Belə bir dəstənin mövcudluğu yeni hadisə deyil, çoxdan vardı. Hamı bilirdi ki, bəli, AXCP sədri Əli Kərimlinin təşəbbüsü ilə yaradılmış və bir mərkəzdən idarə olunan mütəşəkkil virtual qrup var.
Bu qrupun təxminən 10 yaşı olar. Ölkəmizdə Feysbuk sosial şəbəkəsi populyarlaşmağa başlar-başlamaz belə bir qrup yaradılmışdı və getdikcə mütəşəkkil xarakter almağa başlamışdı.
Bu, siyasi mübarizənin real müstəvidən virtual məkana keçirilməsiydi. Təbii ki, burada həlledici üstünlük qazandıqdan sonra hansısa mərhələdə mübarizə yenidən virtual məkandan real meydana keçirilməliydi.
Adını şərti olaraq Mütəşəkkil Trol Dəstəsi (MTD) qoya biləcəyimiz qrupun yaradılması Azərbaycan qanunvericiliyinə, konstitusiyaya zidd deyil, qanunlar bu cür birləşmələri yasaqlamır. Bu, dövlət qeydiyyatında olan partiyanın virtual versiyasıdır.
Bu cür qrupu yaratmağın, inkişaf etdirməyin qəbahət yanı budur ki, MTD üzvləri siyasi mübarizəyə eybəcərlik gətirdilər, çirkab axıtdılar. Onlar Əli Kərimliyə qarşı olan, onun “liderliyi”ni qəbul etməyən, onun yoluna çıxan, onunla rəqabət aparan hər kəsi təhqir, şantaj edir, qaralayır, pisikdirirdilər.
MTD sırf sekta təfəkkürü və qaydaları ilə fəaliyyət göstərir, bu qrupa daxil olmayan hər kəs potensial düşməndir və ona aman vermədən zərərsizləşdirmək lazımdır.
Bu cür mübarizə üsulu Ə.Kərimlinin və onun yaxın ətrafındakı adamların ağlına haradan gəlmişdi, bəlli deyil. Bəlkə də hansısa ölkənin təcrübəsində belə nümunələr var. Ancaq yeni dövrün bu siyasi mübarizə üsulunu uğurlu saymaq mümkün deyil.
Ona görə ki, AXCP-nin MTD-sinin virtual məkanda boy göstərdiyini, rəqibləri psixoloji terrora məruz qoyaraq üstələdiyini görüncə başqa partiyalar da bənzər şəkildə MTD-lər, virtual qruplar yaratdılar.
Bu, çətin deyildi. Çünki artıq hər evdə televizor olduğu kimi, hər evdə də internetə qoşulu kompüter və ya telefon vardı – sosial şəbəkəyə üzv olmaq 10 dəqiqəlik, özünə geniş “dostlar qrupu” toplamaq isə 10 günlük iş idi.
Belə olduqda AXCP-nin MTD-sinin işi xeyli çətinləşdi. İndi onlarla başabaş mübarizə aparanlar, söz güləşdirənlər vardı. Hər kəs virtual səngərdəydi.
5-6 il öncə müxalifət qüvvələri icazəli və ya icazəsiz mitinq keçirəndə virtual məkanda “səngərə sinib” aksiyanın gedişini izləyənlər, status, şərh yazanlar aksiyaya qatılanların 10 misli qədər olurdu.
Artıq mitinq meydanının mərkəzinə toplaşıb xorla liderin adını hündür səslə hecalayaraq qışqırmaq mərhələsi arxada qalmışdı, indi liderin sosial şəbəkədəki statusunun altında şərh yazmaq, o statusu bəyənmək mərhələsi başlamışdı. Hansı liderin statusu daha çox “like” toplayacaqdısa, demək, müxalifətin lideri o olmalıydı. Düşüncə və strateji məqsəd beləydi.
Ancaq buna təbii yolla nail olmaq çətin idi. Ona görə də bir adamın sosial şəbəkədə 3-4, bəzən daha çox hesab açıb-işlətməsi tələb olunurdu.
Beləcə, cəmi 150-200 nəfərdən ibarət MTD-lər elə görüntü yarada bilirdilər ki, sanki minlərlə şəxs bir lideri dəstəkləyir, bəyənir.
Virtual məkandakı bu görüntü elə bir hala çatdı ki, axırda hakim partiya YAP da bu platformada fəaliyyətini mütəşəkkilləşdirməyə girişdi. Partiyanın rəhbərləri öz tərəfdarlarına sosial şəbəkədə hesablar açmaq, müxalifətlə mübarizəni virtual məkanda gücləndirmək üçün çağırışlar etdilər.
Hazırda hər bir çoxsaylı partiyanın MTD-si var. Kiçik partiyaların MTD-si isə xeyli kiçikdir.
Fuad Qəhrəmanlının başına gələn hadisə və onun sonrakı nəticələri bu sahədəki eybəcərliyi üzə çıxardı. Birincisi, məlum oldu ki, indiyə qədər AXCP ilə müttəfiq kimi görünən bəzi qüvvələr (insan və qadın hüquqları üzrə ixtisaslaşmış QHT-lər, fəallar) öz xüsusi MTD-lərinə malikdirlər və indi onların maraqları toqquşub.
İkincisi isə ortaya bütün bu şəbəkənin mövcudluğunu, fəaliyyət üsullarını faş edən səs yazısı çıxdı.
O səs yazısının ortaya çıxmasının qanuniliyi başqa söhbətdir. Güman ki, onu MTD üzvü olan, amma indiki mərhələdə AXCP və onun lideri ilə mövqeyi toqquşan fəallardan biri mediaya sızdırıb. Ancaq səs yazısında AXCP-nin MTD-sinin mübarizə metodları açıq-aşkar faş edilir, üstəlik, işlərin yaxşı getmədiyi anlaşılır.
“Əsəbiləşməmişəm… amma əsəbimdən partlayıram” deyən adam nəyə görə əsəbiləşdiyini büruzə verir və aydın olur ki, artıq bu üsulla mübarizə də effektiv deyil.
Bəli, Azərbaycan elə bir ölkədir ki, burada siyasi mübarizənin bütün üsulları sınaqdan çıxarılır, daha dəqiqi imitasiya edilir. Ancaq heç kəs böyüklük iddiasını, liderlik ambisiyasını boğa bilmədiyi üçün heç vaxt səmimi birliklər qurmaq olmur.
Ölkənin demokratik düzənə qovuşması, ölkədə haqq-ədalətin bərpası üçün canını, gəncliyini verənlərin fədakarlığına hayıf oldu…