Düz 45 ildir futbola baxıram. İndiyə qədər başımın tükü sayı futbol matçına baxmışam. “Başımın tükü sayı” gözünüzə çox görünməsin. Saç o saç deyil, xeyli seyrəlib.
Ciddisinə qalanda sizə Kiyev “Dinamo”sunun 1973-cü il heyətini adbaad saya bilərəm: Dolmatov, Veremeyev, Konkov, Troşkin, Muntyanu, Buryak, Bloxin, Rudakov. Pelenin oyununa yaşım çatmadı, amma Kempesi, Alonsonu, Zikonu şortikli gördüm. Bizim Banişevskinin oyunu bugünkü gün kimi yadımdadır. Maradona, Platini, Hacı, Qullit yaddaşımda “dünənin uşaqları” kimi qalıb.
Dediyim odur ki, 45 ildir baxdığım futbolda hələ bir dəfə də görməmişəm ki, meydana heç-heçə etmək üçün çıxan komanda meydanı qələbə ilə tərk eləsin. Mümkün deyil. Hətta heç-heçə etmək üçün meydana girən komanda yüzdə 75 (təxminən) halda meydandan uduzub çıxır, yalnız 25 halda məqsədinə yetir.
Meydana az qol buraxmaq üçün çıxan komandaya azı 3 qol vururlar. Məqsədi oyunu 0:0-la bitirmək olan komandaya lap axırıncı dəqiqədə də olsa bir qol vururlar – yenə 100-də 75-80 halda.
Bu 45 ildə görməmişəm ki, birinci hissədə rəqibinin qapısından 3 qol keçirən komanda ikinci hissədə hesabı qorumaq istəsin və öz qapısında 3, bəzən isə 4 qol görməsin. Əgər həmin komanda birinci hissədə oynadığı kimi oynasa rəqibinin qapısına daha 3-4 qol da vurur, yox, hesabı qorumaq istəyirsə, mütləq ona vururlar.
Özü də 3:0 hesabıyla irəlidə olan komandanın hesabı qorumağa çalşdığını ikinci hissənin ilk beş dəqiqəsində rəqib futbolçular və məşqçilər də görür, stadiondakı 30-40 min azarkeş də, şərhçilərin trivial ifadəsi ilə desək, ekranı başında matç izləyən milyonlarla futbolsevər də. Azarkeşlərin bunu bilməsiylə rəqib futbolçuların bilməsinin arasındakı fərq odur ki, ikincilər durumu anlayan kimi həvəsə gəlir, irəli atılırlar və yenə futbol icmalçılarının təbirincə desək, möhtəşəm geri dönüş edirlər.
Əslində heç bir “geri dönüş”dən, uduzmaqda olan komandanın baş məşqçisinin oyunçuları motivasiya (danlamaq, ruhlandırmaq, qaz vermək və s.) etməsindən asılı deyil, onlara bu şəraiti udmaqda olan komandanın məşqçisi öz yetirmələrinə “uşaqlar, üç dənə vurduq, bəsdir, siz çalışın, hesabı qoruyun, müdafiəyə fikir verin, irəli çıxmayın, oyunun vaxtını aparın” deyərək yaradır.
Ona görə də tez-tez oyunlarda belə halların şahidi oluruq. Oyunun 80-ci dəqiqəsidir, A. komandası 3:2 hesabıyla irəlidədir, rəqib hücum edir. Udan komandanın oyunçuları aut atışını yeddi dəfə qıcandıqdan sonra atır, qapıçı topu oyuna daxil etmək üçün 20-30 saniyə çəməndə rahlayır, hücumçu böyründən yel ötən kimi özünü yerə atıb qıvrılır, əliylə tibbi yardım çağırır, dəyişilən oyunçu meydandan tısbağa sürəti ilə çıxır və sair və ilaxır. Elə ki, udan komandanın qapısına bir qol vurdular, rollar dəyişir, bayaqdan topu oyuna 30 saniyədən sonra daxil edən qapıçı bu dəfə bir göz qırpımında irəli vurur. O biri oyunçular da eləcə.
Ancaq hesab qorumayan, vurduqca vuran komandalar da var. Məsələn, 2014-cü ildə Braziliyada keçirilən futbol mundialında Almaniya millisi Braziliyanın tərifli “pentakampeon” (beş dəfə dünya çempionu olanlara elə deyirlər) komandasına penta (5) qol vurduqdan sonra qərara gəlib ki, daha bəsdir, çox vurmasınlar, nə də olmasa, ev yiyəsidirlər. Tərs kimi, alman oyunçular bu xüsusda məsləhətləşəndə Şurle soyadlı bir oyunçu kənarda olub (ola bilər, butsusunun bağını bağlayırmış), söhbəti eşitməyib, nəticədə iki qol da o vurub və oyun 7:1 hesabıyla başa çatıb. Halbuki Şurle də Müller, Kloze, Özil və Götze kimi “pentakampeon”lara bir az rəhm etsəydi, onlar özlərinə gələcək, dirəşib 2-3 qol vuracaqdılar.
Srağagün “Qarabağ” Kipr komandasına ona görə uduzdu ki, meydana heç-heçə etmək üçün çıxmışdı. Oyunun ilk 5 dəqiqəsindəcə 45 ilin azarkeşi kimi məndə bu qənaət yarandı ki, bizimkilər oynamırlar, yola verirlər, hesab qoruyurlar. Şahidim də var, sevimli komandamın uduzacağını, növbəti mərhələyə çıxmayacağını “Qarabağ”- APOEL matçının birinci 10 dəqiqəsində dedim və axıracan oturub proqnozumun yanlış çıxmasını uma-uma oyuna baxdım. Təəssüf ki, illərin təcrübəsi qalib gəldi.
Futbolda ustalıqla bərabər bir həlledici amil də var – əzm.