, get, mandatını qoy masanın üstünə.
Baxmayın, hamısı sovet şineldən çıxmış adamlardır, bilirlər ki, o vədələr “vurulması” nəzərdə tutulan adamlara deyirdilər: “Gətir, partbiletini qoy stolun üstünə”.
Bəzi höcət adamlar olurdu, demaqoqluq edirdilər, “bu partbileti mənə sən verməmisən, sən də alasan” deyə inadkarlıq edirdilər, amma çoxu dinməz-söylməz partbileti aparıb büro iclasının gedişində birinci katibin önünə qoyurdu ki, heç olmasa, türmədən canlarını qurtarsın.
Rəfael müəllim bu işləri bilən adamdır, əl-əlbət, masa üstünə partbilet qoyan adamları görüb, bilir ki, o vaxtın partbiletiylə indinin mandatı təxminən eyni şeydir, onu əlindən almaq istəyirlərsə, gərək, müqavimət göstərməyəsən.
Bu baxımdan deputatın mandatdan imtiranısını internet əsriylə, sosial şəbəkə erasıyla, ictimaiyyətin təzyiqi ilə bağlayanlar yanılırlar. İctimaiyyətin təzyiqinə qalsaydı, adam nəinki mandatından imtina etməzdi, əksinə, basıb gözümüzü tökərdi. Hətta seçicilərdən kütləvi müraciət təşkil edərdilər ki, səs verib seçdiyimiz deputata təzyiq var, onun dövlətçiliyin keşiyində durması müxalifət qüvvələrini narahat edir.
Amma hanı o seçicilər? Çıxsınlar öz seçdikləri deputatı müdafiə eləsinlər, desinlər, kişinin başına iş gələr, biz səni seçmişik, lazım gəlsə, yenə seçərik.
Müasir atalar deyir ki, mandatı qorumadınsa seçilməyə dəyməz. Şair 80 il qabaq yaxşı demişdi: “Mən qurd kimi gəmirərdim bürokratizmi, mandatlara qarşı yoxdur hörmətim”.